Logo
news content
User
Kateqoriyalar

Analitika

TRİPP-ə qarşı “İran qripi”...
ABŞ, Azərbaycan və Ermənistan qrup yaratdı, Tehrandan İrəvana hədə-qorxu gəldi

Amerika Birləşmiş Ştatları, Ermənistan və Azərbaycan regional əməkdaşlığı və TRIPP layihəsini irəli aparmaq məqsədilə üçlü texniki planlaşdırma qrupunun yaradıldığını elan ediblər.

Üç ölkənin birgə bəyanatı ABŞ-nin dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Brendan Hanrahan, həmçinin Ermənistan və Azərbaycan xarici işlər nazirinin müavinləri Vahan Kostanyan və Elnur Məmmədovun adından yayımlanıb.

Bəyanatda vurğulanır ki, üçlü texniki planlaşdırma qrupu formatı hər üç ölkədən siyasətçiləri və texniki mütəxəssisləri bir araya gətirərək regionda uzunmüddətli sabitliyə, iqtisadi dayanıqlığa, regional əlaqələrə və ticarət rifahına töhfə vermək üçün əməkdaşlıq etmələrinə şərait yaradacaq. Bu format həmçinin Prezident Donald Trampın vasitəçiliyi ilə 2025-ci il avqustun 8-də keçirilmiş Sülh Zirvəsinin əsas Bəyannaməsinin əhəmiyyətini bir daha təsdiqləyir.

Tərəflər ilk növbədə nəqliyyat və elektrik enerjisinin ötürülməsi sahələrində üçlü texniki qrupların yaradılması barədə razılığa gəliblər. Eyni zamanda, layihənin tətbiqi mərhələlərinə keçid üçün mühüm addım kimi TRIPP-in bütün komponentlərinin mümkün qədər tez həyata keçirilməsini təmin etmək üçün qarşılıqlı öhdəliklər təsdiqlənib.

Xatırladaq ki, TRIPP Ermənistanın cənubundakı Zəngəzur bölgəsindən keçməklə Naxçıvanı Azərbaycanın əsas hissəsinə bağlamağı hədəfləyən, dəmir yolu, avtomobil yolu, boru kəmərləri, enerji və internet xətlərini əhatə edən genişmiqyaslı infrastruktur layihəsidir. 

Ötən həftə isə Ermənistan parlamenti ABŞ ilə əldə olunmuş TRIPP strateji sazişini təsdiqləyib.

ABŞ-nin birbaşa dəstəyi ilə Azərbaycan və Ermənistanın TRIPP layihəsinin reallaşdırılması istiqamətində praktiki müstəviyə - üçlü texniki qrupların yaradılması mərhələsinə keçməsi Cənubi Qafqazda güc balansının dəyişdiyini göstərir. Bu proses bölgənin ənənəvi oyunçuları olan Rusiya və İranın sərt reaksiyasına və ciddi narahatlığına səbəb olur.

Tehran başlanğıcdan bəri Ermənistanın cənubundan keçəcək kommunikasiya xətlərinə strateji təhlükə kimi baxır. İranın Ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti "Ettelaat" qəzetində dərc olunan məqaləsində Ermənistan rəhbərliyini, xüsusilə Baş nazir Nikol Paşinyanı sərt şəkildə hədəf alıb.

Vilayəti açıq şəkildə bildirib: Tramp və onun müttəfiqləri İranın bu qırmızı xəttini keçmək istəsələr, biz onların ayaqlarını qıracağıq”.

Tehran Qafqazın həmişə İran üçün təhlükəsizlik buferi olduğunu iddia edərək, Zəngəzur dəhlizi və ya TRIPP çərçivəsində sərhədlərdə baş verən dəyişiklikləri birbaşa milli təhlükəsizliyinə təhdid kimi qiymətləndirir. İranlı rəsmi Ermənistan hakimiyyətinin Qərbin siyasətinə uyğun hərəkət etməsini tənqid edərək, İrəvanın bu addımlarının ölkəni daxili parçalanmaya aparacağını iddia edib.

İranın qəzəbi nəyi dəyişə bilər? Əli Əkbər Vilayətinin dilindən səsləndirilən bu hədələyici ritorika Tehranın Cənubi Qafqazdakı proseslərdən nə qədər narahat olduğunu və əlində qalan təsir imkanlarını itirmək qorxusu yaşadığını nümayiş etdirir.

Azərbaycan və Ermənistanın ABŞ-nin vasitəçiliyi ilə iqtisadi və nəqliyyat əlaqələrini bərpa etməsi İranı regiondakı əsas tranzit xətlərindən kənarda qoyur. İranın sərt bəyanatları isə əslində onun bu prosesə mane olmaq üçün diplomatik və siyasi alətlərinin getdikcə tükəndiyinin göstəricisidir.

Azərbaycanla sülhə doğru irəliləyən və Qərblə inteqrasiyanı gücləndirən İrəvan Tehranın təzyiqlərinə baxmayaraq, strateji kursundan geri çəkilmir. Bu cür sərt hədələr isə əksinə, Ermənistanın İrandan daha çox uzaqlaşmasına və Qərbə yaxınlaşmasına zəmin yaradır.

Rusiyaya gəldikdə, məlumdur ki, Moskva uzun müddət Cənubi Qafqazda kommunikasiyaların açılması məsələsində monopoliyanı əlində saxlamağa çalışırdı.

Lakin TRIPP formatının ABŞ-nin aktiv iştirakı ilə reallaşması Rusiyanın bölgədəki təsir imkanlarını xeyli zəiflədir. Kremlə yaxın dairələr və erməni müxalifəti bu prosesi "suverenliyin itirilməsi" kimi təqdim etməyə çalışsa da, rəsmi İrəvan Qərblə inteqrasiya xəttindən geri çəkilmir.

Beləliklə, TRIPP layihəsinin hüquqi və texniki mərhələyə keçməsinə baxmayaraq, qarşıda hələ də ciddi maneələr mövcuddur:

Təhlükəsizlik riskləri ilk sırada gəlir. Zəngəzur bölgəsinin coğrafi həssaslığı, İranın sərt ritorikası və regional gərginliklər layihənin təhlükəsizliyinə təsir edə bilər.

Maliyyələşmə və logistika problemləri də həll olunmalıdır. Belə ki, dəmir yolu, avtomobil yolu, enerji və boru xətlərini əhatə edən nəhəng infrastruktur paketi böyük investisiyalar və uzunmüddətli maliyyə dayanıqlığı tələb edir.

Üstəlik, dağlıq relyef və mürəkkəb coğrafi şərait tikinti prosesini texniki baxımından çətinləşdirir.

Qeyd olunan proseslər fonunda aydın olur ki, TRIPP layihəsi sadəcə iqtisadi və ya nəqliyyat təşəbbüsü deyil, Cənubi Qafqazda uzun illər mövcud olmuş güc balansını kökündən dəyişən qlobal siyasi layihədir. Moskva və Tehranın ənənəvi təsir rıçaqlarını zəiflədən bu təşəbbüs, region ölkələri üçün yeni iqtisadi imkanlar açmaqla yanaşı, Qərbin dəstəyi ilə sülh gündəliyinin alternativsiz olduğunu göstərir.

İranın sərt hədələri və Rusiyanın gizli-aşkar narahatlıqları prosesi ləngitməyə və ya çətinləşdirməyə çalışsa da, Bakı və İrəvanın Vaşinqtonun vasitəçiliyi ilə atdığı ardıcıl praktiki addımlar TRIPP layihəsinin artıq kağız üzərində deyil, reallıq müstəvisində həyata keçdiyini sübut edir. Regionda sülhün və iqtisadi inteqrasiyanın təmin olunması istiqamətində atılan bu tarixi addım regional oyunçuların müqavimətinə rəğmən gələcəkdə bütün Cənubi Qafqazın simasını dəyişəcək əsas hərəkətverici qüvvəyə çevrilməkdədir.

Turqut