Logo
news content
User
Kateqoriyalar

Analitika

Qonşu ölkədən keçən “qırmızı xətt” – İran yenə dil açıb
ABŞ ilə problemini həll edə bilməyən Tehran “Zəngəzur dəhlizinə” “ilişir”

Sentyabrın 23-də İrəvanda “Dəyişikliklərin arxitekturasını formalaşdıraraq” şüarı altında keçirilən beynəlxalq “APRI Forum 2026” işinə başlayıb. Forumda Ermənistan və digər ölkələrdən siyasətçilər, diplomatlar və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edirlər.

Forumda səslənən bir sıra diqqətçəkən bəyanatlar olmasaydı, yəqin ki, tədbir xüsusi maraq doğurmazdı.

Xüsusilə İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar İnstitutunun baş direktorunun müavini Əlirza Xoda Qolipurun forumda səsləndirdiyi fikirlər maraq doğurur. Onun sözlərinə görə, İran tərəfi hesab edir ki, regionda həqiqət anı yetişib və buna görə də hər kəs son onilliklər ərzində regionda görülən bütün işlərə görə məsuliyyət daşımalıdır.

“Biz hesab edirik ki, hazırkı məqam regional oyunçuların konstruktiv rol üzərinə götürməsi üçün başlanğıc nöqtəsinə çevrilə bilər. İran Cənubi Qafqazda çox fəaldır və özünün “qırmızı xətlər” siyasəti sayəsində regionda bir sıra destruktiv layihələrin, xüsusilə də “Zəngəzur dəhlizi” adlandırılan layihənin həyata keçirilməsinin qarşısını ala bilib”, – Qolipur bildirib.

Forumda iştirak edən İran İslam Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirqolami də məsələyə münasibət bildirib.

“İranın prinsipial mövqeyi həm ərazi, həm də regional geosiyasət baxımından Cənubi Qafqazda mövcud status-kvonun qorunmasından ibarətdir. İkinci məqam ondan ibarətdir ki, regionda yeni qüvvələr balansına ehtiyacımız var. Çünki sülh haqqında danışmaq yaxşı və faydalıdır, lakin regionda sülhün bərqərar edilməsi və qorunması üçün təkcə bu kifayət deyil. Əgər biz həqiqətən real və davamlı sülhə nail olmaq istəyiriksə, real qüvvələr balansına, xüsusilə Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında belə bir balansa ehtiyacımız var. Bu, son dərəcə vacib və əhəmiyyətlidir. İranın bu regionda yaratmağa çalışdığı da məhz davamlı və sabit sülhün real təminatı olan yeni qüvvələr balansıdır”, – Şirqolami deyib.

“TRIPP layihəsinə gəlincə, İranın regionda mövcud status-kvonun qorunmasının zəruriliyi ilə bağlı artıq qeyd etdiyim fundamental yanaşmasından çıxış edərək hesab edirik ki, bu layihənin həyata keçirilməsi zamanı Ermənistan Respublikasının ərazi bütövlüyünə və milli suverenliyinə heç bir zərər vurulmamalıdır”, – səfir davam edib.

O əlavə edib ki, Azərbaycan Respublikası və onun rəhbərləri “Zəngəzur dəhlizi adlandırılan” məsələ barədə çox aydın və açıq danışmaqda davam edirlər. Səfirin sözlərinə görə, İran tərəfi də eyni dərəcədə aydın şəkildə bildirir ki, Ermənistan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə zərər vura biləcək hər hansı geosiyasi dəyişiklik və ya istənilən addım qəbuledilməzdir.

“Bu, birinci zəruri şərtdir. İkinci, əsas şərt isə ABŞ-ın regionda hər hansı hərbi mövcudluğunun yolverilməz olmasıdır. Bu yanaşma ABŞ-ın İran xalqına qarşı düşmən münasibətinin dəfələrlə, o cümlədən son dövrlərdə təsdiqlənməsinə əsaslanır.

Beləliklə, bu iki şərtdən – Ermənistan Respublikasının ərazi bütövlüyü və suverenliyinə təhlükənin olmamasından, həmçinin ölkə sərhədləri daxilində ABŞ-ın hərbi mövcudluğunun və ya təhlükəsizlik qüvvələrinin yerləşdirilməməsindən çıxış edərək, layihə erməni xalqının inkişafına və rifahına töhfə verəcəyi təqdirdə ona etiraz etmək üçün heç bir əsasımız yoxdur”, – İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri yekunlaşdırıb.

Qeyd etmək lazımdır ki, tədbirdə distant formatda olsa da, azərbaycanlı ekspert, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Vasif Hüseynov da iştirak edib.

O, forum iştirakçılarını əmin edib ki, TRIPP-in işə salınması Ermənistan-Azərbaycan sərhədinin cənub hissəsində açılması demək olacaq. Onun qiymətləndirməsinə görə, sərhədlər bağlı qaldığı halda TRIPP-in işə salınması mümkün deyil. Çünki məntiqi baxımdan “Tramp marşrutu”nun həyata keçirilməsinə başlanılması artıq sərhədin müəyyən hissədə – ən azı qismən açılmasını nəzərdə tutur.

Vasif Hüseynov qeyd edib ki, bu proses sülh sazişinin imzalanması ilə müşayiət olunmalıdır.

“Prezident Əliyev dəfələrlə bəyan edib ki, Ermənistan öz konstitusiyasını dəyişdikdən sonrakı gün Azərbaycan sülh sazişini imzalamağa hazırdır. Sülh sazişinin imzalanması isə diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması demək olacaq. Sülh sazişinin, eləcə də TRIPP layihəsinin təşəbbüskarı məhz Azərbaycan olub”, – ekspert bildirib və əlavə edib ki, Zəngəzur dəhlizi zaman keçdikcə TRIPP layihəsinə transformasiya olunub.

Beləliklə, İranlı “dostlara” heç olmasa müəyyən cavab elə onların iştirakı ilə verilib. Bununla belə, İranın güclü rəqiblərlə həll olunmamış hərbi münaqişənin mürəkkəb dövründə belə Ermənistanın və TRIPP layihəsinin aid olduğu digər ölkələrin daxili işlərinə faktiki olaraq müdaxilə etməkdə davam etməsi narahatlıq doğurmaya bilməz. İran İslam Respublikasının rəsmi nümayəndələrinin – səfir Şirqolami və İran XİN-in Siyasi və Beynəlxalq Araşdırmalar İnstitutunun baş direktorunun müavini Qolipurun səsləndirdiyi bəyanatları başqa cür anlamaq çətindir.

Tehran öz nümayəndələrinin İrəvanda keçirilən beynəlxalq tədbirdə bu cür bəyanatlar verməsi ilə ümumiyyətlə nəyə ümid edir? Bakıda və ya Vaşinqtonda kiminsə onların “dəyərli” fikirlərinə qulaq asacağını düşünür? Axı TRIPP (“Zəngəzur dəhlizi”) ərazi baxımından İrana heç bir şəkildə aid deyil. Tehran Azərbaycanı və ABŞ-ı qorxutmağa çalışır?

Pressklub.az-ın suallarını müstəqil analitik Rəşad Rzaquliyev cavablandırıb.

O, ilk növbədə bildirib ki, TRIPP Tehran üçün həqiqətən də həssas məsələdir. Ekspertin sözlərinə görə, marşrut faktiki olaraq İran İslam Respublikasını Ermənistan, Gürcüstan, Qara dəniz və daha sonrakı istiqamətlərlə birləşdirən yeganə quru dəhlizinin keçdiyi ərazidən uzanmalıdır.

“İranlılar üçün bu, abstrakt geosiyasətdən daha çox mühüm geoiqtisadi bağlantı məsələsidir. Müvafiq təhlükəsizlik infrastrukturu ilə birlikdə amerikalı özəl operatorun idarəçiliyi altında olacaq marşrut İran tərəfindən düşməncəsinə qəbul edilir. Bu, Rusiyanın öz sərhədləri yaxınlığında NATO infrastrukturuna reaksiyası ilə eyni qəbildən olan məntiqdir.

İranlı spikerlərin çıxışlarında Ermənistan hökumətinə ünvanlanan kifayət qədər aydın təhdid çalarları hiss olunur: əgər TRIPP layihəsinin razılaşdırılması zamanı İran tərəfinin tövsiyə və tələblərinə qulaq asılmasa, bunun nəticələri ola bilər. Ermənistana konkret eyham da bundan ibarətdir – lazım gələrsə, itirəcəyiniz şeylər var. İran sərhədi blokada şəraitində olan ölkənin xarici aləmə işlək iki çıxışından biridir. Buna enerji svoplarını və Ermənistan üçün həyati əhəmiyyət daşıyan cənub istiqamətli ticarət dəhlizini də əlavə etsək, bütün bunlar İranın Paşinyan administrasiyasına təzyiq göstərməsi üçün ciddi rıçaqdır.

İran fiziki olaraq əvvəlcədən kənarda saxlandığı prosesdə Tehranın söz haqqını institusionallaşdırmağa çalışır. O, layihəni neytrallaşdırmağa deyil, məsləhətçi statusu əldə etməyə və bununla da həm simasını qorumağa, həm də məsələdə minimal iştirakını saxlamaq istəyir. Konfransda iranlı spikerlərin söylədikləri də məhz bundan ibarət idi”, – ekspert vəziyyəti belə təsvir edib.

O qeyd edib ki, məsələyə daha geniş miqyasda baxdıqda, İranın son dövrlərdə regiondakı hərbi və siyasi nüfuzunun obyektiv şəkildə zəifləməsi fonunda ölkə hakimiyyəti öz elitasına, qonşularına, Moskva ilə eyni ox üzrə tərəfdaşlarına və bütövlükdə Avrasiyadakı anti-Qərb ictimaiyyətinə Cənubi Qafqazda hələ də müstəqil aktor olduğunu nümayiş etdirmək istəyir.

“Eyni zamanda, erməni müxalifətinin Rusiyaya meylli olan və İranın xatırlatmasına ehtiyac duymadan belə Nikol Paşinyanı suverenliyi təslim etməkdə ittiham edən hissəsinə də dəstək vermək istəyirlər.

Konfransdan sonra aydın olan əsas məsələ budur ki, İranın coğrafi baxımdan üçüncü ölkənin ərazisindən keçən layihəni əngəlləmək üçün nə hərbi, nə də iqtisadi alətləri var.

Vasif Hüseynovun forumdakı cavabı yeganə düzgün reaksiya təsiri bağışlayır – iranlı carçılarla birbaşa söz savaşına girmədən müzakirəni praktiki müstəviyə keçirmək. Bununla da prosesin İran nümayəndələrinin İrəvanda keçirilən növbəti forumda “qırmızı xətt” ifadəsini neçə dəfə səsləndirməsindən asılı olmayaraq, öz məntiqi ilə irəlilədiyini göstərmək”, – Rzaquliyev yekunlaşdırıb.

Rauf Orucov