Logo
news content
User
Kateqoriyalar

Analitika

Svetlana Tixanovskaya Belarusu tərk etdi

Belarus prezidentliyinə namizəd Svetlana Tixanovskaya ölkəni tərk edib. O, qonşu ölkə Litvaya gedib.

Bu barədə səhər saatlarında Litva xarici işlər naziri Linas Linkeviçius məlumat verib. “Svetlana Tixanovskaya güvəndədir. O, Litavadadır”, - deyə nazir “Twitter”də yazıb.

Bir qədər sonra S.Tixanovskayanın videomüraciəti yayılıb. Müraciət onun həyat yoldaşı Sergey Tixanovskinin “YouTube” kanalında yerləşdirilib.

S.Tixanovskaya ölkəni tərk etməsinin səbəblərini belə izah edib:

“Düşünürdüm ki, bütün bu kampaniya məni dəmir kimi möhkəm edib və hər şeyə davam gətirəcəyəm. Lakin mən elə əvvəl olduğu kimi, zəif qadın olaraq qaldım. Mən tamamilə müstəqil şəkildə, özüm üçün çox ağır qərar qəbul etdim. Nə dostlarım, nə doğmalarım, nə qərargah, nə Sergey buna hər hansı təsir göstərib. Bilirəm ki, çoxları məni anlayacaq, çoxları qınayacaq, çoxları nifrət edəcək. Mən elə bir seçim qarşısında qaldım ki, Allah bunu sizlərə göstərməsin... Ona görə də, xahiş edirəm, özünüzü qoruyun. Hal-hazırda baş verənlər bircə həyata belə dəyməz. Uşaqlar bizim həyatımızdakı ən vacib varlıqlardır”.

Qeyd edək ki, videomüraciətdə Tixanovskayanın psixoloji durumunun yaxşı olmadığı, onun ruhi sarsıntı keçirdiyi aydın hiss olunur. O, çox üzgün görünür, cümlələri çətinliklə qurub, deyir. Tixanovskaya çox çətin seçim qarşısında qaldığını bildirir. Söhbət hansı seçimdən gedə bilər?

Məsələ burasındadır ki, dünən axşam saatlarında Tixanovskaya seçkilərin nəticələrindən şikayət vermək üçün MSK-ya gedib və bir müddət onunla əlaqə itib. Məhz bu müəmmalı ziyarətdən saatlar sonra məlum olub ki, o, ölkəni tərk edib. Tixanovskayanın həyat yoldaşı Sergey hazırda həbsdədir. Güman etmək olar ki, xanım Tixanovskaya həyat yoldaşının, yaxud uşaqlarının başına bir şey gələcəyindən qorxub, bəlkə də təhdid edilib.

Belarusun yaxın keçmişində müxalifətçilərin şübhəli şəkildə yoxa çıxması barədə epizodlar az deyil. Bunları xatırlatmaq yerinə düşər.

“İtən” müxalifətçilər və digərləri...

Hüquqşünas Viktor Qonçar 1994-cü il prezident seçkiləri zamanı Aleksandr Lukaşenkonun komandasında olub. Seçkidə qələbədən sonra baş nazirin müavini təyin edilib, lakin qısa müddət sonra vəzifədən çıxarılıb. Qonçar müxalifətə keçib, Ali Sovetin deputatı seçilib və Mərkəzi Seçki Komissiyasının sədri təyin olunub. 1996-cı il noyabr referendumunun nəticələrini qəbul etmədikdən sonra vəzifədən uzaqlaşdırılıb. 1999-cu il prezident seçkiləri zamanı alternativ MSK-ya rəhbərlik edib. Həmin ilin sentyabrında V.Qonçar öz dostu, iş adamı Anatoli Krasovski ilə birlikdə yoxa çıxıb. Bir qədər sonra Minsk şəhərinin Fabriçnıy küçəsində avtomobil şüşəsinin qırıqları və qan izləri aşkarlanıb. Qonçar və Krasovkinin meyitləri tapılmayıb...

1994-cü ildə Lukaşenkonun komandasının digər üzvü Yuri Zaxarenko idi. Qələbədən sonra o, daxili işlər naziri təyin olunub və general-mayor rütbəsi alıb. Lakin 1996-cı ildə vəzifədən çıxarılıb, rütbəsi kiçildilib. 1998-ci ildə müxalifətə keçib. 1999-cu il mayın 7-də yoxa çıxıb. Rəsmi məlumata görə, həmin gün axşam o, Minsk şəhərinin Jukovski küçəsində naməlum şəxslər tərəfindən zorakılıqla avtomobilə əyləşdirilərək naməlum istiqamətə aparılıb. Dostu, sabiq QRU pokovniki Vladimir Borodaç sonradan bildirib ki, Zaxarenko Lukaşenkonun əmri ilə oğurlanıb, ağır işgəncələrə məruz qalıb və ondan dövlət çevrilişi hazırlandığı barədə ifadə alınıb. Bu ifadəsini məhkəmədə təsdiq etməyəcəyi aydınlaşdıqdan sonra onu güllələyiblər və “Şimal məzarlığı” krematoriyasında meyitini yandırıblar. V.Borodaç həmin krematoriyanın rəisi ilə görüşdükdən bir qədər sonra krematoriya rəisi də öldürülüb və meyiti yandırılıb...

Jurnalist Dmitri Zavadski Belarus Birinci Kanalının, daha sonra Rusiyanın ORT telekanalının operatoru olub. 2000-ci il iyulun 7-də öz avtomobili ilə Minsk-2 hava limanına gedərkən yoxa çıxıb. Onun avtomobili hava limanında tapılsa da, Zavadskini tapmaq mümkün olmayıb. 2002-ci ilin martında Belarus Ali Məhkəməsinin hökmü ilə Zavadskinin oğurlanması (qətli təsdiq olunmayıb) ittihamı üzrə DİN-in keçmiş zabitləri Valeri İqnatoviç və Dmitri Malik həbsə məhkum edilib...

23 yaşlı Yuri Korban Vitebsk Gənc Təşəbbüslər Mərkəzinin rəhbəri və Belarus Xalq Cəbhəsinin yerli təşkilatının sədr müavini olub. 2002-ci il yanvarın 19-da o, evə qayıtmayıb. Sonra bir neçə dəfə evə zəng edib, hər şeyin qaydasında olduğunu deyib və müxtəlif yerlərdə olduğunu söyləyib. O, valideynlərinə böyük məbləğdə pul toplayaraq Minskə gətirmələrini və müəyyən şəxslərə vermələrini istəyib. Yanvarın 28-də Korbanın anası Minskə gedib. Oğlu ona metronun “Vostok” stansiyası yaxınlığında görüş yeri təyin edib. Ana oraya getsə də, heç kim görüşə gəlməyib. Yuri sonuncu dəfə anasına zəng edərək deyib ki, onlar bir daha görüşməyəcəklər...

Müəllif: Şahin Cəfərli