Sülhə qarşı etiraz: Paşinyanı təhlükə gözləyirmi?
Kilsənin tarixi-ideoloji nüfuzu o qədər yüksəkdir ki, onun çağırışına cəmiyyətin biganə qalacağını söyləmək çətindir
13 İyun 2024
Ermənistanda “Tavuş – Vətən uğrunda” hərəkatının başladığı etiraz aksiyaları yeni mərhələyə keçib. Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyan etirazçıları 96 saat küçədə qalıb aksiyaları fasiləsiz davam etdirməyə səsləyib. Onun bu çağırışından sonra etirazçılar hökumət və parlament binalarının önündə toplaşaraq, Baş nazir Nikol Paşinyanın istefasını tələb etməyə başlayıblar. İyunun 12-də axşam saatlarında gərginlik maksimuma çatıb və toqquşmalarda 100-dən artıq adam yaralanıb.
Qeyd edək ki, bu aksiyalar Ermənistan-Azərbaycan sərhədindəki delimitasiya və demarkasiya məsələlərindən sonra baş qaldırdı. Əsas səbəb isə ermənilərin Qazaxdakı kəndləri tərk etməsidir. Lakin getdikcə genişlənən bu etirazlar təkcə kəndlərin öz qanuni sahibinə - Azərbaycana qaytarılmasına deyil, həm də bütövlükdə sülh prosesinə qarşı çıxır.
Hökumətin sülh çağırışları cəmiyyətdə tərəfdarlar toplamağa başlayarkən bu aksiya Ermənistan ictimai rəyində kəskin dönüş yarada bilərmi? Ümumiyyətlə, erməni cəmiyyəti kilsənin bu çağırışına necə reaksiya verə bilər? Rusiyapərəst və ya Qərbpərəst qüvvələrdən imtina etmək bu cəmiyyət üçün o qədər çətin olmaya bilər, lakin kilsənin tarixi-ideoloji nüfuzu o qədər yüksəkdir ki, onun çağırışına cəmiyyətin biganə qalacağını söyləmək çətindir.
Bəs kilsənin başladığı bu etiraz aksiyası daha da böyüsə, Paşinyan hakimiyyətini hansısa risk, təhlükə gözləyə bilərmi? Bütövlükdə sülh prosesinə təhlükə, risk yaranırmı?
Mövzu ilə bağlı Pressklub.az saytına danışan təhlükəsizlik üzrə ekspert İlham İsmayılın sözlərinə görə, sonuncu toqquşmaları nəzərə almasaq, ondan əvvəl bir aydan artıq davam edən etirazlar göstərdi ki, kilsənin, keçmiş ölkə rəhbərlərinin başlatdığı aksiyalara dəstək verənlərin sayı artmayıb, əksinə, sürətlə azalıb.
“Bu da o deməkdir ki, Ermənistan cəmiyyəti indiki etirazçıları və onların arxasında dayanan qüvvələri qəbul etmirlər. Paşinyanın da reytinqi aşağıdır, amma ona etiraz edənlərin nüfuzu yox səviyyəsindədir. Buna görə də pis və ən pis arasında seçim edən cəmiyyət “ən pisi” dəstəkləmir”.
Ekspert deyir ki, kilsənin nüfuzu hər zaman ermənilər arasında yüksək olub. Amma bu gün kilsənin dövlətə münasibətdə Koçaryan və Sarkisyan kimi korrupsionerlərin yanında olması onlara müsbət imic qazandırmır. Üstəlik, Paşinyan iqtidarı da kilsənin dövlətin işlərinə qarışmaması üçün onlara qarşı sərt mövqe nümayiş etdirir. Kilsə indiki etirazların iflasa uğramasından sonra daha da nüfuzdan düşəcək və çox güman ki, kilsə rəhbərliyində dəyişikliklər baş verəcək. Ona görə də Paşinyan hakimiyyətini kilsə tərəfdən heç bir risk gözləmir.
“Sülh prosesi gedir, amma müqavilənin yaxın zamanlarda imzalanması sual altındadır. Ermənistan Konstitusiyasına dəyişiklik etmək qərarının tezliklə verilməsi gözlənilmir, çünki bu, yeni bir etiraz dalğası yarada bilər. Paşinyan 4 kənd ətrafında yaranmış səs-küyün yatmasını gözləyir”.
İ.İsmayıl sonda bildirir ki, bu situasiyada konstitusiya dəyişikliyi barədə qərar anti-Paşinyan ovqatını gücləndirə bilər. Mümkündür ki, sülh müqaviləsindən öncə çərçivə sazişi imzalansın və bu sazişdə sülh müqaviləsinin hər iki tərəfdən razılaşdırılmış maddələrinin həyata keçirilməsi öhdəliyi götürülsün. Bu il “çərçivə sazişi”nin imzalanması daha realdır, nəinki sülh müqaviləsinin imzalanması.
“Hazırda Ermənistanda davam edən etirazlar Paşinyan hökumətinə böyük təhlükə törədəcək miqyasda deyil”.
Bu sözləri isə politoloq Nəsimi Məmmədli saytımıza açıqlamasında deyib.
Müsahibimizin sözlərinə görə, cəmiyyətdə Paşinyan hökumətindən narazılıq olsa da hələ onu əvəzləyəcək real alternativ siyasi qüvvə yoxdur. Etirazların arxasındakı siyasi qüvvələrin Ermənistan cəmiyyətində dəstəyi zəifdir. Onlar əsasən “Qarabağ klanı” və Rusiyaya bağlı revanşist siyasi qüvvələrdir. Aksiyaçılar təbii ki, qərb ölkələrindəki erməni diaspor təşkilatlarından da müəyyən dəstək alırlar:
“Etirazlar yüksələn xətlə davam edərsə, o zaman Paşinyan hökumətinin adekvat addımlar atması istisna deyil. Paşinyan iqtidara gəldikdən sonra ona qarşı belə etirazlar bir neçə dəfə olub. Amma bu etirazlara Ermənistan cəmiyyətindən ciddi dəstək olmadığına görə proses nəticəsiz yekunlaşıb. Hətta Azərbaycanla müharibədə təslim olan Ermənistan hökuməti yenidən xalqdan mandat ala bilib”.
Ermənistanda az-çox demokratik seçki ənənəsinin formalaşdığını deyən N.Məmmədli vurğulayır ki, hakimiyyətin seçki ilə dəyişməsi imkanları var. Erməni xalqı zərurət bildikdə bu səlahiyyətindən istifadə edə bilir: “Paşinyan meydanlardan hakimiyyətə gəlsə də, öz iqtidarını məhz seçki ilə möhkəmləndirib. Bu etirazlarla legitim iqtidarından asanlıqla imtina edəcəyini zənn etmirəm. Ermənistan hökumətinin hazırkı siyasəti Rusiyanın Cənubi Qafqazdakı strateji maraqlarına təhlükə törədir. Ümumiyyətlə, Paşinyan iqtidarına qarşı bu etirazların arxasında Kremlin dayanması daha inandırıcı görünür”.
Ekspert hesab edir ki, Ermənistanla Azərbaycan arasında sülh prosesi kövrək olsa da asta-asta irəliləyir. Tərəflər arasında müəyyən dialoq mühiti formalaşıb. Mübahisələrlə yanaşı uzlaşmalar da var. Ermənistan əhalisinin də əksəriyyəti yeni müharibə istəmir. “Sülhün alternativi müharibə, ziddiyyət, gərginlik deməkdir. İndi erməni xalqının belə bir mürəkkəb seçimə üstünlük verəcəyinə inanmıram. Sülh prosesi müəyyən zaman kəsiyində ləngiyə, yaxud ertələnə bilər, amma tamamilə dayanması real deyil. Regionda sülh və əməkdaşlıqda maraqlı olan qüvvələr daha təsirli gücə sahibdirlər” - deyə, politoloq sonda qeyd edib.
Mədinə Useynova