Sülh sazişi: Nə qədər tez olsa, bir o qədər yaxşıdır
Rusiyalı ekspert: “Küncə sıxışdırılmış vəhşi daha bərk dişləyə bilər” riski var, amma...
10 Avqust 2023
Birləşmiş Ştatlar ötən həftə hər iki ölkədə keçirilən danışıqlardan sonra sülh sazişinin əldə edilməsi üçün Bakı və İrəvanla işləməyə davam edəcəyini bildirib.
“ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Luis Bono keçən həftə bölgəyə səfər edib və liderlərlə danışıqlar aparıb. Biz inanırıq ki, bu məsələdə tərəf olmayan digər ölkələrin bütün şərhlərinə baxmayaraq, razılaşma əldə edilə bilər və biz bu razılaşmaya nail olmaq üçün onlarla işləməyə davam edəcəyik" - deyə Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik brifinqdə Turan agentliyinin Rusiyanın sülh prosesini pozmaq səyləri ilə bağlı sualını cavablandırarkən bildirib.
Press Klub ötən gün Moskvanın Ermənistan-Azərbaycan sülh sazişinin imzalanmasını “süni” şəkildə sürətləndirmək cəhdləri ilə bağlı xəbərdarlıq etdiyi barədə yazmışdı. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Denis Qonçar bu məsələ ilə bağlı açıq təhdid daşıyan açıqlama vermişdi: “Tələsik hazırlanmış kobud sülh müqaviləsi regiona davamlı sülh gətirməyəcək. Əksinə, bu, gələcəkdə yeni münaqişələrin, faciələrin əsasını qoyacaq”.
Miller, Qərbin sülh səylərinə mane olduğuna görə Rusiyanı məsuliyyətə cəlb etməyin vaxtı çatıb-çatmadığı barədə suala belə cavab verib: “Azərbaycan və Ermənistandan söhbət gedən zaman Rusiya haqqında danışmaq istəmirəm. Mən bu mübahisədə birbaşa iştirak edən iki ölkə haqqında danışmaq istəyirəm”.
Jurnalistlər Millerdən dövlət katibi Blinkenin şənbə günü türkiyəli həmkarına zəngindən sonra Türkiyənin sülh prosesindəki hazırkı rolu barədə də soruşublar. Amerikalı diplomat suala cavab olaraq, “Azərbaycan və Ermənistan arasında sülh müzakirələrinin vacibliyini vurğulayıb”.
"Mən bu barədə ətraflı danışmaq istəmirəm - bu, özəl diplomatik söhbətdir. Lakin biz inanırıq ki, Türkiyə digər məsələlərdə olduğu kimi bu məsələdə də eyni məhsuldar rol oynaya bilər", - Miller deyib.
Belə bir nəticəyə gəlmək olar ki, Qarabağın dağlıq hissəsi ətrafında davam edən gərginliyə baxmayaraq, Ermənistanla Azərbaycan arasında sülh sazişi üzərində uğurlu iş gedir və bu, görünür, iki Qafqaz dövləti arasında münasibətlərin tənzimlənməsində qətiyyən maraqlı olmayan Moskvada narahatlıq doğurur. Və o da hiss olunur ki, amerikalılar Türkiyənin də daha mülayim olmaları və heç olmasa ilin sonuna qədər sülh müqaviləsi imzalaya bilmələri üçün Bakı və İrəvana təsir göstərə biləcəyinə ümid edirlər.
Maraqlıdır, Vaşinqtonun bu cəhdləri nəticə verəcəkmi? Və Moskvanın danışıqlar prosesinə əlavə nifaq və çaşqınlıq gətirmək, onu pozmaq üçün rıçaqları və resursları varmı?
“Azad Rusiya” Fondunun Cənubi Qafqazdakı (Tbilisi) nümayəndəliyinin direktoru, politoloq Yeqor Kuroptev Press Kluba açıqlamasında deyib ki, onun fikrincə, münaqişənin həlli İrəvan və Bakıdadır.
“Bu məsələ Ermənistan və Azərbaycanın iradəsindədir. Kreml burada müstəsna dağıdıcı rol oynamaqda davam edir. Xüsusən də regionun bəzi ölkələrini Moskvaya yaxınlaşdıran təsirin itirilməsi və hətta qorxunun yox olması fonunda”, - deyə o, vurğulayıb.
Rusiyalı politoloq qeyd edir ki, “küncə sıxışdırılmış vəhşi heyvan daha bərk dişləyə bilər” riski var. “Ancaq digər tərəfdən, Putin hazırda seçki kampaniyasının düz mərkəzinə çatıb. Və indi onun imicinin yaradılması xətlərindən biri “biz təcrid olunmamışıq, dostlarımız var” üzərində qurulur. Gürcüstanla iqtisadi münasibətlərin faciəvi şəkildə “əriməsi” də bununla izah olunur. Deməli, indi qonşularla aktiv şəkildə mübahisə etmək Putin üçün son dərəcə sərfəli deyil və Kreml bundan qaçacaq”, - Kuroptev bildirib.
O, hesab edir ki, sülh sazişinin məhz 2024-cü ilin martına qədər yekunlaşdırılması və imzalanması ilə Kremlin rolunu minimuma endirmək və ya ciddi nəticələrə yol vermədən gözardı etmək olar. Çünki nəticələr təkcə Rusiya hakimiyyətinin tüpürmək belə istəmədiyi beynəlxalq qurumların bəyanatlarında deyil, ölkə daxilində də Putinə böyük təhlükəyə çevrilə bilər.
“Necə olmasından asılı olmayaraq, əgər İrəvan və Bakı sülh sazişi imzalamaq istəsələr və qərar versələr, hər iki tərəf güzəştə getməli və bu addımı atmalıdır. Bu, nə qədər tez baş verərsə, regionun bütün ölkələri üçün bir o qədər yaxşı olar”, - rusiyalı ekspert əmindir.
Rauf Orucov