Logo
news content
User
Kateqoriyalar

Analitika

Tofiq Yaqublunun səhhəti pisləşib 

Həbsdə olan Tofiq Yaqublu aclıq aksiyasını altıncı gündür ki, davam etdirir. Vəkil Aqil Layıc bu gün Şüvəlandakı 3 saylı istintaq təcridxanasında onunla görüşüb. A.Layıc aclığın müxalifətçinin səhhətinə kəskin təsir göstərdiyini bildirib.

Vəkilin sözlərinə görə, T.Yaqublu artıq yeriməkdə çətinlik çəkir: 

“Görüş otağına çox gec gəldi. Halı yox idi, əvvəlki kimi yeriyə bilmirdi. Rəngi solmuşdu. Gözləri çuxura düşüb sanki... Deyir ki, çəkisi 91 kilodan 82 kiloya düşüb”.

T.Yaqublu vəkilinə çatdırıb ki, aclıq etməsini onun psixoloji durumu ilə əlaqələndirməyə cəhd göstərirlər. Belə ki, 3 saylı istintaq təcridxanasının rəis müavini Rasim Əsgərov və təcridxananın psixoloqu birlikdə onun yanına gəlib, bu haqda aktı imzalatdırmaq istəyiblər. 

Tofiq Yaqublunun dediyinə görə, aktda iddia olunurmuş ki, o, psixoloji durumu ilə əlaqədar aclıq edir. Amma Tofiq Yaqublu deyib ki, psixoloji durumu qaydasındadır. Onun aclıq etməsinin səbəbi psixoloji durumu deyil, ədalətsizlikdir, məhkəmədə baş verənlərdir. Tofiq Yaqublu aktı imzalamaqdan imtina edib”, - deyə A.Layıc söylədi.

Vəkil T.Yaqublunun 4 il 3 ay azadlıqdan məhrum edilməsi barədə hökmdən apellyasiya şikayəti verib. Müdafiəçi bildirib ki, hökmü almadan, Nizami rayon Məhkəməsində keçirilmiş iclasların protokolları ilə tanış olmadan şikayəti vermək məcburiyyətində qalıb: 

“O sənədləri alandan sonra yaranacaq iradlarımızı apellyasiya şikayətinə əlavə formasında göndərəcəyik. Bizim istədiyimiz odur ki, apellyasiya şikayətinə qısa müddətdə baxılsın, Tofiq Yaqublu azadlığa buraxılsın. Vəziyyət elədir ki, vaxt itirmək olmaz”.

Apellyasiya şikayətində hökmün qanunsuz və əsassız olduğu vurğulanıb. Hökmün ləğvi, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi istənilib.

ABŞ və Böyük Britaniyadan sonra Fransanın Azərbaycandakı səfirliyi də T.Yaqublu haqqında hökmə münasibət bildirib. Səfirliyin açıqlamasında Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasında olduğu xatırladılıb, beynəlxalq öhdəliklərə əməl olunmasının vacibliyi vurğulanıb.

T.Yaqublu sentyabrın 2-dən aclıq aksiyası keçirir. O, sentyabrın 3-də Nizami rayon Məhkəməsinin hökmü ilə 4 il 3 ay azadlıqdan məhrum edilib. Rəsmi qurumlar T.Yaqublunun aclıq etməsi barədə məlumatlara münasibət bildirməyib.

Gülər