SSRİ-2: İmperiya geri dönür?
Keçmişə qayıdış, yoxsa yeni reallıq: SSRİ-nin bərpası mövzusu gündəmdədir
10 Yanvar 2025
Rusiya Dövlət Dumasının deputatı və erudit Anatoli Vasserman 2025-ci ildə SSRİ-nin yenidən bərpa oluna biləcəyini bəyan edib. Bu barədə “Moskovskiy Komsomolets” qəzeti yazıb.
Vassermanın fikrincə, SSRİ-nin yenidən bərpası qaçılmazdır. O, “qitə imperiyalarını” misal gətirərək iddia edib ki, bu cür imperiyalar parçalanmadan sonra bərpa olunur və daha böyük, daha güclü olur. O, izah edib ki, “qitə imperiyaları” əsrlər boyu yanaşı yaşayan xalqlardan formalaşır. “Rusiya qitə imperiyasının klassik nümunəsidir”, – deyə Vasserman vurğulayıb. – “O, öz tarixində bir neçə dəfə parçalanıb, lakin hər dəfə bərpa olunub. Üstəlik, adətən hər dəfə əvvəlkindən daha böyük ölçüdə və daha yaxşı formada bərpa olunub. Bu ona görə baş verib ki, Rusiyada yaşayan xalqlar öz aralarındakı qarşılıqlı faydalı əməkdaşlıq formalarını müstəqil şəkildə seçə biliblər. Buna görə də, biz bu dəfə də bərpa olunacağıq”.
Erudit hesab edir ki, SSRİ-nin yenidən dirçəlməsi artıq cari ildə baş verə bilər və bu ehtimalı yüksək qiymətləndirir.
Vasserman bundan əvvəl 2025-ci ildə Ukraynaya qarşı müharibənin kəskinləşəcəyini proqnozlaşdırmışdı. O, əmindir ki, Rusiya ordusu bu il bütün Donbası ələ keçirəcək.
Vassermanın ensiklopedik bilikləri doğrudan da danılmazdır. Amma Odessanın keçmiş sakinin başında hansı proseslər getdiyini anlamaq artıq çətindir. Vassermanın “SSRİ-2” ilə bağlı bu proqnozlarını reallıq prizmasından necə qiymətləndirmək olar?
Müstəqil analitik Rəşad Rzaguliyev bu məsələ ilə bağlı fikirlərini Pressklub.az ilə bölüşüb.
Onun sözlərinə görə, Vassermanın ağılı ilə bağlı heç bir problem yoxdur – sadəcə olaraq, o, nadir "homo sovieticus" populyasiyasının yox olmaqda olan növüdür və belə olaraq qalır.
“Bu, Putinin “ən böyük geosiyasi fəlakət” adlandırdığı SSRİ-nin dağılması, onun aktivlərinin quldurcasına talanması, çoxmilyonlu əhalinin aldadılmış, talan edilmiş taleyinin acısı ilə yaşayan nəsildir. Bu nəsil hadisələri dərin ağrı ilə qarşılayıb.
Vassermanın yaşı və “şər imperiyası” adlandırılan keçmiş imperiyanın tarixi yaddaş prizması nəzərə alınsa, onun şəxsi düşüncələrini və arzularını anlamaq olar. Şəxsən Vassermana münasibətdə Heraklitin məşhur ifadələrindən yalnız biri tətbiq edilə bilər: “Çox bilmək ağıllı olmaq demək deyil…”, – deyə ekspert bildirir.
O, hesab edir ki, bu gün dünya böyük dəyişikliklər ərəfəsindədir. “Yeni dünya düzəninin hərəkətverici qüvvələri və ona müqavimət göstərən qüvvələr var. Bu səbəbdən dünya siyasi sistemində xaos, müharibələr və münaqişələr baş verir və onların coğrafiyası genişlənməkdədir. Resurslar, logistika, texnologiyalar və bazarlar uğrunda mübarizə gedir… Əlbəttə, bu kontekstdə Rusiyanın müvəqqəti olaraq başqa əraziləri zəbt etmək şansı var. Amma nəticə məlumdur və zaman hər şeyi öz yerinə qoyacaq.
Keçmişin arxaik imperiyalarını total panregional layihələr əvəz edəcək. Bu, tamamilə fərqli geosiyasi və geoiqtisadi fəlsəfə, xalqlar və ərazilərin birliyinin tamamilə fərqli texnologiyası, tamamilə fərqli ictimai-siyasi quruluşdur. Böyük ərazi və seçki kütlələrinin konfederativ formatı sərt imperiya mərkəzləşməsini və vahid mərkəzdən asılılığı nəzərdə tutmur. Quruluşunun ilk mərhələsində Yeni dünyanın sərhədləri onun əhalisinin əksəriyyətinin dini baxışları, həmçinin dinlərarası razılaşmanın modernləşmə mexanizmləri ilə müəyyən ediləcək.
Məhz gələcəkdəki dinlərarası sülh dialoqu və əməkdaşlıq vasitəsilə Yer üzərində vahid sülh gündəminə çatacağıq… Artıq Yer sakinlərinin başqa yolu yoxdur…”, – Rzagulyev əmindir.
Rauf Orucov