Logo
news content
User
Kateqoriyalar

Analitika

Tofiq Yaqublunun həbsindən verilən şikayətə baxılması ləngiyir

Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu haqqında həbs qərarından martın 25-də apellyasiya şikayəti verilsə də, hələlik ona baxılmayıb. Yubanmanın səbəbi isə budur ki, müdafiə tərəfi martın 23-də onun haqqında həbs-qətimkan tədbiri seçilən məhkəmənin protokollarından narazı qalıb. İddia olunur ki, məhkəmə iclasında baş verənlər, səslənən fikirlər protokolda təhrifedilmiş formada əksini tapıb. Ona görə də vəkil bununla bağlı qeydlərini (iradlarını) yazılı formada məhkəməyə təqdim edib.

T.Yaqublunun ittiham olunduğu xuliqanlıq olayının gerçəkdən baş verməsinə yerli ictimai-siyasi kəsimlə yanaşı, beynəlxalq qurumlar da şübhə ilə yanaşır: ABŞ Dövlət Departamentindən tutmuş, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri, “Human Rights Watch” beynəlxalq insan haqları təşkilatı, Avropa Parlamentində fraksiyası olan Avropa uğrunda Liberallar və Demokratlar Alyansına (ALDE) qədər. Onlar T.Yaqublunun həbsinin siyasi motivli olduğunu vurğulayaraq Azərbaycan rəhbərliyinə onu və başqa siyasi məhbusları azadlığa buraxmaq çağırışları ediblər.

“Mənim indiyə qədər eşitdiklərim cənab Yaqubluya qarşı ittihamların uydurma olduğuna və onun yenidən siyasi məhbus olduğuna işarə edir. Belə görünür ki, Azərbaycan höküməti yeni razılaşdırılmış siyasi repressiya dalğası başladıb”, - AŞPA-nın Azərbaycanda siyasi məhbus məsələləri üzrə məruzəçisi Sunna Evarstdottir belə deyib.

“Azərbaycan hökümətinin koronavirus pandemiyasından siyasi müxalifətə qarşı yeni təqiblər məqsədilə sui-istifadə etməsi məni heyrətləndirir. Hər hansı dövlət başçısının sağlamlıqla bağlı fövqəladə vəziyyətdən hakimiyyətini gücləndirmək üçün sui-istifadə etməsi inanılmazdır”, - deyə AŞPA-nın başqa bir məruzəçisi Sör Rocer Geyl bildirib.

Aprelin 9-da məlum olub ki, “Amnesty International” beynəlxalq insan haqları təşkilatının Amerikadakı ofisi gələn həftədən T.Yaqublu ilə bağlı yeni kampaniyaya başlayacaq. Kampaniya çərçivəsində dünyanın müxtəlif ölkələrindən Azərbaycanın dövlət başçısına “Tofiq Yaqublunu azad edin!” tələbilə məktublar göndəriləcək.

“Əgər Tofiq Yaqublu azad edilməsə, növbəti kampaniya ABŞ hökumətinə və Müdafiə Departamentinə yönəlik tələblərlə bağlı olacaq. Tofiq Yaqublunun həbsində iştirakçı olan Elxan Cəbrayılov “Silk Way” şirkətinin işçisidir. Bu şirkətlə əməkdaşlığın dayandırılması tələb olunacaq”, - deyə T.Yaqublunun qızı Nigar Həzi “Press Klub”a bildirib. Onun sözlərinə görə, atası martın 22-də həbs olunandan bu yana onunla görüşə bilməyiblər, amma telefonla danışırlar. Şüvəlandakı 3 saylı istintaq təcridxanasında olan siyasətçi ailə üzvlərinə oradakı saxlanma şəraitindən narazılığı olmadığını deyib.

T.Yaqublu martın 22-də tutulub, ertəsi gün Nizami rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Bu həbslə əlaqədar Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunur ki, Nizami rayonu, “8-ci kilometr bazarı”nın yanında T.Yaqublunun idarə etdiyi “Toyota Corolla” markalı avtomobil Elxan Cəbrayılovun idarə etdiyi “VAZ-2107” ilə toqquşub: “Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək, Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib”.

T.Yaqublu isə ittihamı rədd edir, sifarişlə ona qarşı təxribat törədildiyini deyir. Onun ittiham olunduğu CM-in 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsində 2 ildən 6 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Xatırladaq ki, T.Yaqublu İsmayıllı hadisələrinin təşkilində günahlandırılaraq, 2013-cü ilin fevralından 2016-cı ilin martına qədər həbsdə olub. O, həmçinin Milli Şuranın ötən il oktyabrın 19-da paytaxtın mərkəzində keçirdiyi icazəsiz mitinqdə iştirakına görə 30 sutka həbsdə saxlanılıb. İnzibati həbs zamanı T.Yaqublu işgəncələrə məruz qaldığını bildirib.