Vahid Əziz: “Biz otuz il səbr etdik”
19 Oktyabr 2020
Müharibə günlərində növbəti həmsöhbətimiz xalq şairi, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Vahid Əzizdir.
- Vahid müəllim, Qarabağ müharibəsinin anidən başlaması Sizin üçün gözlənilən idimi?
- Qarabağ müharibəsinin anidən başlaması bizim üçün gözlənilməz deyildi. Azərbaycan xalqı 30 il dözdü və nəhayət ki, müharibə başladı. Çünki ermənilər azğınlaşmağa başladılar. Onlar heç bir atəşkəsə riayət etməmişdilər, indi də etmədilər. Azərbaycan illərdir buna dözürdü. Ermənilər gördülər ki, biz susuruq, azğınlaşıb, Tovuzu da atəşə tutdular. Ölkə başçımızın dediyi ki, havadarları ermənilərin başını xarab etdi və Tovuz atəşə tutulduqdan sonra xalq artıq buna dözmədi.
- Aparılan əməliyyatlar nəticəsində bir çox yaşayış məntəqələrimiz işğaldan azad olunub. Sizcə, hərbi əməliyyatlar davam etməlidir, yoxsa Minsk Qrupu çərçivəsində danışıqlar prosesi bərpa olunmalıdır?
- Hərbi əməliyyatlar davam etməlidir. Möhtərəm prezidentimizin dediyi kimi, əgər Ermənistan dövləti öz bandit dəstələrini Azərbaycan ərazisindən çıxarmaq vədi versə və bununla bağlı qrafik tədqim etsələr ki, bu tarixdə bu ərazilərdən, bu tarixdə digər ərazilərdən çıxacağıq, o zaman atəşkəs elan oluna bilər. Amma bunlar burdan atəşkəs istəyir, o biri tərəfdən Gəncəyə, Mingəçevirə, Ordubada bomba atırlar. Əgər ermənilər buna razılaşarlarsa, yəqin ki, dövlət başçımız göstəriş verər ki, atəşkəs olsun. Yox, əgər dayanmasalar, müharibə davam etməlidir. Düz Ermənistanın sərhədinə qədər rədd olub, bir-bir qırılıb, getməlidirlər. Bizim ordumuz buna qadirdir, Azərbaycan Ordusu öz gücünü göstərdi.
- Bölgənin böyük gücü olan Rusiyanın hazırda bu məsələ ilə bağlı mövqeyini necə qiymətləndirirsiniz?
- Rusiya hər iki ölkə ilə danışıqlar apardı. Ermənilər bu dəfə də öz mənfur hiylələrini işə keçirdilər. Lavrov yenidən Ermənistan xarici işlər nazirini çağırdı, görünür ki, ona yaxşı dərs vermədi. Yaxşı dərs versəydi, onlar yenidən qudurğanlıq etməzdi. Görünür ki, Lavrovun özünün dərsini vermək lazımdır. Azərbaycan xalqı qürdətli xalqdır. Biz döyüşməliyik. Bu gün Azərbaycan Ordusu ona görə qalib gəlir ki, onun əsgərləri ermənilərin yetim qoyduğu uşaqlardır. Otuz il bundan əvvəl ermənilərin didərgin saldığı, ata, analarını öldürdüyü, yetim, ana bətnində mərmi səsləri eşidən uşaqlardır ermənilərə qarşı döyüşənlər. Bunlarda həm Vətən məhəbbəti, dövlətə sədaqət, həm də ermənilərə nifrət və kin var.
- Qarabağ müharibəsi mövzusunda şeir yazmaq düşüncəniz varmı?
- Qarabağ mövzusunda o qədər şeirlər yazmışam ki... Məhz bu dönəmlərdə də TV kanallarında həmin şeirləri səsləndirmişəm.
- Hazırkı mərhələdə həmvətənlərinizə nə deyə bilərsiniz?
- Azərbaycan xalqı yenilməz, tarixi, yeri-yurdu olan xalqdır. Biz didərgin millət deyilik. Bizim öz torpaqlarımız, yurdumuz var. Böyük Ermənistan xülyasını ortaya atanlar isə erməni xalqını bədbəxt ediblər.