Logo
news content
User
Kateqoriyalar

Analitika

Ramiz Mehdiyev ona qarşı kampaniya aparanları kompromatla hədələyir

"Məni əsassız tənqidlər o dərəcədə narahat etmir, lakin məni ən çox narahat edən yaxşılıq göstərdiklərimin, həyatını belə xilas etdiklərimin, ayağa qaldırdıqlarımın, məni görəndə ikiqat baş əyənlərin bu gün mənə düşmən kəsilməsidir - nankorluğudur".

Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev "Təzadlar" qəzetinə açıqlamasında bildirib. Mehdiyev bu dəfə ənənəvi tribunasından - AMEA-nın rəsmi saytından istifadə etməyib. Bundan əvvəl o, AMEA saytında ardıcıl 4 məqalə ilə çıxış edərək, özü haqqında tənqidlərə, ittihamlara cavab verib, hakimiyyət dairələrinə mesajlar ünvanlayıb.

AMEA prezidenti bu dəfə də tənqidçilərinə hədə-qorxu gələrək deyib:

"Əgər onların barəsində əlimdə olan faktları ortaya qoysam, gərək respublikadan baş götürüb qaçalar, aləm bir-birinə dəyər. Onlardan bəzilərini isə məhkəməyə verəcəyəm. Yazdıqları yalanlara, olmayan hadisələri uydurub, söylədiklərinə görə yox, nankor olduqlarını cəmiyyətə sübut etmək üçün".

R.Mehdiyev budəfəki cavabında daha da irəli gedərək rəqiblərini kompromatlarla təhdid edə biləcəyini nümayiş etdirib. Bunu AMEA prezidentinin özünümüdafiəsində yeni taktika saymaq olar. O, açıq şəkildə bildirir ki, mövqeyindən geri çəkilməyəcək, əlindəki bütün mübarizə vasitələrindən istifadə etmək niyyətindədir.

Xatırladaq ki, akademikə qarşı qeyri-rəsmi ittihamlarda onun xaricdəki bloqçuları, internet üzərindən yayınlanan, ölkə rəhbərliyini vaxtaşırı təhqir edən kanalları maliyyələşdirdiyi bildirilir. Bu günlərdə Respublika Prokurorluğunda həmin şəxslərin bir qrupu haqda cinayət işi açılıb və onlar "İnterpol" xətti ilə beynəlxalq axtarışa verilib. Maraqlıdır, Ramiz Mehdiyev məhz bu hadisəni özünə qarşı təzyiqlərin bir hissəsi sayaraq rəqiblərini kompromatlarla hədələyib?..

Əgər bu ehtimallar doğrudursa, bizi irəlidə kulminasiya gözləyir. Növbəti mərhələdə Mehdiyevin tənqidçiləri haqqında ictimaiyyətə müəyyən məlumatlar ötürülə bilər.

Yəqin ki, keçmiş PA rəhbəri sabiq silahdaşlarından bir neçəsi haqqında məhkəməyə şikayət edəcək. Onun hesablamalarının nə dərəcədə özünü doğruldacağı isə qarşı tərəfin reaksiyasından asılıdır. Bu günə qədər Mehdiyev ətrafında baş verən hadisələr göstərib ki, akademik hələlik istəyinə nail ola bilməyib. Onun ətrafında dairə getdikcə daralır. 2021-ci ilin dövlət büdcəsi ilə bağlı Maliyyə Nazirliyinin açıqladığı ilkin sənəddə bütün sahələr üzrə xərclər təxminən məlum olsa da, elm sahəsinə nə qədər vəsait ayrılacağı göstərilməyib. Dünən isə məlum olıub ki, bu il AMEA-ya ayrılan büdcədən 3 milyon manat kəsilib. Bu fakt da hakimiyyətin Mehdiyevin rəhbərlik etdiyi AMEA haqqında fərqli planlarının olduğunu göstərir. Beləliklə, akademikin özünü təhlükədə hiss etməsi heç də əsassız görünmür.

Ramiz Mehdiyev həmişə olduğu kimi, açıqlamasının sonunda vurğulayıb ki, bütün fəaliyyətində dövlətə, Heydər Əliyevin siyasi xəttinə sadiq qalıb, bunu əməli fəaliyyəti bir daha təsdiqləyir:

"Cənab Prezident İlham Əliyevin həmişə yanında olmuşam, bu gün də onun siyasi kursunu dəstəkləyirəm, dövlətçilik yolunda canımı verməyə hazıram. Amma məni dövlət əleyhinə fəaliyyətdə suçlayanlar bunu gərək sözlə yox, faktla sübut etsinlər. Kimliyindən asılı olmayaraq, maraqlı qüvvələrə yarınmaq məqsədilə ortalığa atılan şəxslərə ilk növbədə cənab Prezidentin 23 oktyabr 2019-cu il tarixində məni ölkəmizin ən ali mükafatı – “Heydər Əliyev” ordeni ilə təltif edərkən söylədiyi fikirləri xatırlatmaq istəyirəm..."

AMEA prezidenti bu dəfə də prezidentin məlum çıxışına apellyasiya edərək özünümüdafiə taktikası qurmağa çalışır. Dolayısı ilə ölkə rəhbərliyinə müraciət edərək onu hücumlardan qorumağı xahiş edir. Eyni zamanda, kampaniya iştirakçılarının müqavimətini qırmağa, onları çəkindirməyə cəhd göstərir.

Turqut