“Sıravi Ryan”ın xilas edilməsi... – FİLM KİMİ ƏMƏLİYYAT
Fransa casusunun azad edilməsi niyə bu qədər vacib idi?
24 Sentyabr 2026
Azərbaycanda casusluqda ittiham olunaraq 10 il həbs cəzasına məhkum edilmiş Fransa vətəndaşı Martin Ryan Prezident İlham Əliyevin imzaladığı sərəncamla əfv olunub. Xarici mətbuatda və siyasi kuluarlarda geniş əks-səda doğuran bu qərarın pərdəarxasında isə Paris, Daşkənd və Bakı arasında cərəyan edən olduqca maraqlı diplomatik gedişlərin durduğu ortaya çıxır.
Xatırladaq ki, Martin Ryan Bakı Ağır Cinayətlər Məhkəməsinin 2026-cı il 16 mart tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, Fransa xüsusi xidmət orqanlarının xeyrinə casusluq etməkdə və Azərbaycanın Türkiyə və Pakistanla hərbi əməkdaşlığına dair məxfi məlumatları toplamaqda günahlandırılırdı.
Martin Ryanın cəzasının çəkilməmiş hissəsindən məhz indi azad edilməsi təsadüfi sayılmır. Bu əfv qərarı Avropa İttifaqının özbək mənşəli rusiyalı milyarder Əlişir Usmanovu sanksiya siyahısından çıxarmasından dərhal sonra gerçəkləşib.
"Euronews"un yaydığı məlumata görə, Fransa tərəfi Usmanovun sanksiyalardan azad olunmasını Azərbaycanda həbsdə saxlanılan iki Fransa vətəndaşının azad edilməsi ilə birbaşa əlaqələndirib. Paris və Daşkənd arasında əldə olunan pərdəarxası razılaşmaya əsasən, Fransa Usmanovun üzərindən sanksiyaların götürülməsinə nail olmalı, bunun müqabilində isə özbək tərəfi vasitəsilə Azərbaycanın fransız casusları əfv etməsi təmin olunmalı idi.
Fransa və Azərbaycan rəsmiləri bu sövdələşməni rəsmən təsdiqləməsələr də, Paris tərəfi "Euronews"a verdiyi açıqlamada mövzunun "milli təhlükəsizlik" məsələsi olduğunu bildirərək əlavə detalları gizli saxlayıb.
Gürcüstanlı jurnalist Gela Vasadzenin "Новости Кавказа" ("Qafqaz Xəbərləri") verilişində məsələni şərh edən Milli Məclisin deputatı Rasim Musabəyov Qərb və region ölkələri arasındakı bu gərgin diplomatik bazarlığın detallarını açıqlayıb.
R.Musabəyov qeyd edib ki, Fransa prezidenti Emmanuel Makron fransız casusların azad edilməsi üçün Bakıya dəfələrlə birbaşa müraciət etsə də, Azərbaycan tərəfi bu təzyiqləri və xahişləri qətiyyətlə cavabsız qoyub. Hətta yaşanan bu fiaskoya görə Makron öz kəşfiyyat rəhbərini də vəzifəsindən kənarlaşdırmalı olub.
Bakıdan cavab ala bilməyən Paris vəziyyətdən çıxış yolunu Özbəkistan rəhbərliyini prosesə cəlb etməkdə görüb:
Özbəkistan hökuməti ölkədəki böyük iqtisadi islahatlarda aktiv rol oynayan milyarder Əlişir Usmanovun sanksiyalardan çıxarılmasında maraqlı idi. Birbaşa Bakı ilə anlaşa bilməyən Paris, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə şərt irəli sürərək, Usmanovun sanksiya siyahısından çıxarılması qarşılığında Azərbaycanın fransız məhbusları azad etməsi üçün vasitəçilik etməsini istəyib.
Ekspert vurğulayır ki, Azərbaycan bu addımı atarkən Fransa ilə heç bir birbaşa bazarlığa getməyib. Hər hansı yumşalma baş veribsə, bu, yalnız qardaş Özbəkistan rəhbərliyinin və Prezident Şavkat Mirziyoyevin xahişinin nəzərə alınmasının göstəricisidir.
Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev də məsələyə münasibət bildirərək, Prezident İlham Əliyevin bu addımının arxasında dostluq və dövlət maraqlarının dayandığını vurğulayıb:
"Əlişir Usmanov bir Özbəkistan türküdür. Bunun sırf şəxsi münasibətlərə görə olduğunu düşünmürəm, belə olsaydı başqa şəxslərin də adı siyahıda olardı. Hərçənd, bu motivlə olsaydı belə, buna pis baxmazdım. Hər birimiz dostların xahişini edirik - bu, bir insanlıq, kişilik məsələsidir. Amma görünür, onun ölkəmiz qarşısında böyük xidmətləri olub. Prezident qərar qəbul edəndə şəxsi münasibətlərdən öncə hər zaman dövlətin və ölkənin ali maraqlarını nəzərə alır".
Turqut