Logo
news content
User
Kateqoriyalar

Analitika

Srbazanın missiyası: Kilsə sülhə qarşı
Heç kimin tanımadığı “din xadimini” ortaya atan və dəstəkləyən qüvvə kimdir?

Erməni Apostol Kilsəsinin arxiyepiskopu Baqrat Qalstanyanın başçılıq etdiyi “Vətən uğrunda Tavuş” hərəkatının hansı səbəbdən yaradıldığı üzə çıxmağa başlayıb. Hərəkat ilk dövrlərdə konkret olaraq qarşısına qoyduğu “regionda sərhədin demarkasiyasına etiraz etmək”dən kənara çıxıb. İndi bu, yumşaq desək, qeyri-adi din xadimi İrəvan sakinlərini silkələməyə çalışır.


Baqrat (Srbazan) ilk dövrdə Qazaxın 4 kəndinin Azərbaycana qaytarılmasına etiraz edərək, prosesi dayandırmağı tələb edirdisə, hazırda daha böyük siyasi tələblərlə çıxış edir. İndi o, Paşinyanı istefaya dəvət edir, onu devirməyə səsləyir, xalq tərəfindən seçilmiş baş nazirin hakimiyyətini tanımadığını bildirir. İnsanları vətəndaş itaətsizliyinə çağıran, cibində Ermənistandan əlavə həm də Kanada pasportu (o, ikili vətəndaşlığa malikdir) gəzdirən din xadimi (!) baş nazir postunu tutmağa hazır olduğunu da bildirir. Necə deyərlər, iştah diş altındadır... 


Aydındır ki, bir qədər əvvələ kimi heç kimin tanımadığı arxiyepiskop Qalstanyan özbaşına hərəkət etmir. Bəs onun arxasında kimlər dayanır? Sözsüz ki, ilk növbədə Erməni Apostol Kilsəsi və bunu başa düşmək çətin deyil. Amma o, bu halda kimin maraqlarını təmsil edir? Qərbin, yoxsa Rusiyadakı diasporun? Maraqlıdır ki, bu günlərdə keçmiş prezident Serj Sarqsyan da bu hərəkatın “fəaliyyətini” təqdir edən açıqlama ilə çıxış edib... 


Hər şey bir həqiqəti göstərir: Bakı və İrəvanın bu il yekun sülh müqaviləsi imzalaması kiməsə qətiyyən sərf etmir! Amma kimə?


Politoloq, Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu Pressklub.az-a açıqlamasında deyib ki, arxiyepiskop Baqratın hərəkatının Moskvadan dəstəkləndiyi açıq-aydın görünür.


Kreml, əlbəttə ki, var qüvvəsi ilə bu şübhələri özündən uzaqlaşmağa çalışır. Necə deyərlər, kölgədə qalmağa üstünlük verir. Amma hər şey göz önündədir. Erməni kilsəsi həmişə SSRİ DTK-nın nəzarəti altında olub. Bu barədə Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları memuarlarında və kitablarında yazıblar. Məsələn, DTK-nın generalı Oleq Kaluqin öz kitabında təkcə Rusiyada deyil, Yaxın Şərqdə və hətta Fransa, Almaniya və xüsusilə ABŞ kimi Qərb ölkələrində erməni diasporu və kilsə ilə necə işlədiyini ətraflı təsvir edib. Yəni, burada hər şey aydındır”, - tədqiqatçı deyir.


O, hesab edir ki, Baqratın hərəkatının özünün mahiyyətinə gəlincə, təbii ki, onun bütün səyləri sülh prosesinin dayandırılmasına yönəlib. “Biz Vaşinqtonun Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq üçün birmənalı səylərini görürük. Baxmayaraq ki, Azərbaycan rəhbərliyi bunun əksinə deyir, Qərbi günahlandırmağa, belə bir məsuliyyəti onun üzərinə qoymağa çalışır. Amma bu halda həqiqəti gizlətmək mümkün deyil. Azərbaycan Ermənistana qarşı daha mülayim siyasət yürütməyə başlayıb. Moskvanın İrəvanda təşkil etdiyi etiraz aksiyaları davam etsə də, Bakının dolayısı ilə bu prosesi dəstəkləmədiyini görürük. Və bu da təbiidir. Bu gün bizə Paşinyan lazımdır ki, onunla sülh müqaviləsi imzalayaq. Və özünü müxalifətçi adlandıran bütün bu qüvvələr yekdilliklə İrəvanın güzəşt siyasəti apardığını bildirir və Paşinyanı satqınlıqda ittiham edirlər. Bu o deməkdir ki, onlar sülh prosesinə qarşıdırlar. Son vaxtlara qədər bu səy gözə çarpmırdı. Amma indi artıq göz qabağındadır. Çünki son məlumatlara görə, Qalstanyan Azərbaycanla sərhəddə yeni mitinq elan edib. Bu, Azərbaycanı münaqişəyə cəlb etmək məqsədi daşıyır. Moskva görür ki, Bakı Ermənistanda daxili siyasi proseslərə müdaxilə etməyə cəhd etmir, sərhəddə gərginlik yaratmır, sülhə nail olmaq üçün aparılan birbaşa danışıqlardan yayınmır və Qalstanyan vasitəsilə Azərbaycanı təxribata çəkmək qərarına gəlib. Bakının buna reaksiya verib-verməyəcəyi başqa sualdır və mən bunun cavabını bilmirəm. Məncə, Moskvadan sifariş gəlsə, reaksiya olacaq. Bu isə Ermənistanda yeni etiraz dalğası ilə nəticələnəcək. Çünki belə olan halda Azərbaycan Ermənistanda sabitliyi pozan bu elementlərin dediklərini faktiki olaraq təsdiq edəcək. Və təbii ki, bu zaman onlar əhali tərəfindən indikindən daha çox dəstəklənəcəklər”, - politoloq qeyd edir.


O hesab edir ki, Moskva Ermənistanla Azərbaycan arasında sülh olmasını istəmir və bu birmənalıdır. “Üstəlik, Moskvanın bu destruktiv siyasəti Paşinyanın Rusiyanın, Əliyevin isə Qərbin vasitəçiliyindən imtina etməsindən sonra özünü xüsusilə aydın şəkildə büruzə verdi. Təbii ki, motivlər fərqli idi. Əliyev Rusiyayönümlü siyasət aparır, Paşinyan isə Qərbin göstərişi ilə hərəkət edir. Belə bir vəziyyətdə yeganə çıxış yolu vasitəçilərsiz danışıqlar aparmaq idi. Bu, prinsipcə, nazirlər, baş nazirin müavinləri və s. səviyyəsində edilir. Və bütün bunlar tərəfləri ən azı sülh müqaviləsini hazırlamağa yaxınlaşdırırdı. Amma aydındır ki, bunu istəməyən tərəf Moskvadır və danışıqlar prosesini hər cür pozmağa çalışır. Diqqətəlayiq haldır ki, son günlər ABŞ və Türkiyədən danışıqlar prosesinin sürətləndirilməsinin vacibliyi ilə bağlı çağırışlar eşidirik. Hər şey sadədir: bu onu göstərir ki, sülhü istəməyən Moskvadır”, - deyə Oruclu yekunlaşdırıb.

Rauf Orucov