"Reuters": Əsədin adamları Suriyada üsyan planlaşdırır
06 Dekabr 2025
Suriyanın ötən ilin dekabrında devrilmiş diktatoru Bəşər əl-Əsədin adamları bu ölkədə on minlərlə potensial döyüşçülərə milyonlarla dollar ötürürlər. Məqsəd yeni hökumətə qarşı üsyan qızışdırmaqdır. Bunu "Reuters" agentliyinin araşdırması üzə çıxarıb.
Əsədin ailəsinə yaxın dörd nəfər onun Moskvada sürgün həyatı ilə barışdığını deyiblər. Amma öz qardaşı da daxil olmaqla keçmiş ətrafından bəzi yüksəkvəzifəlilər hakimiyyətin itirilməsi ilə hələ də barışmayıblar.
General mayor Kamal Həsən və milyarder Rami Maxluf Suriya və Livan sahillərində ələvi azlığının üzvləri arasında silahlı dəstələr formalaşdırmağa çalışırlar, - "Reuters" bildirir. Onların azı 50 min döyüşçünü maliyyələşdirməyə çalışdığı iddia olunur.
Əsədin qardaşı Mahir də Moskvadadır və minlərlə keçmiş əsgəri nəzarətdə saxlayır. Amma Əsədə yaxın dörd nəfər onun pul, yaxud göstəriş vermədiyini deyiblər.
14 komandanlıq otağı
Əsədin hakimiyyətinin sonuna yaxın Suriya sahillərində 14 yeraltı komandanlıq otaqları tikilibmiş və Həsənlə Maxlufun onları, həmçinin silah ehtiyatlarını idarə etdiyi bildirilir. "Reuters" həmin gizli otaqları fotolarda gördüyünü qeyd edir.
Həsən Əsədin hərbi kəşfiyyat rəisi olub. O, yorulmadan komandirlərə və müşavirlərə zənglər edir, səsli mesajlar göndərir.
Əsədin xalası oğlu Maxluf isə vaxtilə vətəndaş müharibəsi vaxtı diktatoru maliyyələşdirmək üçün biznes imperiyasından istifadə edib. İndi isə söhbətlərdə və mesajlarda hakimiyyətə qayıdacağını bəyan edir.
"Reuters" Həsən və Maxlufdan açıqlama ala bilməyib. Bəşər və Mahir Əsədlə də əlaqə yaratmaq mümkün olmayıb.
Araşdırmada deyilir ki, Həsən və Maxluf Suriyanı parçalanmış vəziyyətdə görür, hər ikisi ələvi azlığının yaşadığı hissələrə nəzarət istəyir. Onlar rəqib qüvvələrin formalaşmasına milyonlarla dollar xərcləyirlər, köməkçiləri isə Rusiya, Livan və BƏƏ-də yerləşir.
"Əsədin yerinə birini tapıb..."
Suriyanın yeni hökuməti isə onlara qarşı Əsədin başqa bir keçmiş adamını çıxarır. Xalid əl-Əhməd adlı bu şəxsin vəzifəsi keçmiş ələvi əsgərləri və dinc sakinləri gələcəklərinin yeni Suriyada olmasına inandırmaqdır.
Hazırda Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraadır.
"Bu, Əsəd rejiminin hakimiyyət uğrunda mübarizəsinin davamıdır. Rəqabət davam edir, məqsəd Əsədi məmnun etmək deyil, onu yerinə birini tapıb ələvi icmasını idarə etməkdir", – 10 ildən çox dönəmdə diktaturanı öyrənmiş araşdırmaçı Ansar Şahhud belə deyir.
Tartu sahil regiounun valisi Əhməd əl-Şami deyib ki, Suriya hakimiyyəti planlardan xəbərdardır, onlarla mübarizəyə hazırdır. O, komandanlıq otaqlarının mövcudluğunu da təsdiqləyib, amma zəiflədildiyini vurğulayıb.
Livanın Daxili İşlər, Rusiyanın Xarici İşlər nazirlikləri şərh verməyib. BƏƏ rəsmisi deyib ki, hökuməti ölkə ərazisindən istənilən formada qanunsuz maliyyə axınına qarşıdır.
"Reuters" yazır ki, belə bir üsyan Suriyanın yeni hökumətinin sabitliyini pozar. ABŞ, region ölkələri əş-Şaraanı dəstəkləyir. İndilik üsyanın uğurlu olmaq şansı aşağıdır.
Həsən və Maxluf bir-biri ilə yola getmir. Onların Rusiyadan dəstək almaq ümidləri azalır. Suriyadakı ələvilərin çoxu Əsədin dövründə də əziyyət çəkib, indi də təzə ssenariyə bel bağlamırlar. Üstəlik, yeni hökumət də onların planını pozmağa çalışır.