Logo
news content
User
Kateqoriyalar

Analitika

Tofiq Yaqublu: “Sona qədər gedəcəyəm, məcburi qidalanma mümkün deyil”

Müxalifətin tanınmış simalarından olan Tofiq Yaqublu 8-ci gündür ki, həbsdə aclığı davam etdirir. O, sentyabrın 9-da həm təcridxanada vəkilinə, həm də telefonda ailə üzvlərinə deyib ki, aclığı dayandırmaq niyyətində deyil.

Kürəkəni Seymur Həzi bildirib ki, T.Yaqublu telefon danışığında ona dəstək olanlara, xüsusən həmrəylik nümayiş etdirib, aclıq edənlərə təşəkkürünün çatdırılmasını istəyib. T.Yaqublunun sağlıq durumuna gəlincə, S.Həzi aclığın onun səhhətinə kəskin təsir göstərdiyini, amma bu məsələdə israrlı olduğunu vurğulayıb. Onun sözlərinə görə, T.Yaqublu aclığı dayandırmaq barədə çağırışlara belə cavab verib: 

“Sona qədər gedəcəyəm, bu, söz davası deyil. Fikrim son dərəcə qətidir, iradəm tam yetkindir. Özümü bu mübarizəyə kifayət qədər hazır hiss edirəm. Ya azadlıq, ya da dönüşsüz yol! Heç bir məcburi qidalanma da mümkün deyil”.

S.Həzi onu da əlavə edib ki, T.Yaqublu ailə üzvləri ilə hər gün telefon danışığına şərait yaradılmamasından narazıdır. O, ancaq həftənin çərşənbə və şənbə günləri telefonla danışa bilər.

Vəkili Elçin Sadıqov sentyabrın 9-da istintaq təcridxanasında T.Yaqublu ilə görüşüb. Görüş barədə məlumat verən vəkilin sözlərinə görə, müvəkkilinin 8 gündür aclıq etməsi onun durumunda açıq-aşkar özünü göstərir: “Çox zəifləyib, halsızdır, güclə yeriyirdi. Baş ağrıları və başgicəllənmələri var”.

T.Yaqublunun sağlıq durumunun hər keçən gün daha da pisləşdiyini, onun həyatını itirmək təhlükəsi ilə üz-üzə qaldığını vurğulayan vəkil, buna baxmayaraq, T.Yaqublunun aclığı dayandırmayacağını deyib: “Bu qədər zəif və halsız olmağına baxmayaraq, bildirdi ki, mübarizə əzmindədir. Aclığı dayandırmaq barədə qətiyyən düşünmür”.

T.Yaqublunun digər vəkili Aqil Layıc qeyd edib ki, hökmdən verdikləri şikayətin sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsinə göndəriləcəyi deyilib: “Tofiq Yaqublu aclıq etdiyinə görə onun durumu kritikləşməyə doğru gedir. Bunu nəzərə alaraq, apellyasiya şikayətinə dərhal baxılmalıdır”.

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvlərinin T.Yaqublunun həbsdən azad edilməsi üçün hökumətlə danışıqlar apardığı barədə məlumat yayılıb. Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənov bu barədə “Report”a açıqlamasında bildirib: “Hüquq müdafiəçiləri ümid edirlər ki, tez bir zamanda onun azad olunması üçün prosedur müəyyənləşdiriləcək və Tofiq Yaqublu öz ailəsinə qovuşacaq”.

Sentyabrın 9-da ictimai-siyasi fəallar Bakının müxtəlif yerlərində - Konstitusiya Məhkəməsinin yaxınlığında və Nizami rayon Məhkəməsinin qarşısında “Tofiq Yaqubluya azadlıq” tələbi ilə etiraz aksiyaları keçirməyə cəhd göstəriblər. Konstitusiya Məhkəməsinin qarşısındakı aksiyanın təşkilatçısı olan “Azad Sol İttifaqı” adlı təşkilat sentyabrın 7-də Bakı şəhər İcra Hakimiyyətinə bu barədə xəbərdarlıq məktubu göndərmişdi. Hər ikisi aksiyaya ilk dəqiqələrdən polis müdaxilə edib. Onlarla iştirakçı saxlanılaraq, polis bölmələrinə aparılıb. Saxlanılanlar arasında T.Yaqublunun qızı Nigar Həzi də olub. Təxminən bir saat sonra saxlanılanların əksəriyyəti, o cümlədən N.Həzi sərbəst buraxılıb.

“Bir müddət saxladılar, şəxsi məlumatlarımızı dəqiqləşdirdilər, sonra bizi müxtəlif avtomobillərlə şəhərin ayrı-ayrı yerlərində düşürdülər. Mənimlə birlikdə 5 nəfəri Badamdarda azad etdilər”, - deyə siyasi fəal Bəxtiyar Hacıyev söyləyib. Aksiyanın təşkilatçılarından olan gənc fəal Qiyasəddin İbrahimov və Tural Məmmədovu isə Cəlilabad rayonuna aparıb, orada düşürüblər.

Bakı Şəhər Baş Polis İdarəsinin aksiya barədə yaydığı rəsmi açıqlamada isə bildirilir ki, saxlanılan olmayıb: “Sentyabrın 9-da saat 15 radələrində 20-25 nəfər “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun tələblərini pozaraq, Səbail rayonundakı İstiqlaliyyət küçəsində Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadan toplaşıb, küçə yürüşü keçirməyə cəhd edib. Ərazidə xidmətdə olan polis əməkdaşları tərəfindən qanunsuz küçə yürüşünə cəhdin qarşısı alınıb, iştirakçılar ərazidən uzaqlaşdırılıblar. Saxlanılan və ya həbs edilən olmayıb”.

Xatırladaq ki, T.Yaqublu martın 22-dən həbsdədir. Sentyabrın 3-də Nizami rayon Məhkəməsində onun 4 il 3 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılıb.

Gülər