Logo
news content
User
Kateqoriyalar

Analitika

Türkiyənin Ukraynaya güclü dəstəyi nə deməkdir?
“Ədalətli sülhdə uduzan tərəf olmur”

Ukrayna Prezidenti Volodimir Zelenski 2022-ci il fevralın 24-dən, Rusiyanın Ukraynanı işğal etmək cəhdinə başladığı gündən bəri Türkiyəyə ilk səfərini cümə günü axşam edib. Səfər işğal cəhdinin 500-cü gününə təsadüf edib.

Prezident Recep Tayyip Erdoğan və Zelenski nümayəndə heyətləri arasında, daha sonra təkbətək danışıb və mətbuat konfransında müzakirə etdikləri məsələləri ictimaiyyətlə bölüşüblər. Səfər çərçivəsində iki ölkə arasında strateji sənayelər sahəsində Anlaşma Memorandumu imzalanıb.

NATO üzvlüyünə "sürpriz" dəstək

Recep Tayyip Erdoğanın açıqlamalarında ən diqqət çəkən məqamlardan biri “Ukrayna NATO üzvlüyünə layiqdir” hissəsi olub.

Zelenski 11-12 iyulda keçiriləcək NATO liderlərinin Vilnüs sammitində ölkəsinin NATO-ya üzvlüyü ilə bağlı aydın mesaj və rəsmi dəvət istəyir.

ABŞ və Almaniya kimi aparıcı NATO üzvləri müharibənin davam etdiyi bir vaxtda belə bir addım atılmasının tərəfdarı deyil. Bəzi digər üzvlər də bu istiqamətdə prosesin “müharibə bitdikdən sonra” qiymətləndirilməsinin tərəfdarıdır.

Ankaranın əsas siyasəti, qaynar münaqişənin davam etdiyi bir mühitdə Ukraynanın üzvlüyünün çox da real olmayacağına işarə edir.

Bu səbəbdən Erdoğanın bunu açıq şəkildə dəstəkləməsi diqqətəlayiq bir addım olaraq qiymətləndirilir.

Ancaq bu məsələdə alyans daxilində dəqiq mövqenin olmaması və xüsusən də ABŞ-ın münasibətinin dəyişməməsi fonunda sammit zamanı Ukraynanın üzvlüyünə zəmin yaradacaq qərarın veriləcəyi gözlənilmir.

İsveçə fərqli münasibət

Zelenski ilə görüşdən saatlar əvvəl İstanbulda etdiyi çıxışda Erdoğan qeyd edib ki, İsveçin gözlədiyi təsdiq hələ də çətin vəziyyətdədir. Lakin bunu deyərkən Türkiyənin NATO-nun açıq qapı siyasətini dəstəklədiyini və 2022-ci ilin iyununda imzalanmış üçtərəfli sazişə əməl edən Finlandiya üçün martın sonunda Ankaranın alyansa qoşulmaq üçün yaşıl işıq yandırdığını xatırladıb.

Eyni zamanda Ukraynanın tamhüquqlu üzvlüyə layiq olduğunu bildirən Erdoğan Türkiyənin genişlənmə perspektivinə uyğun hərəkət etdiyini bir daha dilə gətirib.

NATO-nun Vilnüs sammiti öncəsi mesajlar

Erdoğanın Ukrayna ilə bağlı verdiyi güclü mesajlar təkcə NATO-ya üzvlüklə bağlı deyil.

Rusiyanın başlatdığı müharibənin qəbuledilməz olduğunu, Ukrayna dövlətinin və xalqının öz torpaqlarını qorumaq üçün mübarizə apardığını bildirən Erdoğan Türkiyənin həm müharibə zamanı, həm də ondan sonra ölkənin yenidən qurulmasında Ukraynanın yanında olacağını vurğulayıb.

Türkiyə və Ukrayna 2014-cü ildə Krımın işğalından sonra xüsusilə müdafiə sənayesində intensiv əməkdaşlıq ediblər. Tank mühərriki və vertolyot istehsalı kimi sahələrdə ortaq layihələrlə yanaşı, müharibənin başlamasından dərhal sonra pilotsuz uçuş aparatları (PUA) və silahlı pilotsuz uçuş aparatları (SİHA) ön plana çıxıb.

Ötən gün imzalanan Strateji Sənayelər sahəsində Anlaşma Memorandumu çərçivəsində Erdoğanla müxtəlif layihələri müzakirə etdiklərini qeyd edən Zelenski, “Ukrayna və Türkiyə bu layihələri birlikdə həyata keçirə bilər. Bu cür əməkdaşlıqlar həm müdafiə sənayesi əməkdaşlığı və texnologiyanın inkişafı, həm də PUA istehsalı və digər strateji sahələri əhatə edir”.

Ukrayna lideri Türkiyəyə dəstəyinə görə də minnətdarlıq edib.

Türkiyənin Ukraynaya bu dəstəyi həm də İsveçin üzvlüyünə görə Ankaraya qarşı tənqidlərin və təzyiqlərin artdığı bir dövrə təsadüf etməsi ilə diqqət çəkir. Bu tənqidlərin mənbəyi İsveçin üzvlüyünün ləngiməsinin Rusiyaya fayda verməsi iddiaları və Ankara ilə Moskva arasında ikitərəfli iqtisadi, enerji və siyasi əməkdaşlığın dərinləşməsidir.

Vilnüs sammitində Zelenski ilə görüşündə verdiyi mesajları təkrarlaması gözlənilən Erdoğanın bununla Türkiyəyə qarşı bu təəssüratı dəyişməyə çalışdığı bildirilir.

Hər iki tərəflə dialoq aparmaq

Erdoğanın digər mühüm mesajı isə Rusiya Prezidenti Vladimir Putinin avqustda Türkiyəyə səfər edəcəyi ilə bağlı olub.

Səfər baş tutarsa, bu, Putin müharibə başlayandan bəri ilk dəfə NATO ölkəsinə səfər etməsi demək olacaq.

Beləliklə, Türkiyə tənqidlərə baxmayaraq, hər iki tərəflə görüşə bilən nadir ölkələrdən biri statusundan geri çəkilməyəcəyini nümayiş etdirmiş olacaq.

Prezident Erdoğanın sözlərinə görə, Türkiyənin Putin və Zelenski ilə dialoqu çərçivəsində üç mühüm prosesin müzakirəsi gedir.

Bunlardan başlıcası atəşkəs və daimi sülh müqaviləsi üzrə danışıqların başlanmasıdır.

“Ədalətli sülhün uduzanı yoxdur” ifadəsini işlədən Erdoğan Türkiyənin, bu mərhələyə çatacağı təqdirdə dəstək verməyə hazır olduğu mesajını da verib.

İkinci proses əsirlərin mübadiləsidir ki, Türkiyə ötən il Ukrayna ilə Rusiya arasında hərtərəfli əsir mübadiləsinin həyata keçirilməsində mühüm rol oynayıb.

Taxıl dəhlizi davam edəcəkmi?

Üçüncü və daha vacib məsələ 2022-ci ilin iyulunda başlayan Qara Dəniz Taxıl Təşəbbüsünün davam etdirilməsidir.

Türkiyə və BMT-nin təşəbbüsləri ilə reallaşdırılan taxıl təşəbbüsü müharibə səbəbindən dünyada taxıl, gübrə və digər məhsulların tədarükünün azalması və ərzaq qiymətlərinin artımıyla əlaqədar Ukrayna və Rusiya ilə iki ayrı razılaşmanı ehtiva edir.

Taxıl sazişi bu ayın 17-də bitir və Türkiyə və BMT problemin öhdəsindən gəlmək üçün Rusiya və digər müvafiq aktyorlarla işləməyə davam edir ki, müqavilə uzadılsın.

Taxıl dəhlizinin davam etdirilməsi Türkiyənin Ukrayna-Rusiya müharibəsində rolunun davam etdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Türkiyə müharibə başlayandan dərhal sonra Montrö Boğazları Konvensiyasına uyğun olaraq, hərbi gəmilərin Bosfor və Çanaqqala boğazlarından keçməsini qadağan etib və müharibəni Qara dənizə keçməsinə qarşı siyasətini davam etdirib.

Mənbə: BBC Azərbaycan