Əli Kərimli həbsdə saxlanılıb
06 Dekabr 2025
Dekabrın 5-də Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Əli Kərimlinin Səbail rayon Məhkəməsinin qərarı ilə həbsindən verilən şikayəti təmin etməyib. AXCP sədri həbsdə qalıb.
AXCP-dən verilən məlumata görə, polis məhkəmə önünə gələn fəalları ərazidən kənarlaşdırıb. Bu zaman bəzi fəalların, o cümlədən AXCP Təşkilat şöbəsinin sədri Saqif Qurbanovun saxlandığı bildirilir.
AXCP-dən axşam saatlarında da əlavə edilib ki, ümumilikdə təqribən 10-dan çox fəalları saxlanıb, onlardan bəziləri buraxılıb.
Vurğulandığına görə, dekabrın 5-də AXCP üzvü, "Azadlıq" qəzetinin əməkdaşı Təzəxan Mirələmlinin kirayədə qaldığı evində axtarış aparılıb, kompüteri, telefonu, şəxsi sənədləri götürülüb. Özü də Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) aparılıb. İfadəsi alındıqdan sonra sərbəst buraxıldığı bildirilir.
Bütün bu məlumatlara DTX və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.