Logo
news content
User
Kateqoriyalar

Analitika

Təbriz təhlükə altında: gizli bazanın görüntüləri yayıldı
İran hakimiyyəti güneyli soydaşlarımızın həyatını risk altında saxlayır

İran hakimiyyəti bir çox əməlləri ilə Güney Azərbaycan türklərinin də həyatını təhlükə altında qoyur.

1980-1988-ci illərdə İraqdan atılan bombaların Təbrizdə məktəblərə və yaşayış yerlərinə düşməsi nəticəsində baş verən faciə yaddaşlardan silinməyib. Səddam Hüseyn və Xomeyninin hikkəsi ilə başlayan müharibə nəticəsində 3 milyondan çox insan ölüb. Onların çoxunun türk olduğuna dair dəfələrlə məlumat yayılıb. 

1990-cı illərdən sonra Tehran rejiminin həyata keçirməyə başladığı nüvə proqramı da Güneyə Azərbaycan türklərinin həyatına və sağlamlığına mənfi təsir göstərməkdədir. Rəsmi olmayan məlumatlara görə, İran hakimiyyəti radioaktiv maddələrin tullantılarını Ərdəbildə quyulara doldurur. 

Qeyd edək ki, İranın nüvə obyektlərindən biri də Güney Azərbaycanın Mərkəz əyalətinin Ərak şəhərində yerləşir. 

İran hakimiyyəti nüvə proqramları, raket bazaları və təhlükəli hərbi siyasəti ilə Güney Azərbaycan türklərinin həyatını da təhdid edir. 

Bir müddət əvvəl İsrail saytı Təbriz ətrafında Amand bəndi yaxınlığındakı hərbi bazanın peykdən çəkilmiş görüntülərini yayıb. Videodan aydın şəkildə oranın raket bazası olduğu görünür. 

İndi Təbrizin və əhalisinin necə bir təhlükə ilə üz-üzə qalacağını təsəvvür etmək elə də çətin deyil. Müasir müharibə taktikasına görə, ilk növbədə bu tip hərbi obyektlər vurulur. Odur ki, İrana qarşı ehtimal olunan hərbi əməliyyatlar nəticəsində bu raket bazasının da sıradan çıxarılması istisna deyil. O zaman Təbrizin 2 milyon əhalisinin həyatı necə olar? Yaxud mümkün hərbi əməliyyat zamanı raketlərdən biri şəhərə düşərsə, faciənin miqyası ölçüyəgəlməz dərəcədə geniş ola bilər. 

Bu kimi məsələlər bir daha sübut edir ki, Güney Azərbaycan türkləri də daxil olmaqla 84 milyonluq İran əhalisi Tehran rejiminin girovudur.

Sədrəddin Soltan