Logo
news content
User
Kateqoriyalar

Analitika

Tofiq Yaqublu: “Telefonumda əvvəldən axıra qədər hadisənin görüntüləri vardı, polis götürdü”

Müsavat Partiyası və Milli Şuranın fəalı Tofiq Yaqublu bildirir ki, həbsinə səbəb olan hadisəni smartfonu ilə çəkmişdi. Həmin görüntülərdə avtomobilinin dayandığı yerdə vurulmasından tutmuş, qarşı tərəfin ona hücum etməsinə qədər, hər şey var idi.

T.Yaqublu bunu aprelin 20-də Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə danışıb. Məhkəmə iclasında onun istintaq dövründə həbsdə saxlanması haqda qərardan verilən apellyasiya şikayətinə baxılıb. Qapalı keçirilən məhkəməyə T.Yaqublunun özünü də gətiriblər. Şikayət təmin edilməyib.

T.Yaqublu bəyan edib ki, onun həbsi siyasi sifarişdir. Səbəb isə sosial şəbəkələrdəki paylaşımları, son olaraq da “Amerikanın səsi” radiosuna verdiyi müsahibədir. Həm “Facebook” statuslarında, həm də müsahibəsində o, hakimiyyəti sərt tənqid edib. “Lap tutaq ki, mən xuliqanlıq etmişdim, polis niyə tələm-tələsik mənim telefonumu götürürdü? Çünki telefonda hadisənin görüntüləri vardı. Əvvəldən-axıra qədər çəkmişdim. Telefonu götürdülər ki, görüntüləri gizlətsinlər, sübutu yox eləsinlər”, - deyə o, söyləyib.

Vəkili Elçin Sadıqov “Press Klub”a bildirdi ki, yaxın günlərdə T.Yaqublunun ev dustaqlığına buraxılması üçün bir də məhkəməyə müraciət edəcəklər. Əgər yenə “yox” cavabı alsalar, ardınca onun haqqındakı həbs qərarından Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərəcəklər.

T.Yaqublunun qızı Nigar Həzi isə atasının səhhətindəki problemlərdən danışıb. Onun sözlərinə görə, atası astma xəstəsidir, təcridxanada havasız yerdə, siqaret çəkən şəxslərin əhatəsində xəstəlik daha da kəskinləşib:

“Ata sağlamlığında problem olanda da şikayətlənmir. Amma telefonla danışanda hiss edirəm. Bir müddət əvvəl telefonla danışanda elə öskürürdü ki, nə dediyini başa düşmək olmurdu. Kamera yoldaşları siqaret çəkir, astma xəstəsi olan adama pis təsir edir. Həbsxanadır, adamlara deyə bilməzsən ki, çəkmə. Ümumiyyətlə, Şüvəlan təcridxanasında insanların saxlanılması üçün normal şərait yoxdur”.

Xatırladaq ki, T.Yaqublu martın 22-də tutulub, ertəsi gün Nizami rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunur ki, Nizami rayonu, “8-ci kilometr bazarı”nın yanında T.Yaqublunun idarə etdiyi “Toyota Corolla” markalı avtomobil Elxan Cəbrayılovun idarə etdiyi “VAZ-2107” ilə toqquşub: “Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək, Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib”.

T.Yaqublunun ittiham olunduğu CM-in 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsində 2 ildən 6 ilə qədər həbs cəzası nəzərdə tutulub.