Logo
news content
User
Kateqoriyalar

Analitika

Rusiyadan etiraf: Belarusda seçki ideal olmayıb 

“Kreml hazırda Belarus hakimiyyətinə hərbi kömək göstərməyə ehtiyac duymur”.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O bildirib ki, hərbi yardım barədə Kollektiv Təhlükəsizlik haqqında Müqavilədə yazılmış öhdəlik müqavilə iştirakçısı olan ölkəyə xaricdən hücum hallarına aiddir: “Orada doğrudan da, öhdəliklər qeyd olunub. Amma indi buna ehtiyac yoxdur. Belarus rəhbərliyi də bunu deyir”.

Hansı situasiyada bu cür ehtiyac yarana biləcəyinə dair suala cavab verən Peskov hipotetik mülahizələrin qəbuledilməz olduğunu söyləyib: “Biz ondan çıxış edirik ki, Belarus xalqı özü bu məsələni hüquqi müstəvidə, xaricdən müdaxilə olmadan həll edəcək”. 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov tərəfindən bu gün səsləndirilən mövqe də maraqlıdır. O, Belarusda keçirilmiş prezident seçkilərinin ideal olmadığını etiraf edib. “Rossiya” telekanalına müsahibəsində nazir Belarusa qonşu olan ölkələrin addımlarını tənqid edib: 

“Hazırda Avropa paytaxtlarından, ilk növbədə Litva, Estoniya, Polşa, eləcə də Avropa Parlamentindən eşitdiklərimiz Lukaşenko, insan haqları və demokratiya haqqında deyil. Yenə hər şey geosiyasət barədədir. Həmin o qaydalar - hansı ki, Qərbdəki tərəfdaşlarımız bizim qitədə və dünyanın digər həssələrində gündəlik həyata tətbiq etmək istəyirlər – onlardan söhbət gedir. Heç kim gizlətmir ki, söhbət postsovet məkanı uğrunda mübarizədən gedir. Biz bu mübarizəni Sovet İttifaqı dağıldıqdan sonrakı mərhələlərdə gördük. Sonuncu nümunə əlbəttə ki, Ukraynadır”. 

Bununla yanaşı, S. Lavrov qeyd edib ki, Belarusdakı seçkilər ideal olmayıb: 

“Əlbəttə, yox. Buna dair heç də az olmayan sübutlar var. Bu, Belarus rəhbərliyi tərəfindən də etiraf edilir, onlar etiraz edən vətəndaşlarla dialoqa girməyə cəhd göstərirlər”. 

Lavrov əminliyini vurğulayıb ki, Belarus qanunverciliyi seçki prosesini mübahisələndirməyə və şübhə altına almağa imkan verir. Halbuki MDB-nin müşahidə missiyası Belarusdakı prezident seçkilərinin hər hansı pozuntu olmadan keçirildiyi barədə rəy verib. MDB İcra Komitəsinin sədri, Rusiya Xarici Kəşfiyyat Xidmətinin sabiq direktoru Sergey Lebedev seçkilərin açıq, rəqabətli şəraitdə keçirildiyini, vətəndaşların iradəsini əks etdirdiyini, onun nəticələrini şübhə altına almaq üçün hər hansı əsas olmadığını bəyan edib.

Belə görünür ki, Rusiya ən azı bu mərhələdə Belarusdakı proseslərə aktiv və açıq müdaxilə etməyi düşünmür. Verilən rəsmi açıqlamaların diplomatik dildən tərcüməsi budur ki, Qərb müdaxilə etməsə, Rusiya da etməyəcək, qoy, daxildə bu məsələni Belarus rəhbərliyi və xalqı özləri həll etsinlər. Daha əvvəl qeyd etdiyimiz kimi, Belarusdakı etirazların antirusiya xarakterli olmaması və müxalifətin də avroatlantik inteqrasiya hədəfi qoymaması Moskvada müəyyən rahatlıq yaradır. Moskva açıq şəkildə Lukaşenkonun tərəfini tutaraq ona qarşı çıxan xalqın qəzəbini üzərinə çəkmək, Belarusda nüfuzunu itirmək istəmir. Amma bununla yanaşı, Moskva Lukaşenkonun inqilabi yolla devrilməsini də arzulamır və orada dəyişiklik artıq qaçılmazdırsa, bunun mərhələli şəkildə, Qərbin müdaxiləsi, yönləndirməsi olmadan gerçəkləşməsinə tərəfdardır.        

Press Klub