Logo
news content
User
Kateqoriyalar

Analitika

Tofiq Yaqublu aclıq aksiyasına başlaya bilər 

Müsavat Partiyasının və Milli Şuranın həbsdə olan fəalı Tofiq Yaqublu tələbləri yerinə yetirilməsə, aclıq aksiyasına başlayacağını bildirib. Onun tələbləri məhkəmə prosesinin açıq keçirilməsi, yaxınlarının məhkəməyə buraxılması, həmçinin həqiqətin ortaya çıxması üçün vəkillərinin qaldırdığı vəsatətlərin (telefon zəngləri barədə məlumatların mobil operatorlardan alınması və s.) təmin olunmasıdır. 

T.Yaqublu bunu avqustun 7-də davam edən məhkəməsində deyib.

Nizami rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən iclasda yenə hakimlə T.Yaqublu arasında gərginlik yaranıb. Ailə üzvlərinin, ictimaiyyət nümayəndələrinin məhkəməyə buraxılmamasına etiraz edən T.Yaqublunu hakim məhkəməyə hörmətsizlikdə qınayıb və xəbərdarlıq edib ki, məhkəməyə hörmətsizliyə görə cəzalandırıla bilər. T.Yaqublu hakimə belə cavab verib: 

“Nə məhkəmə, burada məhkəmə var?! Məhkəmə yoxdur, siz də hakim deyilsiz. Siz şərləməni rəsmiləşdirmək üçün buradasız. Adi bir vəsatətlə bağlı qərarı da özünüz verə bilmirsinizsə, siz hakimsiz? Məhkəmə olsa, hakim olsa, mən qarşısında baş əyərəm. Amma nə siz hakimsiz, nə də bu məhkəmədir!”

Mübahisələrdən sonra yalnız T.Yaqublunun qızı Nigar Həzi məhkəmə zalına buraxılıb.

Məhkəmə iclasında T.Yaqublunun xəsarət yetirdiyi, təhqir etdiyi iddia olunan Elxan Cəbrayılov və həyat yoldaşı Cəvahir Cəbrayılova zərərçəkmiş statusunda ifadə veriblər. Vəkillər vəsatət qaldırıb ki, bu adamlar ayrı-ayrılıqda dindirilsin, bir-birinin nə deməsindən xəbərdar olsalar, ifadələrini də ona uyğunlaşdıracaqlar. Amma vəkillərin bu istəyinə “yox” deyilib.

Buna etiraz edən T.Yaqublu məhkəmədə yenə də Cəbrayılovların hadisə ərəfəsində zəngləşdiyi telefon nömrələrinin siyahısının alınması üçün mobil operatorlara sorğu göndərilməsi məsələsini qaldırıb: “Sonra bəhanə edəcəksiniz ki, vaxt çox keçib, saxlanılmayıb və s. Ona görə indidən alın. Əgər özünüzü hakim sayırsınızsa, ədalət mühakiməsində, həqiqətin, sübutların ortaya qoyulmasında maraqlı olmalısınız”. 

Cəbrayılovlar iddia edib ki, onlar Bakıxanov ticarət mərkəzindən bazarlıq edib qayıdanda qəfildən T.Yaqublunun idarə etdiyi avtomobil onların yoluna çıxıb. “Bu vətəndaş əlində telefon, yola baxmırdı, yolumuza çıxdı, bizimlə toqquşdu. Sonra düşüb üstümə cumdu. Başıma yumruqla vurdu, yıxıldım. Ayağa durdum, yenə vurdu məni. Əlində olan alətin nə olduğunu bilmədim. Onunla 3-4 dəfə vurdu məni. Sonra yoldaşım yaxınlaşdı. Yoldaşım onun əlindən tutdu. Əlindəki alət yerə düşdü. Sonra polislər gəldi, getdik bölməyə”, - deyə Elxan Cəbrayılov ifadəsində bildirib.

Cəvahir Cəbrayılova isə iddia edib ki, T.Yaqublu onun həyat yoldaşını döyməklə yanaşı, həm də onları təhqir edib: “Aqressiv şəkildə hərəkət edirdi, söyürdü...”

O, sosial mediada həyat yoldaşı haqqında yazılanlara da etiraz edib: “Mənim yoldaşım haqqında yazıblar ki, məhkəmələrdə üzə durub. Mənim yoldaşım nə məhkəmə görüb, nə də başqaları kimi türmələrdə yatmışıq. Biz evdə qəti şəkildə Azərbaycan dilində danışmırıq, rus dilində danışırıq. Yoldaşıma sual verəndə əyləc-filan barədə danışırlar, o da mənasını başa düşmür”.

T.Yaqublu isə Cəbrayılovların yalan danışdığını bildirib. Onun sözlərinə görə, ümumiyyətlə, onların danışdığı hadisə olmayıb. Maşında əyləşib, həyat yoldaşı və daha bir qohumunun bazardan gəldiyini gözlədiyi halda, qəfildən E.Cəbrayılov gəlib maşını onun avtomobilinə çırpıb: 

“Düşüb maşına tərəf hücum edəndə başa düşdüm ki, artıq təxribatdır. Qapını, şüşələri başlayıb, aşağı düşmədim. Bu, səriştəsizcəsinə və şərəfsizcəsinə uydurulmuş hadisədir. Əgər mən bu adamları təhqir etmişəmsə, ümumiyyətlə, söyüş söymüşəmsə, o söyüşlər 10 qat artığıyla mənə və ailəmə getsin. Yalan danışırlarsa, söyüşlərin 10 qatı mənə atılan şərdə rolu olan hər kəsə getsin. Mən nəinki bunları, hətta Qarabağda əsir düşən erməni qadınlarını da təhqir etməmişəm, artıq söz deməmişəm...”

T.Yaqublu martın 22-dən həbsdədir. İttihamda yazılıb ki, Nizami rayonu, “8-ci kilometr bazarı”nın yaxınlığında T.Yaqublunun idarə etdiyi “Toyota Corolla” markalı avtomobil Elxan Cəbrayılovun idarə etdiyi “VAZ-2107” ilə toqquşub: “Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib”.

T.Yaqublunun ittiham olunduğu CM-in 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsində 2 ildən 6 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Gülər