Logo
news content
User
Kateqoriyalar

Analitika

Tibbi maska qıtlığı: idxala və satışa kim nəzarət edir?

Ülviyyə Şahin

Koronavirus təhlükəsi ortaya çıxdıqdan bəri Azərbaycanda tibbi maska əldə etmək müşkülə dönüb. Problemə prezident İlham Əliyev də reaksiya verib və bildirib ki, bu duruma heç cür izahat tapmaq mümkün deyil. “Bizim kifayət qədər maska ehtiyatımız var. Görünür, hansısa möhtəkirlər bu vəziyyətdən istifadə edərək öz qanunsuz gəlirlərini artırmaq istəyirlər” , - deyə prezident söyləyib.

Şübhə yoxdur ki, yaranmış vəziyyətdən yararlanmaq istəyənlər, satış nöqtələrindən maskaları toplayıb, daha sonra baha qiymətə təklif edənlər var. Artıq onlayn satış şəbəkələrində tibbi maskaların satışı başlayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən maska qıtlığı ilə bağlı sorğumuza cavab olaraq bildirdilər ki, tibbi maskaları ölkəmizə özəl şirkətlər gətirir. Nazirlik rəsmisi xatırlatdı ki, virusun qarşısının alınması üçün lazımı tədbirlərin sürətlə həyata keçirilməsi, dərman preparatları və tibbi ləvazimatların alınması məqsədilə prezident 10 milyon manat ayırıb. Bu işlərə Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi (TƏBİB) nəzarət edir.

Tibbi maskaların idxalını həyata keçirən “Avromed”, “Zeytun”, “Azerimed” kimi özəl şirkətlərlə əlaqə saxlasaq da, dolğun açıqlama ala bilmədik. Yalnız “Zəfəran” şirkətlər qrupundan deyildi ki, 5 saylı  xəstəxananın qarşısında və Bakıxanov qəsəbəsi, Eldar Xəlilov 1 ünvanında yerləşən apteklərdən maksimum 5 ədəd tibbi maska əldə edə bilərik. “Niyə məhz 5 ədəd” sualına isə “belə tapşırılıb” cavabını verdilər.

Daha sonra şəhərdəki bəzi apteklərə baş çəkdik. Apteklərdən birində ümumiyyətlə, tibbi maska yox idi. “Maskalar günortadan sonra gələcək”, - deyə aptek işçisi bildirdi. Qiymətlə maraqlananda isə qeyd etdilər kİ, 30 qəpiyə satılır, çünki qiyməti şirkətlər təyin edir və maskaları da müəyyən limitlə elə şirkətlərin özləri verir. Digər aptekdə isə cəmi 3 ədəd maska tapa bildik və 40 qəpik ödəyərək ikisini aldıq. Aptek əməkdaşı qiymətin və bir nəfərə satılacaq maksimum maska ədədinin şirkət tərəfindən təyin edildiyini vurğuladı.