Logo
news content
User
Kateqoriyalar

Analitika

Suriya üsyançıları: Xalqın səsi, yoxsa Amerikanın “islamçıları”?
Ölkənin yeni sahibləri kimlərdir və onlar hansı yolu seçəcəklər?

Suriyada Əsəd ailəsinin 54 illik diktatura rejiminə son qoyulub. Prezident ölkəni tərk edərək, Rusiyaya qaçıb. Baş nazir Məhəmməd Qazi əl-Cəlali hakimiyyəti Dəməşqi ələ keçirən üsyançılara təhvil verib. Suriya paytaxtının küçələrində, eləcə də digər şəhərlərdə Əsəd ailəsinin hakimiyyətinin bitməsini bayram edən insanlar ata Hafiz Əsədin heykəllərini dağıdır, oğul Bəşər Əsədin portretlərini yandırırlar. 

Əsədin ölkəni tərk etməsindən əvvəl paytaxtın beynəlxalq hava limanında xaos yaşanıb. Sosial şəbəkələrdə yayılan videolarda görünür ki, rejim tərəfdarı olan insanlar ölkəni tərk etməyə çalışarkən basabas salıblar, qeydiyyat kassalarını mühasirəyə alıblar. 

Dəməşqin özündə üsyançılar bütün media orqanlarına, bütün dövlət idarələrinə nəzarəti ələ keçiriblər. Beynəlxalq xəbər agentliklərinin məlumatına görə, ölkənin bütün şəhərlərində rejimin dəmir barmaqlıqlar arxasında saxladığı on minlərlə məhbus həbsdən azad edilib. Bu zaman siyasi motivlərlə həbsdə saxlanılan minlərlə məhbusun illər və hətta on illərlə yerin altında xüsusi olaraq tikilən gizli-qapalı həbsxanalarda qeyri-insani şəraitdə saxlandığı ortaya çıxıb. 

Təhlükəsizlik xidmətləri dövlət idarələrinin ələ keçirilməsi və məhbusların azad edilməsi zamanı heç bir müqavimət göstərməyib. Ordudakı şəxsi heyətə xidmətin başa çatması barədə məlumat verilib, həqiqi hərbi xidmətə çağırılan əsgərlərə ümumi amnistiya elan olunub. 

BBC-nin məlumatına görə, üsyançıların lideri Əbu Məhəmməd əl-Culani (Həyat Təhrir əl-Şamın lideri) bildirib ki, hələlik hökumət qurumları keçmiş baş nazirin nəzarəti altında qalacaq. O, Suriya paytaxtında yerləşən qoşunlardan hökumət binalarına yaxınlaşmamağı xahiş edib.

Bundan əlavə, keçid hökuməti qadınların hicab taxmağa məcbur edilməsini qadağan edib. Eyni zamanda, mətbuatın təqib olunması və ona təzyiq göstərilməsi qadağandır.

Paralel olaraq Suriyanın İsraillə sərhədində də vəziyyət gərginləşib. İsrail ordusu 1974-cü ildən sonra ilk dəfə yenidən Suriya ərazisinə keçərək, bəzi əraziləri işğal edib. Baş nazir Benyamin Netanyahu işğal olunmuş Qolan təpələrinə gedərək, bu ərazilərin həmişəlik İsraildə qalacağını bəyan edib. Eyni zamanda o, ordunun Livanda “Hizbullah”a qarşı əməliyyatının Suriya müxalifətinə kömək etdiyini söyləyib.

Əbu Məhəmməd əl-Culani də etiraf edib ki, İsrailin “Hizbullah”a qarşı əməliyyatı onların Əsəd rejimini devirməsinə kömək edib. Üsyançıların lideri onu da bildirib ki, bundan sonra ölkənin işğal edilmiş bütün ərazilərini, o cümlədən Qolan təpələrini geri qaytaracaqlar. Amma əl-Culanı İsrailə düşmən olmadıqlarını və əməkdaşlığa hazır olduqlarını da vurğulayıb. 

Göründüyü kimi, bölgədə son dərəcə qarışıq vəziyyət yaranıb. İndi əsas sual budur: bundan sonra nə olacaq? Heç kimə sirr deyil ki, üsyançıların əsas hissəsini radikal dindarlar təşkil edir. Onlar 2011-ci ildən Əsədlə döyüşürlər. Üsyançıların bundan sonra sakitləşəcəyini gözləmək olarmı? Onlar enerjilərini dinc istiqamətə yönəldəcəklərmi? Yoxsa dini baxışlarını silahla bütün bölgəyə yaymağa üstünlük verəcəklər? Yəni, Suriyadakı qığılcımın qonşu ölkələrə yayılaraq sabitliyin pozması təhlükəsi varmı?

Pressklub.az-ın suallarını region üzrə tanınmış xarici ekspertlər şərh ediblər.

İsrailli siyasi ekspert və publisist Aviqdor Eskin (Yerusəlim) Suriyada hakimiyyətə gələn üsyançıların vətəndaş müharibəsi başlayandan bəri dayanmayan qırğınların qarşısını almağa çalışacaqlarını ehtimal edir.

Bəzi məlumatlara görə, bu müddət ərzində bir milyona yaxın suriyalı həlak olub. Üsyançı liderlər “əl-Qaidə” və ona yaxın təşkilatların yetişdirməsidirlər. Bu təşkilatlar öz ideya və təsirlərini yaymaq naminə kütləvi qətliam törətmələri ilə məşhurdurlar. Ancaq indi vətəndaş müharibəsində qalib statusu əldə edəndən sonra anlayırlar ki, onların maraqlarına ölkədə sakitliyi qorumaq, qonşulara “ilişməmək” uyğun gəlir. Onu da qeyd edim ki, bu dəfə müxaliflərin qələbə yürüşü ərəb Yaxın Şərqinin miqyası ilə müqayisədə demək olar, qansız keçdi.

Bununla belə, ölkənin yeni hakimlərinin Suriya daxilində qisas almaq istəyən və hakimiyyət uğrunda döyüşməyə hazır olan çoxsaylı qrupları cilovlaya bilməyəcəyi qorxusu var. Onların imkanları çox məhduddur və təcrübələri yoxdur. Bu prosesdə Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri və Mərakeş kimi mötədil islam ölkələrinin iştirakı çox vacibdir”, - Eskin hesab edir.

Öz növbəsində türkiyəli analitik, siyasi elmlər doktoru, professor Haydar Çakmak bildirib ki, “Həyat Təhrir əl-Şam” və digər qruplaşmaların İsrail və ABŞ-da təlim keçdiyi ehtimalı var.

Və bu, təkcə hərbi təlim olmayıb. Onlara Suriyada yeni siyasi sistem yaratmaq üçün təlim keçiblər. Onlar artıq əhali ilə necə davranmağı, dinə, müxtəlif məzhəblərə təəssübkeşlik etməməyi, kiminlə dost, kiminlə düşmən olmağı bilirlər.

Belə görünür ki, onlar sanki hələlik Suriyanın bölünmüş dövlət olmasını qəbul ediblər. Məsələn, onlar kürdlərlə yaxşı rəftar edir, İsrail və ABŞ-a qarşı heç bir addım atmırlar. İfrat islamçılar isə ABŞ və ya İsrailin ümumiyyətlə dostu deyillər. Deyə bilərik ki, İsrail və ABŞ yenidən öz islamçı yaraqlılarını döyüş meydanına buraxıblar”, - deyə doktor Çakmak bildirir.

Rauf Orucov