Təmirinə 13 milyon ayrılmış yurdsuz teatr...
15 May 2020
Mədəniyyət Nazirliyi sistemində aşkarlanan korrupsiya faktlarından biri də Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı ilə bağlıdır. Söhbət teatrın təmirinə ayrılmış pulların yeyilməsindən gedir. 2018-ci il dekabrın 12-də İrəvan teatrının əsaslı təmirinə 11 milyon manat ayrılıb. Cəmi 2 ay sonra - 2019-cu il fevralın 8-də daha 2 milyon manat ayırmaq ehtiyacı duyulub. Beləliklə, yarandığı torpaqlardan məcburən ayrı düşüb, Bakının Binəqədi rayonu ərazisinə sığınmış bu kiçik mədəniyyət ocağının təmirinə 13 milyon manat kimi çox yüksək məbləğ ayrılıb. Bu vəsaitin böyük hissəsinin mənimsənildiyi bildirilir.
Deyilənlərə aydınlıq gətirmək və orada hansı işlərin aparıldığını yerində görmək üçün İrəvan teatrına baş çəkmək istədik. Lakin teatrın mətbuat xidmətinin rəhbəri Teymur Bayramov bildirdi ki, təmir-bərpa işləri getdiyindən, teatrdan reportaj hazırlamaq mümkün olmayacaq. O, təmirin nə zamandan başlandığı və indiyədək hansı işlərin görüldüyü barədə sualımıza cavab olaraq dedi ki, işlər sərəncam verilən gündən başlayıb və hələ davam etdirilir.
Təmirin nə zaman başa çatdırılacağına gəldikdə isə, T. Bayramov qeyd etdi ki, işin başlandığı və bitəcəyi tarix teatrın qarşısındakı lövhədə yazılıb: “Bitmə tarixi 2020-ci il dekabrın 25-nə kimi göstərilib. Yəni işlərin həmin tarixdə yekunlaşması planlaşdırılır. Təmir-bərpa bir ilə yaxındır ki, aparılır. COVİD-19 pandemiyası ilə əlaqədar teatra daxil olmaq mümkün deyil. Lakin ona qədər tamaşalarımız Mədəniyyət Nazirliyinin xətti ilə müəyyən edilmiş vaxt çərviçəsində digər teatrların səhnələrində təqdim olunurdu. Bildiyimiz kimi, bəzi teatrlar aylıq olaraq öz tamaşalarını və proqramlarını təqdim ediblər, biz isə illik proqramlarımızı tərtib edərək, müəyyənləşdirilmiş vaxt aralıqlarında öz tamaşalarımızı digər teatrların səhnələrində təqdim edirdik.”
T.Bayramov təmirə ayrılan pulların mənimsənilməsi haqda deyilənlərə cavab verməkdə çətinlik çəkdiyini söylədi: “Mən də sizin kimi, olanları mətbuatdan izləyirəm və oradan xəbərdar oluram. Düzdür, eşitdiklərimiz heç də yaxşı səslənmir və yaxşı hal deyil. Amma bu barədə suallara yalnız rəhbərlik cavab verə bilər”.