Logo
news content
User
Kateqoriyalar

Analitika

Rövşən Əkbərova 10 il cəza
Ağır cəzaya baxmayaraq, onun “Milli Qəhrəman” fəxri adı, general-leytenant hərbi rütbəsi və digər təltifləri toxunulmaz saxlanılıb

Oktyabrın 27-də Bakı Hərbi Məhkəməsində general-leytenant Rövşən Əkbərova hökm oxunub. Hökmə əsasən, general 20 il əvvəl Kiyevdə 29 yaşlı azərbaycanlı iş adamı Elçin Əliyevi öldürməkdə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum olunub. Onun üzərinə zərərçəkən ailəyə dəymiş mənəvi ziyana görə 40 min manat təzminat ödəmək öhdəliyi də qoyulub. Lakin R.Əkbərovun “Milli Qəhrəman” fəxri adı, general-leytenant hərbi rütbəsi və digər təltifləri toxunulmaz saxlanılıb.

Generalın yaxınları "Press Klub"a deyiblər ki, hökmdən apellyasiya şikayəti veriləcək. Rövşən Əkbərov özü də son sözündə təqsirsiz olduğunu, Elçin Əliyevin ölümünə heç bir aidiyyəti olmadığını deyib. O bildirib ki, Elçin Əliyev kafedə qətlə yetirildiyi vaxt evdə ailə üzvləri ilə birlikdə olub: "Elçin Əliyevi mən öldürməmişəm. O, öldürüldüyü gecə mən Kiyevdə ailəmlə kirayə qaldığım evdə olmuşam. Hadisəni səhər səfirliyə gedəndə eşitmişəm..."

General hadisə vaxtı kafedə mərhum Elçin Əliyevin yanında olmuş Məzahir Şıxəliyevi (2006-cı ildə vəfat edib) yumruqla vurmaqda da ittiham olunur. Lakin o, ümumiyyətlə, Məzahir Şıxəliyevi tanımadığını, Elçin Əliyevi də cəmi 2 dəfə səfirlikdə gördüyünü deyib: "Məhkəmədən xahişim budur ki, günahım olmadığı üçün mənə bəraət verilsin".

Vəkili Rüstəm Zülfüqarov da vurğulayıb ki, qəsdən adam öldürmə və xuliqanlıq ittihamını təsdiqləyən faktiki sübut yoxdur: 

"Rövşən Əkbərov özü də bildirir ki, hadisə baş verən gecə evdə ailəsi ilə birlikdə olub. Onun ailə üzvləri istintaqa şahid qismində çağırılıb, dindirilməyib. Müstəntiq bu məsələni araşdırmaqda maraqlı olmayıb. Məhkəmədə şahid kimi dindirilən şəxslərin heç biri hadisənin Rövşən Əkbərov tərəfindən törədilməsini görməyib. Hamısı kimdənsə eşitdiyini deyir".

Vəkilin çıxışı və generalın özünün son sözündən sonra hökm çıxarmaq üçün müşavirəyə gedən hakimlər kollegiyası təxminən iki saat sonra geri qayıdaraq hökmü elan edib.

Xatırladaq ki, Elçin Əliyev 2001-ci il mayın 31-dən 1-nə keçən gecə Kiyevdəki "Sikora" kafesində ürək nahiyəsindən bıçaqlanaraq qətlə yetirilib. 2003-cü ildə Ukrayna Prokurorluğu Azərbaycan Baş Prokurorluğuna məktub göndərərək Elçin Əliyevin qətlində Rövşən Əkbərovun iştirakını təsdiqləyən sübutların olduğunu yazıbı. Həmin sübutlar da daxil olmaqla, cinayət işinin materialları istintaqın davam etdirilməsi üçün Azərbaycana göndərilib. İş əvvəlcə Hərbi Prokurorluqda, daha sonra Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində araşdırılsa da, bir müddət sonra icraat dayandırılıb. 2014-cü ildə Avropa İnsan Haqları Məhkəməsi mərhumun valideynlərinin şikayəti əsasında qərar çıxararaq bu işdə Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ) maddəsinin pozuntusunu tanıyıb. Qərarda göstərilib ki, bu cinayət işi üzrə effektiv araşdırmalar aparılmayıb.

56 yaşlı Rövşən Əkbərov 1994-cü ildə Surət Hüseynovun dəstəsinin qanunsuz əməllərinin qarşısının alınmasında xidmətlərinə görə “Milli Qəhrəman” adına layiq görülüb. 1995-ci ildə isə o, OMON-çulara qarşı əməliyyatı həyata keçirən əsas fiqurlardan olub. 2002-ci ildə ona general-leytenant rütbəsi verilib, 2011-ci ildə korpus komandiri təyin edilib. R.Əkbərov 2020-ci ilin noyabrında ehtiyata buraxılıb, 2021-ci ilin martında həbs olunub.

Gülər