Logo
news content
User
Kateqoriyalar

Analitika

Vahiməli statistika
Ölənlərin üçdə biri pensiya yaşına çata bilmir

Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı son məlumatlar Azərbaycanda erkən ölüm hallarının acınacaqlı miqyasını ortaya qoyub. Məlumata görə, 2025-ci ildə ölkədə əmək qabiliyyətli yaşda olan 19 min 977 nəfər dünyasını dəyişib. Bu göstərici 2024-cü illə müqayisədə 3 471 nəfər çoxdur və erkən ölümlərin ilbəil artdığını göstərir.

Əmək qabiliyyətli yaşda vəfat edənlərin 13 613 nəfərini kişilər, 6 364 nəfərini isə qadınlar təşkil edib. Qeyd edək ki, 2025-ci ildə ölkədə kişilər üçün əmək qabiliyyətli yaş 15-64, qadınlar üçün isə 15-63,5 yaş aralığı qəbul edilib.

Statistikaya əsasən, 2025-ci ildə ölkə üzrə ümumilikdə 59 834 ölüm halı qeydə alınıb. Bu o deməkdir ki, dünyasını dəyişən hər üç nəfərdən biri pensiya yaşına çatmadan həyatla vidalaşıb. Analoji dövrdə ölkə üzrə 39 208 nəfərə yeni əmək pensiyası (o cümlədən yaşa görə) təyin edilib. Ortaya çıxan mənzərə göstərir ki, pensiyaya çıxanların sayı əmək qabiliyyətli yaşda vəfat edənlərin sayından cəmi iki dəfəyə yaxın çoxdur.

Rəqəmlər göstərir ki, əmək qabiliyyətli yaşda ölənlərin 68%-dən çoxu kişilərdir. Mütəxəssislər kişilər arasında ölüm göstəricisinin qadınlarla müqayisədə iki dəfədən də çox olmasını bir neçə əsas amillə izah edirlər:

Sosial-psixoloji gərginlik və ailə qayğıları ilk sırada gəlir. Ölkədə ailənin əsas maddi təminatçısı rolunu çox vaxt kişilər üzərinə götürür ki, bu da xroniki stressə, yuxusuzluğa və hipertoniyaya gətirib çıxarır.

Ağır fiziki əmək və zərərli vərdişlər insanların erkən həyatdan getməsində az rol oynamır. Tikinti, nəqliyyat və ağır sənaye sektorunda çalışanların mütləq əksəriyyəti kişilərdir. Həmçinin tütün və alkoqollu içkilərdən istifadə göstəricisi kişilərdə kəskin yüksəkdir.

Bundan başqa, kişilər xəstəliyin ilkin simptomlarına daha laqeyd yanaşır və həkimə yalnız xəstəlik sonuncu - ağırlaşmış mərhələyə çatdıqda müraciət edirlər.

Qeyd edək ki, vəfat edənlərin 33%-nin pensiya yaşına çatmamasının digər tərəfi isə sosial sığorta sistemindəki suallarla bağlıdır. Vətəndaş 30-40 il ərzində əməkhaqqısından Dövlət Sosial Müdafiə Fonduna (DSMF) məcburi ayırmalar edir, lakin pensiya yaşına çatmadan vəfat etdikdə bu vəsaitin böyük hissəsi pensiya kapitallaşması şəklində fondda qalır. Şəxsi hesabda toplanan kapitalın varislərə tam həcmdə və asanlaşdırılmış qaydada ötürülməsi mexanizminin zəifliyi bu statistikadan zərər çəkən ailələrin sosial vəziyyətini daha da ağırlaşdırır.

Rəsmi göstəricilər və səhiyyə statistikası ölkədə erkən ölümlərin strukturunu dəqiqliklə ortaya qoyur. Azərbaycanda ümumi ölüm hallarının yarıdan çoxu - təxminən 55-60%-i məhz ürək-damar sistemi xəstəliklərinin (infarkt, insult, ürək çatışmazlığı) payına düşür. Xüsusilə cavanlar arasında oturaq həyat tərzi, stress, zərərli vərdişlər, keyfiyyətsiz və transyağlarla zəngin qidalanma, eləcə də energetik içkilərdən kütləvi istifadə infarktı hiss olunacaq dərəcədə gəncləşdirib.

Ümumi ölüm göstəricilərində ikinci əsas səbəb bədxassəli yenitörəmələrdir (təxminən 15-16%). Rəsmi məlumatlara görə, hər il ölkədə 9 mindən çox şəxs xərçəng xəstəliyindən dünyasını dəyişir, xərçəng xəstəsi kimi qeydiyyatda olanların sayı isə 74 min nəfəri ötüb. Əsas problem isə erkən diaqnostikanın, xüsusən regionlarda aşağı səviyyədə olmasıdır.

Vurğulayaq ki, şəkər xəstəliyi birbaşa ölüm səbəbi olmaqla yanaşı, infarkt, insult və böyrək çatışmazlığının əsas tətikləyicilərindəndir.

İllik statistikaya əsasən, ölkə yollarında baş verən avtoqəzalarda hər il 500-dən çox şəxs həyatını itirir, minlərlə insan isə əlil olur. Həyatını itirənlərin mütləq əksəriyyəti məhz 18-45 yaş arası əmək qabiliyyətli gənclərdir. Bundan başqa, psixoloji təzyiqlər, sosial-iqtisadi gərginlik, depressiya və kəskin stress fonunda hər il yüzlərlə intihar və ya qəfil ürəktutması halları qeydə alınır.

Problemin daha məyusedici tərəfi erkən ölüm yaşının gəncləşməsidir. Təkcə ötən tədris ili ərzində 200-dən artıq tələbənin vəfat etməsi gənc nəslin fiziki və psixoloji sağlamlığı ilə bağlı təcili profilaktik tədbirlərin görülməsini, universitetlərdə psixoloji xidmətlərin və mütəmadi tibbi müayinələrin təşkilini zəruri edir.

Dünya Səhiyyə Təşkilatının (DST) standartlarına əsasən, inkişaf etmiş ölkələrdə pensiya yaşına çatmadan ölənlərin payı ümumi ölümlərin 12-15%-dən çox olmamalıdır. Azərbaycanda bu göstəricinin 33%-ə çatması ölkənin profilaktik təbabət, əmək mühafizəsi, qida təhlükəsizliyi və sosial müdafiə siyasətinə kəskin şəkildə yenidən baxılmasını tələb edir.

Turqut