Logo
news content
User
Kateqoriyalar

Analitika

Qızılın ƏDV-dən azad olunması nə vəd edir?

Qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında dəzgahların, avadanlıqların və qurğuların idxalı 2021-ci il yanvarın 1-dən 3 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilib. Bu, prezident İlham Əliyevin imzaladığı fərmanla təsdiq edilən Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb. Eyni zamanda külçə, sikkə və ya qranul şəklində qızılın və gümüşün satışı da ƏDV-dən azad olunub.

Bu dəyişiklik nə vəd edir? Qərar yerli bazarda qızıl məmulatlarının qiymətinə necə təsir edəcək?

Sahibkar Minayə Məmmədova “Press Klub”a açıqlamasında qərarın həm onlara, həm də vətəndaşlara müsbət təsir göstərəcəyini bildirdi:

“Aksiz vergisindən azad edilmə çox yaxşı xəbər oldu. 585 əyarlı qızılın 1 qramının qiyməti hazırda 80-85 manat arasında dəyişir. Aksiz vergisindən azad edildikdən sonra həmin qızılın qiyməti 65-70 manat civarında olacaq”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov “Press Klub”a şərhində qeyd etdi ki, qərarın məqsədlərindən biri yerli istehsalın stimullaşdırılmasıdır:

“İşğaldan azad olunan ərazilərimizdə qızıl yataqlarımız var və növbəti mərhələdə onlardan istifadə etməklə emal olunmuş qızılın bazara çıxarılması təmin ediləcək. Həmin qızıl məhsullarının emal edilməsi üçün avadanlıqlar, eləcə də qurğulara ehtiyac var. Bu avadanlıqların ölkəyə gətirilərkən ƏDV-dən azad olunması növbəti 3 il üçün imkan verəcək ki, qızıl email ilə məşğul olan iş adamları onları daha ucuz qiymətə idxal edə bilsinlər. Bu, xərcin 18 faiz azalması deməkdir”.

Deputatın sözlərinə görə, bu, yerli qızıl emalının artırılmasına imkan verəcək:

“Qızıl satışı da ƏDV-dən azad olunur. Hər iki istiqamət üzrə vergilərin götürülməsi istehlak bazarında qızılın qiymətinə təsir göstərəcək. Artıq 2021-ci ilin ortalarına doğru bu təsir bazarda özünü göstərə bilər”.

İqtisadçı ekspert Xalid Kərimli də “Press Klub”a açıqlamasında qızıl külçə və sikkələrin

ƏDV-dən azad olunmasının Azərbaycanda zərgərliyin inkişafına yönəlmiş addım olduğunu söylədi:

“Burada yalnız qızıl külçələri və sikkələrinin idxal vergilərindən azad olunmasından söhbət getmir, həm də qızıl məhsullarının istehsalında istifadə edilən avadanlıqların rüsumlardan azad olunması nəzərdə tutulur. Bu da onunla bağlıdır ki, Azərbaycanda lap qədimlərdən ənənəvi zərgərlik sənəti olub”.

Ekspertin fikrincə, son qanunvericilik aktları, vergi və gömrük rejimində dəyişikliklər bu sənətin demək olar ki, sıradan çıxarılmasına gətirib çıxarıb:

“Azərbaycan qızıl hasil edir, anacaq bu rafina edilmiş (təmizlənmiş) formada olmur. Rafina edilmiş formada olması üçün xaricə ixrac edilir və yenidən geri idxal olunur. Bu zaman yerli istehsalçılar tərəfindən istehsal olunmuş və xaricə rafinə edilməyə göndərilmiş qızıl gömrük rüsumundan azad olunsa da, ƏDV-dən azad olunmamış qalır, yəni orada aksiz vergisi də tətbiq edilir. Bu da daxili istehsalçılar üçün çətinlik yaradırdı. Dünya bazar qiyməti ilə deyil, 40 faiz bahalaşmış şəkildə geri alırdıq - ƏDV, rüsum və aksiz vergisi ilə birlikdə”.

X.Kərimli dünyanın demək olar ki, heç bir ölkəsində bu sahədə aksiz vergisi olmadığını vurğuladı:

“Çox az sayda ölkələrdə ƏDV var. Bu da ona səbəb oldu ki, zərgərlik sənəti tamamilə sıradan çıxdı, qızıl ixracı yox səviyyəsinə endi. Digər ölkələrdə qeyd etdiyim vergilər olmadığına görə, onlar istehsal edib, daha əlverişli şərtlərlə Azərbaycana ixrac edirdilər”.

İqtisadçı ekspert qərarın iki istiqamətdə ölkə iqtisadiyyatına xidmət edəcəyini bildirdi:

“Birincisi, zərgərliyin inkişafına gətirib çıxaracaq. İkincisi, insanların investisiya aləti kimi qızıl külçələrə, sikkələrə pul qoymaq imkanı yaranacaq. Çünki insanlar görür ki, qızılın qiymətləri aşağı düşüb, amma almaq istəyəndə dünya bazar qiymətindən 40 faiz baha almağa məcbur olurdu. Bu dəyişikliklərdən sonra qızıl və sikkələri dünya bazar qiymətinə yaxın, daha uyğun qiymətlərlə almaq imkanına malik olacaqlar. Zərgərliyin inkişafına və insanların invesitisiya alətlərinin təkmilləşdirilməsinə yönəlik bir qərardır”.

Ülviyyə Şahin