Logo
news content
User
Kateqoriyalar

Analitika

“Qiyamət saatı” niyə gecəyarısına yaxınlaşır?
Nüvə yarışının yeni dövrü: dünya daha təhlükəli mərhələyə keçir

Müasir dünya yeni nüvə silahları yarışının mərhələsinə qədəm qoyur. Çünki onilliklər ərzində nüvə arsenallarının məhdudlaşdırılmasına nəzarət edən əvvəlki beynəlxalq razılaşmalar öz qüvvəsini itirir. Simvolik “Qiyamət saatı” hazırda “gecəyarısına” cəmi 85 saniyə qaldığını göstərir ki, bu da tarixdə ən təhlükəli göstəricidir. Bu barədə “The Washington Post” yazır.

Vəziyyəti daha da mürəkkəbləşdirən amil ondan ibarətdir ki, bu ilin fevralında yeni START müqaviləsinin müddəti başa çatdıqdan sonra Rusiya və ABŞ yarım əsr ərzində ilk dəfə strateji qüvvələrinə nəzarət məsələsində hüquqi vakuum qarşısında qalıblar.

Moskva ilə Vaşinqton arasında ənənəvi danışıqlar formatı artıq köhnəlmiş görünür, çünki prosesə fəal şəkildə yeni güclər qoşulur. Çin nüvə başlıqlarının sayını sürətlə artırır və onların sayı artıq 600-ü ötüb, eyni zamanda dialoq çağırışlarına məhəl qoymur. Şimali Koreya isə diplomatik əlaqələrin olmadığı bir şəraitdə öz nüvə potensialını artırmaqda davam edir.

ABŞ-ın təhlükəsizlik zəmanətlərinə inamsızlıq Cənubi Koreya və Yaponiyanı nüvə silahından imtina edən ölkə statusunu yenidən nəzərdən keçirməyə vadar edir. Cənubi Koreyada nüvə silahının yaradılmasına ictimai dəstək 70 faizə çatıb. Yaponiyada isə siyasətçilər nüvə silahına sahib olmaqla bağlı uzun illərdir mövcud olan tabulardan imtina edilməsini açıq şəkildə müzakirə etməyə başlayıblar.

Öz nüvə silahının yaradılmasının məqsədəuyğunluğu barədə müzakirələr Almaniya Federativ Respublikası, Səudiyyə Ərəbistanı və Türkiyə kimi ölkələrdə də aparılır. Ətraf ölkələr üçün isə ən təhlükəli məqam odur ki, belə müzakirələr İran kimi qeyri-sabit bir dövlətdə də gedir.

“Nüvə optimistləri” adlandırılanlar hesab edirlər ki, nüvə silahının yayılması qüvvələr arasında balansı yarada və Hindistanla Pakistan arasında olduğu kimi, iri miqyaslı münaqişələrin qarşısını ala bilər. Lakin tənqidçilər vurğulayırlar ki, “nüvə düyməsinə” malik ölkələrin sayının artması texniki səhv və ya yanlış hesablamalar riskini kəskin şəkildə yüksəldir. Raketin hədəfə 15–30 dəqiqə ərzində çata bildiyi şəraitdə vaxt qıtlığı səbəbindən fəlakətli qərarın qəbul edilməsi riski kritik həddə yüksəlir.

Genişmiqyaslı nüvə tərksilahının mümkün olmadığı bir şəraitdə ən rasional addım etimadın möhkəmləndirilməsi tədbirlərinin tətbiqi görünür. Bura bütün nüvə dövlətlərinin hərbi qurumları arasında birbaşa rabitə xətlərinin yaradılması, raket sınaqları barədə məcburi əvvəlcədən məlumat verilməsi və nüvə ehtiyatlarının həcmi ilə bağlı şəffaflığın təmin edilməsi daxildir.

Lakin qlobal qeyri-sabitlik şəraitində təklif olunan etimad tədbirləri – “qaynar xətlər” və sınaqlar barədə əvvəlcədən məlumatlandırma – “Qiyamət saatı”nın əqrəblərinin irəliləməsini həqiqətən ləngidə bilərmi?

Yaponiya və ya Cənubi Koreya kimi texnoloji baxımdan inkişaf etmiş ölkələrin qısa müddət ərzində öz nüvə arsenallarını yaratması nə dərəcədə realdır? Yeni nüvə silahları yarışının əsas hərəkətverici qüvvəsi hər yerdə hiss olunan təhlükə duyğusudur, yoxsa dövlətlərin siyasi paritetə nail olmaq istəyi? Bu gün “nüvə klubu”nun genişlənməsinin qarşısını almağa qadir effektiv beynəlxalq institutlar mövcuddurmu?

Nəhayət, regional dövlətlərin nüvə silahına sahib olmasının norma halına gələcəyi bir vəziyyətin uzunmüddətli qlobal nəticələri necə ola bilər?

Bununla bağlı Pressklub.az-a danışan beynəlxalq məsələlər üzrə ekspert, “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadənin sözlərinə görə, bu, çox mürəkkəb məsələdir. 

Təəssüf ki, tendensiya göz qabağındadır: ən azı nüvə texnologiyalarına sahib olan ölkələrin sayı artır. Söhbət dinc atom enerjisinin istehsalı ilə bağlı texnologiyalardan gedir. Lakin bu texnologiyalardan nüvə bombası yaradılmasına qədər olan məsafə o qədər də böyük deyil. Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) tərəfindən nəzarət həyata keçirilsə də, bu nəzarət kifayət qədər şərti xarakter daşıyır. Bu gün nüvə silahlarının və onun istehsalı texnologiyalarının yayılmaması ilə bağlı məsələlərə effektiv nəzarət edə biləcək qurum yoxdur.

Bu tendensiya olduqca təhlükəlidir və dünyanın müxtəlif regionlarında baş verən müharibə və münaqişələr onu daha da gücləndirir. Biz Ukrayna, İran və Yaxın Şərq ətrafında gedən aktiv münaqişələri, eləcə də Uzaq Şərqdə, Karib dənizi hövzəsində və Hind-Sakit okean regionunda mövcud olan latent maraq toqquşmalarını görürük. Bütün bu qarşıdurmalar dövlətləri kütləvi qırğın silahlarının istehsalı üçün nüvə texnologiyalarından istifadə etməyə və ya onları əldə etməyə sövq edir. Bu tendensiyanı dayandırmaq və ya onun intensivliyini azaltmaq üçün müharibələrə son qoymaq lazımdır. Çünki müharibələr beynəlxalq münasibətlər sisteminin aşınmasına şərait yaradır”, – ekspert hesab edir.

O bildirir ki, münaqişələr beynəlxalq siyasi-hüquqi nihilizmə gətirib çıxarır və belə bir şəraitdə hər şey mümkündür. “Müharibələr dayandırılmalıdır. İştirakçı ölkələr effektiv beynəlxalq və ya regional təhlükəsizlik sistemi formalaşdırmalı, həmçinin öhdəliklərə əməl etmək bacarıqlarını artırmalıdırlar. Yəni yalnız vədlər verməklə kifayətlənməməli, onların icrasına nəzarəti də təmin etməlidirlər. Yalnız bu halda prosesləri proqnozlaşdırıla bilən məcraya yönəltmək, təhlükəli tendensiyanın qarşısını almaq və nüvə silahlarının yayılmamasına daha ciddi nəzarət mexanizmlərinə keçmək mümkün olacaq. Hazırda isə belə münaqişələr davam etdiyi müddətdə proqnozlaşdırıla bilən gələcəkdən danışmaq mümkün deyil”, – Vəlizadə fikrini yekunlaşdırıb.

Rauf Orucov