Logo
news content
User
Kateqoriyalar

Analitika

Səhiyyə Nazirliyi: “Sərhədi keçmiş Gürcüstan vətəndaşı ilə təmasda olan şəxslər tibbi nəzarətdədir”

Müəllif: Ülviyyə Şahin

Gürcüstanda ilk koronavirusa yoluxma halı aşkarlanıb. Həmin şəxs İran-Azərbaycan marşrutu ilə vətəninə qayıdan 50 yaşlı Gürcüstan vətəndaşıdır.

Bu fakt belə bir sualın ortaya çıxmasına səbəb oldu ki, bəs Azərbaycan tərəfi sərhəddə yoxlama zamanı bu adamın virusa yoluxduğunu niyə müəyyən edə bilməyib? Ümumiyyətlə, sərhədlərdə vəziyyət necədir?

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, fevralın 25-də İran İslam Respublikasından gələn və Azərbaycan ərazisindən keçərək Tbilisiyə getmiş Gürcüstan vətəndaşında Covid-19 virusunun aşkarlanması haqda informasiya əsasında nazirlik və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi müvafiq dövlət qurumları ilə birlikdə dərhal araşdırma aparıb. Araşdırma zamanı həmin şəxsin gömrük nəzarətindən keçməsini əks etdirən kadrlar ciddi təhlil edilib və Astara gömrük-keçid məntəqəsindəki yoxlama anında onun hərarətinin norma daxilində olduğu müəyyənləşdirilib, səhhətində şübhə doğuran əlamətlərin qeydə alınmadığı məlum olub. “Mümkündür ki, xəstəliyin xarakterinə uyğun olaraq, Astara gömrük-keçid məntəqəsindən Gürcüstan sərhədinə qədər məsafənin qət edildiyi 10-12 saat ərzində xəstəliyin əlamətləri üzə çıxıb. Belə ki, virusun inkubasiya dövrü 14 günə qədərdir və həmin müddətdə xəstəliyin simptomları gizli qala bilər. Göstərilən faktla bağlı bütün tədbirlər görülür. Dövlət sərhədini keçmiş Gürcüstan vətəndaşı ilə təmasda olan şəxslər, o cümlədən gömrük, sərhəd, tibb işçiləri müəyyənləşdirilib və onlar tibbi nəzarətdədir”, – deyə nazirliyin mətbuat xidmətindən qeyd etdilər.

Dövlət Gömrük Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Natiq Axundov isə Azərbaycan tərəfindən Gürcüstanla gediş-gəliş üçün hər hansı məhdudiyyət tətbiq edilmədiyini vurğuladı: “Azərbaycan-Gürcüstan sərhədi bağlanmayıb, əvvəlki qaydada işləyir. Məhdudiyyət sırf Gürcüstan tərəfindən tətbiq edilir. Bu da İrandan Gürcüstana gələn vətəndaşlara qarşı tətbiq edilən məhdudiyyətdir. Bizim tərəfimizdən qapılar açıqdır, gediş-gəliş üçün heç bir problem yoxdur.”

Koronovirusun əlamətləri və ondan qorunmağın yollarını isə Azərbaycan Tibb Universitetinin dosenti, respublikanın baş infeksionisti Cəlal İsayev ilə müzakirə etdik. İnfeksionistin sözlərinə görə, koronavirusun əlamətləri qrip, respirator virus infeksiyalarını xatırladır: “Çindən yayılan virus adətən ağciyəri zədələyir və ağciyər çatışmazlığına səbəb olur. Beləliklə də, insan tələf olur. Əgər virus ağız boşluğundan daxil olarsa, mədə-bağırsaq pozğunluqları yarada bilər.”

C.İsayev virusdan qorunmağın yollarını da açıqladı: “Maska taxmaq, kəskin respirator xəstəliklərdən əziyyət çəkən insanlarla yaxın təmasda olmamaq, əlləri mütəmadi yumaq, öskürərkən və asqırarkən ağızı birdəfəlik istifadə üçün dəsmalla bağlamaq lazımdır. Bundan başqa, meyvələri yeməzdən əvvəl mütləq yumaq vacibdir. Bu xəstəlik insandan insana o vaxt ötürülür ki, çox sıx təmas olsun. Çin əhalisi yüksək sıxlığa malik olsa da, 12 milyonluq şəhərdə cəmi 3 minə yaxın insan virusa yoluxub. Bu, o deməkdir ki, kontaktlardan keçiricilik zəifdir. Ölüm faizi isə 3 faizə qədərdir. Viruslar xarici mühitin təsirinə son dərəcə həssasdır. 37 dərəcə temperaturda 15 dəqiqəyə, 56 dərəcədə isə dərhal tələf olur. Virus otaq temperaturunda 3 saat qaldığı halda məhv olur.”

C.İsayev bildirdi ki, bütün sərhəd-keçid məntəqələrində vəziyyət ciddi nəzarət altındadır.