Logo
news content
User
Kateqoriyalar

Analitika

Varlıdan da varlı
Pandemiya dövründə ən zəngin adamlarının varidatı iki dəfədən çox artıb   

Koronavirus pandemiyası dövründə dünyada sosial bərabərsizlik daha da artıb. Bu barədə kasıblıq probleminin həlli ilə məşğul olan Oxfam qeyri-kommersiya təşkilatının hesabatında deyilir. Oxfam-ın məlumatına görə, 2020-ci ilin yazından dünyanın on ən varlı adamının varidatı 2 dəfədən çox – 700 milyard dollardan 1,5 trilyona qədər artıb.

Eyni zamanda, hesabatda qeyd edilir ki, aclıqdan, gender zorakılığından və tibbi kömək almaq imkanının məhdud olması səbəbindən hər gün  dünyada 21 min nəfər ölür.

Oxfam-ın icraçı direktoru Qabriel Buxer deyir: “Tamamilə aydındır ki, belə davam edə bilməz. Biz gördük ki, bu il ərzində insanların böyük əksəriyyəti pandemiyadan əziyyət çəkdiyi bir zamanda milyarderlər kosmosa uçurdular. Problemi necə həll etmək olar – varlı insanların gəlirlərinə proqressiv vergilər tətbiq etmək lazımdır. Bu, insanların pandemiyaya qalib gələ bilməməsi, səhiyyə sisteminin və əsas xidmətlərin əlçatan olmamasına gətirib çıxaran bir sıra səbəbləri aradan qaldırmağa kömək edə bilər”.

Hazırda Tesla və Space şirkətlərinin əsasını qoyan İlon Mask planetin ən varlı adamı sayılır. Reytinqdə ikinci yerdə Amazon-un yaradıcısı Ceff Bezos, üçüncü yerdə isə LVMN holdinqinin sahibi Bernar Arnodur. Milyarderlərin ilk onluğuna Mark Zukerberq (Facebook) və Bill Qeyts də daxildirlər. Ekspertlər qeyd edirlər ki, dünyanın ən varlı adamlarının varidatı fond bazarlarında qiymətlərin qalxması, şirkətlərin fəaliyyətinin kifayət qədər tənzimlənməməsi, monopoliyanın güclənməsi və nəzarətsiz özəlləşdirmə nəticəsində daha da artır.(Euronews)