Logo
news content
User
Kateqoriyalar

Analitika

“Sən mənə, mən sənə...” - Bu dəfə İran Rusiyaya “elçi” düşüb
Moskvanın Tehrana reaktiv dronlar verməsi Azərbaycan üçün hansı təhlükələr yaradır?

 İran ABŞ və İsrailə qarşı müharibədə istifadə etmək üçün Rusiyadan qabaqcıl “Geran” reaktiv pilotsuz uçuş aparatları istəyib. Bu barədə Financial Times Qərb təhlükəsizlik xidmətlərinin nümayəndələrinə və Kremlə yaxın mənbəyə istinadən yazır. Mənbələr Moskvanın belə tədarükə razılıq verib-vermədiyini dəqiqləşdirməyiblər.

“Geran” İranın “Şahed” pilotsuz uçuş aparatlarının təkmilləşdirilmiş versiyasıdır. Rusiya onların istehsalına 2023-cü ildə başlayıb. Sonuncu, beşinci model saatda 600 kilometrədək sürət yığır, 90 kiloqramadək döyüş başlığı daşıyır və təxminən 1000 kilometr uçuş məsafəsinə malikdir. O, həmçinin termal görüntüləmə kameraları, süni intellekt əsasında işləyən tuşlama sistemləri və radioelektron mübarizə vasitələrindən müdafiə sistemləri ilə təchiz olunub.

Son həftələrdə bu tip dronlardan Ukraynaya qarşı fəal şəkildə istifadə olunub və onlar hava hücumundan müdafiə sistemlərini yarmaqda yüksək effektivlik nümayiş etdiriblər. Ukrayna Silahlı Qüvvələrinin nümayəndəsi Yuri İqnatın qiymətləndirməsinə görə, Müdafiə Qüvvələri Rusiyanın reaktiv pilotsuz uçuş aparatlarının təxminən 60 faizini vurur. Bu göstərici daha köhnə modellərlə müqayisədə xeyli aşağıdır: köhnə dronlar üzrə bu göstərici 90–95 faiz təşkil edir. Yeni dronların istifadəsi ölkənin Hərbi Hava Qüvvələrini qırıcı təyyarələrdən daha tez-tez istifadə etməyə də məcbur edir.

Reaktiv “Geran”lar əvvəlki modellərdən daha bahalı və mürəkkəbdir, lakin buna baxmayaraq, “Kalibr” və X-101 qanadlı raketlərindən daha ucuz başa gəlir. Mərkəzləşdirilmiş istehsal Rusiyaya döyüş meydanından alınan rəylər əsasında dronları təkmilləşdirməyə və yeni modelləri sürətlə tətbiq etməyə imkan verib.

“Sting” dron tutucularını istehsal edən “Wild Hornets” şirkətinin nümayəndəsi bildirib ki, yeni “Geran”ların kütləvi şəkildə tətbiqi ukraynalı rəsmilər və istehsalçılar üçün gözlənilməz olub. “Onlar bütün səylərini, resurslarını, pullarını və istedadlarını məhz bu sistemə yönəldiblər. Bu texnologiyanı mükəmməl etmək üçün onu daim təkmilləşdirir və döyüş meydanında sınaqdan keçirirlər”, – Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin baş elmi əməkdaşı Yekaterina Bondar qeyd edib.

Hərbi analitik Konrad Muzıka bildirib ki, yeni “Geran”lar pilotsuz uçuş aparatı ilə qanadlı raket arasındakı fərqi yox edən sürət və yüksəkliklərdə uçurlar. “Yəqin ki, tezliklə bu dronların stels imkanlarına malik olduğunu görəcəyik. Bu isə onların istehsalının, alınmasının və istifadəsinin daha baha başa gələcəyi, eyni zamanda, məhv edilməsinin də daha bahalı olacağı deməkdir”, – o deyib.

Financial Times sentyabrın 2-də məlumat vermişdi ki, Rusiya ABŞ-ın Yaxın Şərqdəki hərbi gəmiləri və bazaları üçün ciddi təhlükə yaradan səsdən sürətli qanadlı raketlərin hazırlanmasında gizli şəkildə İrana  kömək edir. Bu sahədə əməkdaşlıq fevralın 28-də başlayan ABŞ və İsraillə hazırkı müharibə dövründə də davam edib.

Aydındır ki, bütün bu vəziyyət İranla uzun sərhədə malik olan və bu qonşu ölkə ilə çox mürəkkəb münasibətlər tarixi yaşayan Azərbaycanı narahat etməyə bilməz. Heç kimə sirr deyil ki, hətta son onillikdə dəfələrlə dövlətlərimiz arasında təhlükəli gərginlik yaşanıb. Bəs, SEPAH Rusiyanın reaktiv pilotsuz uçuş aparatlarını əldə etsə və Azərbaycan ərazisindəki “İsrail bazalarını” məhv etməyin vaxtının çatdığına qərar versə növbəti gərginlikdən sonra necə olacaq? Ölkəmizin bu cür potensial hücumun qarşısını almaq üçün etibarlı müdafiə vasitələri varmı?

Pressklub.az-ın suallarını cavablandıran hərbi ekspert, Azərbaycan Müdafiə Nazirliyinin İnformasiya-Analitik İdarəsinin sabiq əməkdaşı Azad İsazadə qeyd edib ki, ilk növbədə “Şahed” PUA-ları ilə bağlı qısa tarixi arayış vermək lazımdır. 

“Şahed” (məişətdə “moped” adlandırılır) dronları İranın “Shahed-136” modelidir. Bu dron əvvəlcə İrandan idxal olunurdu, 2023-cü ildə isə onun istehsalı Rusiyada “Geran-2” adı altında təşkil edildi. Bu model İranın əlinə keçmiş İsrail PUA-sı əsasında yaradılıb. Ehtimal olunur ki, həmin aparat Qəzza, Livan və ya Suriya ərazisində yerə düşüb və partlamayıb.

Sonradan Rusiya bu dronu təkmilləşdirərək onun reaktiv tipli modifikasiyasını yaradıb. Hazırda əsasən reaktiv mühərriklə təchiz olunan “Geran-4” istifadə edilir. Beşinci nəsil – “Geran-5” də hazırlanır, lakin o, hələ istehsal mərhələsindədir və kütləvi şəkildə tətbiq olunmur.

2023-cü ildən bəri davam edən münaqişə boyunca Ukrayna kəşfiyyatına istinadən dəfələrlə məlumat verilib ki, Krımda – əsasən Sevastopolda və cəbhəyanı zonada bu sistemin istehsalını təşkil edən iranlı mütəxəssislər zərbələrə məruz qalıblar. Rusiya ilə İranın pilotsuz uçuş aparatları üzərində birgə işi uzun müddətdir davam edir. Görünür, iranlı mühəndislər Yelabuqadakı müəssisədə də çalışırlar. Bu da yeni modelin birgə hazırlanmasından danışmağa əsas verir. İstisna deyil ki, İran Rusiyaya ötürdüyü adi mühərrikli PUA texnologiyalarının müqabilində birgə raket layihələrinə çıxış əldə edib.

Bununla belə, Rusiya bu dronları İrana böyük partiyalarla tədarük edə bilməyəcək, çünki özünün də ehtiyacı var. Bu gün “Geran”lar ən kütləvi şəkildə sərf olunan vasitələrdən birinə çevrilib və Ukraynaya zərbələr zamanı bəzən gündəlik bir neçə yüz ədəd istifadə edilir.

Financial Timesın materialına gəlincə, bu, yaxşı hazırlanmış manipulyativ yazıdır. Orada Rusiya PUA-larının güclü tərəfləri qabardılır, Ukrayna hərbi-sənaye kompleksinin və hava hücumundan müdafiə sisteminin imkanları isə əsassız şəkildə kiçildilir.

Ancaq yüz faiz effektiv hava hücumundan müdafiə sistemi mövcud deyil və xüsusiyyətlərinə görə qanadlı raketlərə yaxınlaşan yeni reaktiv pilotsuz uçuş aparatlarının 60 faizinin vurulması kifayət qədər yüksək nəticədir. Müqayisə üçün, 2022-ci ildə İranın orijinal dronlarından istifadə zamanı və 2023-cü ildə “Geran-2”nin istehsalına yeni başlananda vurulma göstəricisi cəmi 20–30 faiz təşkil edirdi. Məqalədə göstərilən rəqəmlər – reaktiv dronlar üçün 60 faiz, reaktiv olmayanlar üçün isə 90–95 faiz – Ukrayna Silahlı Qüvvələrinin sözçüsü Yuri İqnatın məlumatlarına əsaslanır. Lakin bu rəqəmlər materialda mənfi vurğu ilə təqdim olunur.

Əslində, 60 faizlik göstərici hazırkı vəziyyəti əks etdirir və HHM sistemi uyğunlaşdıqca bu rəqəm artacaq. Reaktiv dronlarla – “Geran-4” və “Geran-5”lə mübarizəyə qırıcı aviasiya, o cümlədən F-16-lar, eləcə də DŞK tipli iriçaplı pulemyotlaradək müxtəlif yerüstü HHM vasitələri cəlb olunur.

Ukrayna PUA və qanadlı raketlərə qarşı eşelonlaşdırılmış HHM sistemi formalaşdırıb. Qanadlı raketlərin vurulma səviyyəsi 100 faizə yaxındır, əsas çətinlik isə ballistik raketlərlə bağlı olaraq qalır. Əvvəlcə “Geran”lardan cəbhə xətti boyunca istifadə olunurdu. Hazırda isə HHM sistemlərinin sıxlığı səbəbindən onların bu zonada tətbiqi az effektivdir və əsasən Kramatorsk və Slavyansk istiqamətində nadir zərbələrlə məhdudlaşır. Buna görə də həmin dronlar ölkənin dərinliklərində yerləşən mülki obyektlərə qarşı yönəldilib.

Financial Times Rusiyada istehsalın mərkəzləşdirilməsini üstünlük kimi təqdim etməklə təhrif olunmuş analitik qiymətləndirmədən istifadə edib. Praktikada isə məhz Ukraynada PUA və HHM sistemlərinin hazırlanmasının qeyri-mərkəzləşdirilmiş, şəbəkə modeli daha çevik və adaptiv müdafiə və hücum strukturunun formalaşmasına imkan verib.

Əgər Rusiya Silahlı Qüvvələri təxminən 10–20 növ PUA-dan istifadə edirsə, Ukraynada ölkə üzrə fəaliyyət göstərən çoxsaylı kiçik istehsal müəssisələri sayəsində modellərin sayı yüzlərlə ölçülür. Ukraynanın pilotsuz sistemləri yalnız hava məkanını deyil, dəniz və quru sahələrini də əhatə edir. Buraya döyüş sursatı və ərzaq çatdırılması, eləcə də yaralıların təxliyəsi üçün istifadə olunan ağır yerüstü platformalar da daxildir”, – ekspert bildirib.

İran və Azərbaycanın münasibətlərinə gəlincə, o bildirib ki, Tehran Fars körfəzi regionundakı qonşu ölkələrin infrastrukturuna zərbə endirmək qabiliyyətini artıq nümayiş etdirib.

Türkiyə ərazisi üzərindən uçuşlar qeydə alınıb və bu, sərt reaksiyaya səbəb olub. Həmçinin Naxçıvanda üç İran PUA-sının düşməsi ilə bağlı insident yaşanıb.

Hava hücumları təhlükəsi ciddi olaraq qalır. Əgər ABŞ-ın hərbi bazalarındakı HHM sistemləri belə mütləq müdafiə təmin etməyibsə, deməli, Azərbaycan üçün də ciddi risklər mövcuddur. Bununla belə, Bakı fəal hərbi-diplomatik iş aparır, İranın mülki administrasiyası ilə əlaqələri saxlayır və sərhəd boyunca ilkin xəbərdarlıq üçün radar şəbəkəsi yerləşdirib.

60 faiz göstəricisinə qayıtsaq, bu rəqəmin ətraflı izaha ehtiyacı var. “Ələ keçirmə” anlayışı yalnız dronun atəş vasitələri ilə birbaşa fiziki məhv edilməsini deyil, həm də pilotsuz aparatları “kor edən” və onları kursdan çıxaran radioelektron mübarizə vasitələrinin təsirini əhatə edir. Bundan başqa, aparatların bir hissəsi texniki nasazlıqlar nəticəsində idarəetməni itirir. Yəni faiz gözəl görünən rəqəmdir, amma etibarlı göstərici deyil.

Bu rəqəmə detallı yanaşmaq lazımdır, lakin bəzi qərəzli media vasitələri belə təhrif olunmuş qiymətləndirmələri yayımlamaqla bəzən Rusiyanın maraqlarına xidmət edirlər”, – İsazadə yekunlaşdırıb.

Rauf Orucov