Logo
news content
User
Kateqoriyalar

Analitika

Tofiq Yaqublu haqqında həbs-qətimkan tədbirinin müddəti bitir

Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilmişdi. Bu müddət tamamlanmaq üzrədir. Amma nə istintaqın bitməsindən xəbər var, nə də həbs müddətinin uzadılıb-uzadılmayacağından.

Martın 22-də xuliqanlıq ittihamıyla həbs olunan T.Yaqublunun işi üzrə istintaq Nizami rayon Polis İdarəsində aparılır. İş müstəntiq Ramil Hacıyevin icraatındadır.

T.Yaqublunun qızı Nigar Həzi “Press Klub”a bildirdi ki, bir müddət əvvəl müstəntiq ekspertizanın rəyini gözlədiklərini, rəy gələn kimi, istintaqı yekunlaşdıracaqlarını bildirmişdi:

“Təcridxanada atanın yeni vəkilini ona təqdim edəndə demişdi. O vaxtdan xeyli vaxt keçib. Ümumiyyətlə, üç ay ərzində ekspertizadan rəy ala bilməmələri inandırıcı deyil. Görünür, məqsədli şəkildə uzadırlar”.

T.Yaqublunun səhhətində problemlər olduğunu, astma xəstəliyindən əziyyət çəkdiyini deyən N.Həzinin sözlərinə görə, bununla belə, atası narahatlıqlarını büruzə verməməyə çalışır:

“Bu gün telefonla danışanda dedi ki, təcridxanada kamera çox istidir. Onun da astma xəstəliyi ilə yanaşı, burnunda da problem var, nəfəs almaqda çətinlik çəkir. Qolunda da ağrılar var. Dərmanlar veririk, bu yolla bitrəhər keçinməyə çalışır”.

T.Yaqublu Şüvəlandakı 3 saylı istintaq təcridxanasında saxlanılır. Qızı deyir ki, həbs olunandan bu yana onunla görüşə bilməsələr də, telefon danışığında, sovqat qəbulunda problem yaradılmır.

“Həbs-qətimkan tədbirinin müddəti də başa çatır. Yəqin ki, yenə uzadacaqlar. Çünki ekspertizanın rəyi alınıb, istintaqı bitirsələr belə, proses bununla yekunlaşmır. İş materiallarıyla tanışlıq mərhələsi, vəsatətlər var. Bundan sonra işi yekunlaşdırıb, məhkəməyə göndərirlər. Ona görə düşünürəm ki, yəqin həbs-qətimkan tədbirinin müddətini uzadacaqlar”, - deyə N.Həzi əlavə etdi.

Cinayət-Prosessual Məcəlləsinin 159.3 maddəsində yazılıb ki, müstəntiq şəxsin həbsdə saxlanma müddətinin uzadılmasını zəruri hesab etsə, əvvəlki müddətin bitməsinə ən geci 6 gün qalmış prokurora bu barədə vəsatət verməlidir. Prokuror da vəsatətlə razı olsa, şəxsin həbsdə saxlanma müddətinin başa çatmasına ən geci 5 gün qalmış məhkəməyə təqdimatla müraciət etməlidir. T.Yaqublu haqqında həbs-qətimkan tədbirinin müddəti iyunun 23-də başa çatmalıdır.

T.Yaqublunun vəkili Nemət Kərimli “Press Klub”a bildirdi ki, müdafiə tərəfinə nə istintaqın yekunlaşması, nə də həbs müddətinin uzadılıb-uzadılmayacağı haqda məlumat verilib. Müvəkkili ilə iyunun 17-də görüşdüyünü söyləyən vəkilin sözlərinə görə, T.Yaqublunun durumuyla bağlı şikayəti olmayıb: “Ancaq dostlara salamlarını çatdırmağımı istədi...”

Xatırladaq ki, T.Yaqublu martın 22-də tutulub, ertəsi gün Nizami rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunur ki, Nizami rayonu, “8-ci kilometr bazarı”nın yanında T.Yaqublunun idarə etdiyi “Toyota Corolla” markalı avtomobil Elxan Cəbrayılovun idarə etdiyi “VAZ-2107” ilə toqquşub: “Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək, Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib”.

T.Yaqublunun ittiham olunduğu CM-in 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsində 2 ildən 6 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Amma T.Yaqublu özünü təqsirli bilmir və sifarişlə ona qarşı təxribat törədildiyini deyir.

Gülər