Logo
news content
User
Kateqoriyalar

Analitika

Tofiq Yaqublunun məhkəməsi başladı

Müsavat Partiyasının və Milli Şuranın həbsdə olan fəalı Tofiq Yaqublunun işi üzrə məhkəmə istintaqı başladı.

Avqustun 5-də Nizami rayon Məhkəməsində T.Yaqublu haqqında ittiham aktı elan edildi. Amma məhkəmə iclası qalmaqalla yadda qaldı, işə baxan hakim Nəriman Mehdiyev və T.Yaqublu arasında xeyli mübahisələr oldu. Səbəb isə vəkillərin qaldırdığı çoxsaylı vəsatətlərin heç birinin təmin edilməməsi idi.

T.Yaqublunun vəkilləri bildirdilər ki, əllərində onun günahsız olduğunu təsdiqləyən video var. Həmin videoda T.Yaqublunun xəsarət yetirdiyi iddia olunan ər-arvadın əvvəlcədən maşınla gəlib gözlədiyi, qəfildən maşını hərəkət etdirib, T.Yaqublunun dayanmış avtomobilinə çırpdıqları görünür. Vəkillər məhkəmədə vəsatət qaldırdılar ki, bu video sübut kimi iş materiallarına əlavə olunsun.

Vəkillərin hakimdən daha bir istəyi isə zərərçəkmiş qismində tanınan ər-arvadın – Elxan və Cəvahir Cəbrayılovların martın 19-dan 24-nə qədər olan mobil telefon danışıqları və SMS-ləri haqqında məlumatın mobil operatorlardan alınması idi. Cinayət işinin materiallarında T.Yaqublunun saat 15.25-də qəza törədib, daha sonra əks maşındakı sürücü və həyat yoldaşına xəsarət yetirdiyi iddia olunur. Amma elə həmin iş materiallarında da C.Cəbrayılovanın hadisə günü saat 15.21-də Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib, qəza törədildiyi, qarşı tərəfin onları döydüyü barədə məlumat verdiyi görünür.

“Telefon zəngi hadisədən dörd dəqiqə əvvəl olub. Adam hardan bilə bilərdi ki, bir azdan kimsə onların maşınını vuracaq, özlərini döyəcək? Biz hesab edirik ki, bu hadisə əvvəlcədən quraşdırılıb, Cəbrayılovlar da məqsədli şəkildə orada gözləyib. Tofiq Yaqublu hokumətin ünvanına tənqidi çıxış və müsahibələrindən sonra həbs olunub. Əlimizdəki görüntü də onun təxribat nəticəsində həbs edildiyini deməyə əsas verir. Buyursun, ittiham tərəfi həmin şəxslərin təxribatçı olmadığını sübut eləsin. Zənglərin, SMS-lərin siyahısını alın, görək bu adamlar həmin ərəfədə kimlərlə danışıb?!” - deyə vəkil Elçin Sadıqov vəsatətlərini əsaslandırdı.

Amma vəkillərin bu vəsatətlərinə hakim rədd cavabı verdi.

T.Yaqublu bildirdi ki, əgər bu işlə bağlı obyektiv araşdırma aparmaq istəyi olsaydı, ilk gündən onun telefonuna baxış keçirib, həqiqəti ortaya çıxarırdılar:

“Lap əvvəldən müstəntiqə dedim ki, baş verənləri çəkmişəm, mənim telefonumda var. Əgər baxıb, istifadə etməyəcəkdilərsə, telefonumu qanunsuz olaraq, cinayətkarcasına, həyat yoldaşımın əlindən niyə alırdılar? Orada səs yazıları, videogörüntülər var. Ortaya qoyulsa, hər şeyin üstü açılacaq. Sizlərə isə həqiqət lazım deyil. Mantiya geyinməklə hakim olmaq olmur. Siz də məlum kateqoriyalı adamlarla birlikdə bu planın icraçısısınız!”

Hakimin sözlərinə görə, telefonda kod olduğuna görə istintaq dövründə ona baxış keçirmək mümkün olmayıb.

T.Yaqublu hakimin ona “təqsirləndirilən şəxs” deyə müraciət etməsinə də etirazını bildirdi:

“Nə siz hakimsiz, nə də mən təqsirləndirilən şəxsəm. Təqsirləndirilən şəxs hüquq olan yerdə olur. Siz hüququn anasını ağlatmısız. Mən əsir götürülmüş şəxsəm”.

T.Yaqublu anket məlumatları dəqiqləşdiriləndə iş yeri haqda sualı isə belə cavablandırdı: “Qanunsuzluğa, rüşvətxorluğa, saxtakarlığa qarşı mübarizə aparıram...”

Məhkəməi avqustun 7-də ittiham olunanın ifadəsi ilə davam edəcək.

T.Yaqublu martın 22-dən həbsdədir. İttihamda yazılıb ki, Nizami rayonu, “8-ci kilometr bazarı”nın yaxınlığında T.Yaqublunun idarə etdiyi “Toyota Corolla” markalı avtomobil Elxan Cəbrayılovun idarə etdiyi “VAZ-2107” ilə toqquşub: “Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib”.

T.Yaqublunun ittiham olunduğu CM-in 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsində 2 ildən 6 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Gülər