Logo
news content
User
Kateqoriyalar

Analitika

Tofiq Yaqubluya aclığı dayandırmaq təklif olunub

Müxalifətin tanınmış simalarından olan Tofiq Yaqublu 7-ci gündür ki, həbsdə aclığı davam etdirir.

Aldığımız məlumata görə, təcridxanada ona aclığı dayandırmaq təklif olunub və belə davam edərsə, məcburi qaydada qidalandırılacağı haqda xəbərdarlıq edilib. T.Yaqublu isə geri çəkilməyəcəyini, aclığı dayandırmayacağını deyib.

Adətən həbs yerlərində aclıq edənlər müəssisənin tibb hissəsinə yerləşdirilir, həkim nəzarətində saxlanılır. T.Yaqublu isə bir həftədir aclıq etsə də, əvvəl saxlanıldığı kameradadır, heç yerə köçürülməyib. Bu barədə qızı Nigar Həzi məlumat verib: “Aclıq elan etdiyi gündən təcridxananın tibb hissəsinə köçürülməliydi, amma köçürülməyib. Hələ də kamera yoldaşları ilə birlikdədir. Aclıq edən şəxsin orqanizmi zəifləyir, daim həkim nəzarətində olmalıdır”.

N.Həzi sonuncu dəfə atası ilə sentyabrın 7-də danışıb. O, Ədliyyə Nazirliyinə, Penitensiar Xidmətə müraciət edərək, aclıq etdiyi günlərdə ailənin nigarançılığını nəzərə alıb, T.Yaqublunun hər gün telefonla danışmasına şərait yaradılmasını istəmişdi. N.Həzinin sözlərinə görə, başqa məhbuslara hər gün, hətta bəzən gündə iki dəfə yaxınları ilə danışmağa imkan yaradılır, amma T.Yaqubluya münasibətdə bunu etmirlər.

Sentyabrın 8-də vəkil Nemət Kərimli istintaq təcridxanasında T.Yaqublu ilə görüşüb. Vəkil “Press Klub”a bildirib ki, müvəkkilinin səhhətində geriləmə aşkar hiss olunur:

“Halsızdır, çətinliklə yeriyir, amma qətiyyətlidir. Hər gün həkim onu müayinə edir. Təzyiqi ölçülür, vəziyyətinə nəzarət olunur. Bu gün Tofiq Yaqublu deyib ki, üç mərtəbəni qalxmağa halı olmur. O, həkimin kameraya gəlməsini istəyib. Razılıq verilib ki, həkim gəlib kamerada müayinə eləsin, lazımi tibbi yardımı göstərsin”.

T.Yaqublu vəkilinə deyib ki, Ombudsman Səbinə Əliyeva sentyabrın 7-də onunla görüşüb. Siyasi fəalın sözlərinə görə, çəkisi son bir sutka ərzində daha yarım kiloqram azalıb. Sentyabrın 7-də digər vəkili Aqil Layıc bildirmişdi ki, T.Yaqublunun çəkisi 6 gün aclıqdan sonra 91 kiloqramdan 82 kiloqrama düşüb.

Sentyabrın 8-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bir qrup qadın fəalı Binə qəsəbəsində, Femida heykəlinin qarşısında etiraz aksiyası keçirib. Onlar əllərini, ağızlarını bir müddət bağlı saxlayıblar. Daha sonra əllərində  “Tofiq Yaqubluya azadlıq!” və başqa şüarlar yazılan plakatlar qaldırıblar. Həmçinin, alınlarına “Azadlıq!” yazılmış lentlər bağlayıblar. “Əllərimizi, ağzımızı ona görə bağlamışıq ki, ölkədə haqq-ədalət yoxdur. Ədalət istəyənlər Tofiq Yaqublu kimi həbsə göndərilir”, - deyə etirazçılar söyləyiblər.

“Azad Sol İttifaqı” adlı təşkilat sentyabrın 9-da Konstitusiya Məhkəməsinin qarşısında Tofiq Yaqubluya azadlıq tələbi ilə etiraz aksiyası keçirməyi planlaşdırır. Təşkilatın adından Qiyas İbrahimov, Əmrah Təhməzov və Rüstəm İsmayılbəyli sentyabrın 7-də  Bakı şəhər İcra Hakimiyyətinə bu barədə xəbərdarlıq məktubu göndərib.

Gülər