Lukaşenko ABŞ elçisinə: "Pulları geri verin!"
16 Sentyabr 2026
ABŞ rəsmiləri "Citibank"dan Belarus hökumətinin dondurulmuş pullarını qaytarmağı xahiş ediblər. Bu barədə Donald Trampın xüsusi elçisi Con Koul Minskdə Aleksandr Lukaşenko ilə görüşündə bildirib. Onların söhbətinin açıq hissəsinin videosu Lukaşenko administrasiyasına yaxın olan "Pul Pervoqo" Telegram-kanalında yayımlanıb.
"Bu pulların üzərindəki qadağa götürülməli və geri qaytarılmalıdır. Biz artıq banka həmin vəsaitlərin qaytarılması üçün müraciət etmişik. Hazırda bunun hansı yolla ediləcəyi üzərində işləyirik. Bankdan konkret cavab alan kimi sizə dərhal məlumat verəcəyik", – diplomat bildirib.
Lukaşenko cavabında bildirib ki, Belarus rəhbərliyi ABŞ ilə istənilən məsələnin müzakirəsinə açıqdır, amma bunun üçün tərəflər "əldə olunmuş razılaşmalara qeyd-şərtsiz əməl etməlidirlər".
Sentyabrın 11-də Lukaşenko bəyan edib ki, "Citibank"da Belarusa məxsus 43 və ya 44 milyon dollar "batıb qalıb". "Varlı Amerikanın əlində ilişib qalıb. Zəhmət olmasa, bu pulları bizə qaytarın. Pulları geri verin! Bu, ABŞ üçün rüsvayçılıqdır. Ondan sonra sizinlə daha ciddi məsələlər barədə danışarıq", – o deyib.
C.Koul ilə görüşdə siyasi məhbusların buraxılmasının danışılacağı gözlənilirdi. Lakin Lukaşenko sentyabrın 15-də bildirib ki, ölkə qanunlarında belə bir maddə yoxdur, ona görə də "Belarusda heç bir siyasi məhbus yoxdur".
"Bizdən qaçıb Qərbə gedənlər bu söhbəti bərk şişirdirlər. Məndə olan məlumata görə, deyəsən, sizi də buna inandırıblar: guya biz kimisə buraxırıq, amma dərhal yerinə iki qat daha çox adam həbs edirik. Sizə açıq deyirəm, bu, tamamilə yalandır. Bizim buraxılan adamların yerinə həbsxanalara yenilərini doldurmaq kimi bir məqsədimiz yoxdur. Bizim belə bir dərdimiz yoxdur", –Lukaşenko əlavə edib.
"Pul Pervoqo" Telegram kanalı Koul və Lukaşenko arasındakı danışıqların üç saat davam etdiyini bildirir. Belaruslu siyasi məhbusların yeni qrupunun azad olunması ilə bağlı hər hansı konkret qərarın qəbul edilib-edilmədiyi hazırda məlum deyil.
Xatırlatma
Koulun Belarus rəhbərliyi ilə əvvəlki görüşləri sayəsində yüzlərlə siyasi məhbus azadlığa buraxılıb. Bunun əvəzində isə ABŞ Belarusa tətbiq etdiyi bəzi sanksiyaları yumşaldıb. Avqustun sonlarında C.Koul daha iki-üç yüz siyasi məhbusu həbsdən çıxarmaq üçün yenidən Belarusa getməyə hazırlaşdığını demişdi.
Koulun sözlərinə görə, o, müxalifətçilərlə razılaşıb ki, Belarus rəhbərliyini tənqid edərkən daha ehtiyatlı olsunlar, çünki "orada hələ 800-900 nəfər qalıb və əgər Lukaşenkonu bərk qəzəbləndirsəniz, hər şey pozular".