Logo
news content
User
Kateqoriyalar

Analitika

Sülh əvəzinə blef... 
Revanşist qüvvələrin müharibənin cızdığı sərhədləri “qəfil hücumla” dağıtmaq illüziyası nədən qaynaqlanır?

2024-cü ilin birinci ayı geridə qalsa da Azərbaycan-Ermənistan normallaşma prosesində ciddi addımlar atılmayıb. Rəsmi Bakı şərtlərini yeniləyib, davamlı sülh üçün Ermənistan Konstitusiyasında dəyişiklərin, habelə vaxtı ilə Dağlıq Qarabağla bağlı yerli və beynəlxalq müstəvidə apardığı fəaliyyətdən hüquqi yolla imtinasının zəruri olduğunu bəyan edib. Paralel olaraq Zəngəzur dəhlizinin 10 noyabr bəyanatında razılaşdırılmış müddəa əsasında açılması (Rusiya FTX-nın dəhlizə nəzarəti təmin olunması) əsas şərtlərdən biri kimi qeyd olunub.

Öz növbəsində Ermənistan rəhbərliyi Bakının tələblərinə maraqlı reaksiya verib. İrəvan Zəngəzur şərtindən imtina edib, bununla yanaşı Azərbaycana sülh müqaviləsi imzalanmadığı müddətdə “hücum etməmək haqqında” razılaşma təklif edib, konstitusiya və dövlət atributlarında dəyişikliklər barədə daxili müzakirələrə start verib.

Bundan başqa, yanvarın sonunda sərhədlərin delmitasiyası ilə bağlı ikitərəfli komissiyanın görüşü keçirilib, amma müzakirələrlə bağlı Bakıdan və İrəvandan hər hansı açıqlama verilməyib. 

Baş nazir Nikol Paşinyan və komandası ötən il olduğu kimi Azərbaycanla qeyd-şərtsiz sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edib. Bu bəyanatlar daha çox Qərb ölkələrinin və beynəlxalq təşkilatların rəsmiləri ilə görüşlərdə səsləndirilib. İrəvan beynəlxalq çevrələrdə Ermənistanın sülhpərvər, Azərbaycanın isə əksinə, müxtəlif bəhanələrlə sülhdən yayınan tərəf kimi təqdim etməyə çalışıb. Avropa Şurası, Avropa Birliyi, Avropa Parlamenti və ABŞ Dövlət Departamentindən verilən açıqlamalar da qismən bu bəyanatla sinxronlaşdırılıb. Maraqlıdır, Qərb ölkələri Ermənistanın sülhə siyasi və hüquqi baxımdan hazır olduğuna əmindirlərmi? Ölkənin daxili siyasi durumu İrəvanın masaya oturmasına əlverişli şərait yaradırmı? Bunu aydınlaşdırmaq üçün əlçatan faktlara nəzər salmağa ehtiyac var.

Faktlara keçməzdən əvvəl qeyd edək ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi 30 ildən çox davam etmiş münaqişə zamanı yerindən oynamış əksər daşların təkrarən yerinə oturdulması, hər iki cəmiyyət tərəfindən dəstəklənməsi və heç bir halda yenidən mübahisə predmetinə çevrilməməsi üçün əsas şərtdir. Əks halda, sülh sazişi adi kağız parçasına çevriləcək, tərəflər və regional oyunçular bir-birlərinə öz maraqlarını diktə etməyə çalışacaq. Ermənistanda real vəziyyət buna imkan verirmi?

Hüquqi vəziyyət:

Ermənistanın Müstəqillik Aktında və ona istinad olunan Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları yer alıb;

Ermənistanın dövlət atributları da qonşu ölkələrə ərazi iddialarını simvolizə edir;

Ermənistanın qanunverici orqanı keçmiş Dağlıq Qarabağla bağlı Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə zidd olan qətnamələr qəbul edib;

Ermənistanın yüksək məhkəmə instansiyaları da eyni şəkildə Azərbaycana qarşı ərazi iddialarını “qanuninləşdirib”.

Ermənistan bu gün Azərbaycana israrla təklif etdiyi Alma-Ata bəyannaməsinin prinsiplərinə Dağlıq Qarabağla bağlı 10 qeyd-şərtlə qoşulub və s.

Beləliklə, aydın olur ki, Ermənistan davamlı, mübahisəsiz sülh istəyirsə əvvəlcə öz daxilində bu məsələləri həll etməlidir. Azərbaycan etibarlı təminatlar olmayınca bu sənədə imza atmayacaq. Çünki sabah Ermənistanda hakimiyyət dəyişikliyi olarsa, iqtidara gələn qüvvələrin qeyd olunan “hüquqi bazaya” istinad edərək sülh sazişini ləğv edəcəyi və Azərbaycana qarşı ərazi iddialarını yeniləcəyi gözləniləndir.

Siyasi vəziyyət:

Baş nazir Nikol Paşinyan başda olmaqla iqtidar yetkililərinin konstitusiya dəyişikliyinin zəruri olduğunu bəyan etmələri cəmiyyətdə məğlubiyyətin xofu ilə daldalanmış nifrət dolu revanşist iddiaların yenidən alovlanmasına gətirib çıxardı. Ermənistanda gedən daxili diskussiyalar göstərir ki, siyasi palitranın böyük bir kəsimi konstitusiya islahatlarına qarşıdır. Rəy sorğularına görə əhalinin 38 faizi ümumiyyətlə konstitusiyanın dəyişdirilməsinə qarşıdır, cəmi 14 faiz hesab edir ki, hakimiyyətin məntiqi doğrudur. Əlbəttə, bu şəraitdə referenduma gedilərsə, cəmiyyət konstitusiya islahatlarına “yox” deyər və nəticədə sülh müqaviləsinin perspektivi ən azı yaxın dövr üçün sıfırlanar. 

İkincisi, sorğulara görə, Nikol Paşinaynın reytinqi sürətlə azalır, o ən azı ötən seçkilərdə dəstək aldığı seçicilərin 5 faizinin dəstəyini itirib. Konstitusiya dəyişikliyi ətrafında gedən qızğın ictimai müzakirələr də onun populyarlığına mənfi təsir edir. Baş nazir bu şərtlər daxilində çətin ki, Əsas qanunu səsverməyə çıxarsın, çünki revanşist qüvvələr fürsətdən istifadə edib daxili vəziyyəti gərginləşdirə, hətta Paşinyanın devrilməsini şərtləndirən situasiya yarada bilər. 

Üçüncüsü, Ermənistan mediası iqtidarda olduğu dövrdə monolitliyini qoruyub-saxlamış hakim komanda daxilində çatlar yarandığını yazır. Bu gün artıq “Vətəndaş Müqaviləsi” partiyasının spiker Alen Simonyanın istefasını tələb etdiyi barədə iddialar ortaya çıxıb. Qeyd olunur ki, spiker və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında post-Paşinyan dövrünün liderliyi uğurunda çəkişmə başlayıb. Paşinyandan dəstək alan Qriqoryan tərəfdarları Simonyanın ləklənməsi və ictimai rəydə “vurulması” üçün geniş kampaniya aparır. Bu kontekstdə spikerin yaxın qohumlarının korrupsiyaya bulaşması barədə məlumatların mediaya sızdırılması, daha sonra məsələnin həbsxanaya qədər uzanması təsadüfi deyil.  

Keçmiş siyasi elitadan ibarət olan Ermənistan müxalifəti isə Azərbaycanla sülh razılaşmasına qarşıdırlar, bu düşərgənin 44 günlük müharibənin cızdığı sərhədlərin “qəfil hücumla” dağıdılması ilə bağlı illüziyaları var...

Bura Ermənistanın qarmaqarışıq daxili durumu haqda faktların daha uzun siyahısını əlavə etmək mümkündür. Bütün bunlar İrəvanın əslində Azərbaycanla davamlı sülh sazişinə hazır olmadığını təsdiq edir və Paşinyan komandasının və ona birmənalı dəstək verən Qərb çevrələrin sülh adına əslində bleflə məşğul olduqlarını ortaya qoyur.

Turqut