Logo
news content
User
Kateqoriyalar

Analitika

Qaz şantajı, alternativ mənbə və Moskvaya yeganə loyal paytaxt
Kremlin Cənubi Qafqazı itirməsi prosesi tam sürətlə davam edir

Moskva İrəvan qarşısında dörd siyasi tələb irəli sürüb və onların yerinə yetirilməyəcəyi təqdirdə Ermənistana qaz tədarükünü tamamilə dayandırmaqla hədələyib. Bu barədə “Hraparak” qəzeti Rusiya mənbələrinə istinadən məlumat yayıb. 

Qeyd edək ki, Rusiya planlı təmir işlərini əsas gətirərək sentyabrın 16-dan etibarən Ermənistana qaz nəqlini həyata keçirilmirdi, erməni istehlakçılar isə anbarlardakı ehtiyatlar hesabına qazla təmin olunurdu. Qaz nəqli yalnız sentyabrın 25-də bərpa edilib. Mənbələrin sözlərinə görə, noyabrın 1-də isə iri “qəza” və ya fors-major hadisəsi baş verə və bundan sonra tədarük bir daha bərpa olunmaya bilər.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Moskva Ermənistanın baş naziri Nikol Paşinyana bildirib ki, əgər o, Gümrüdəki Rusiya hərbi bazasının gələcəyi və Rusiya kapitallı şirkətlər, o cümlədən “Cənubi Qafqaz Dəmir Yolu”na və “Qazprom”a qarşı mümkün tədbirlərin müzakirəsindən imtina etsə, belə bir ssenarinin qarşısını ala bilər. Moskva həmçinin Ermənistandan Aİİ ilə Aİ arasında seçim etməyi tələb edir: konkret olaraq, ya avrointeqrasiya prosesinin başlanması haqqında qanun ləğv edilməli, ya da bu məsələ ilə bağlı referendumun tarixi müəyyənləşdirilməlidir. Digər şərt Rusiyayönümlü siyasətçilərə qarşı cinayət təqibinin dayandırılması və baş nazirin müavini postuna Kreml üçün məqbul olan şəxsin təyin edilməsidir.

Bu məlumatla eyni vaxtda Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun da açıqlaması yayılıb.

“Rusiya Ermənistanın suveren hüququna hörmət edir, lakin İrəvan Avrasiya İqtisadi İttifaqında iştirakla Avropa İttifaqına yaxınlaşma arasında seçim etməlidir. Çünki bu iki birliyin standartları bir sıra sahələrdə bir-biri ilə uyğun gəlmir”, – Putinin köməkçisi bildirib.

“Başqa standartlara tədricən keçid müxtəlif sahələrdə Aİİ standartları ilə uzlaşmayacaq”, – Peskov qeyd edib.

O vurğulayıb ki, Aİİ-yə üzv ölkələrdən biri kimi Ermənistan üçün birliyin qaydalarına, normalarına və prinsiplərinə əməl etmək vacibdir.

“Seçim etməyin vacibliyindən danışanda məhz bunu nəzərdə tuturuq”, – Kremlin nümayəndəsi əlavə edib.

Beləliklə, göründüyü kimi, Moskva Ermənistanı şantajdan əl çəkmək niyyətində deyil. Amma İrəvanın təcili şəkildə referendumu keçirərək Ermənistanın Aİİ-də qalması, yaxud Avropa İttifaqına inteqrasiya kursunu davam etdirdiyi üçün oranı dərhal tərk etməsi barədə qərar verməsinin Kreml üçün niyə bu qədər vacib olması tam aydın deyil? Məsələ o qədər kəskin qoyulub ki, Moskva bu ölkədə qaz böhranı yaratmağa belə hazırdır. Doğrudanmı, Kremldə hesab edirlər ki, belə düşmən münasibətlər toplusundan sonra Ermənistan yenə də onun “əl ilə idarə olunan” nəzarəti altında qalmağa razı ola bilər?

Pressklub.az-ın suallarına cavab verən tanınmış gürcü analitik, diplomat, Gürcüstanın Avropa Demokratları Partiyasının baş katibi Mamuka Qamkrelidze qeyd edib ki, Kremlin irəli sürdüyü dörd tələbi oxuduqdan sonra Rusiya rəhbərliyinin hələ də özünü imperiya kimi görmək illüziyası ilə yaşadığı aydın olub.

“Kreml ya dünyada və xüsusilə Cənubi Qafqazda siyasi vəziyyətin radikal şəkildə dəyişdiyini hiss etmir, ya da sadəcə pis oyunda yaxşı sima göstərməyə çalışır. Amma bu, blef elementləri ilə müşayiət olunan o qədər kobud şantajdır ki, Moskva Ermənistanla onu bağlayan son telləri də itirə bilər. İrəvan öz simasını itirmədən Kremlin siyasi tələblərindən heç birini tam şəkildə yerinə yetirə bilməz. Gümrüdən Rusiya qoşunlarının çıxarılma müddəti və ya Ermənistandakı Rusiya kapitalı ilə bağlı məsələlərdə müəyyən bazarlıq etmək mümkündür, amma məncə, qalan məsələlərdə İrəvan güzəştə getməyəcək.

Rusiya qazının tədarükünün dayandırılması ilə bağlı şantaj İrəvanı alternativ imkanlar axtarmağa məcbur edəcək. Belə alternativlərdən biri Azərbaycan ola bilər. Azərbaycan Gürcüstandan keçən boru kəməri vasitəsilə Ermənistana qaz tədarük edə və paralel olaraq birbaşa Ermənistana gedən köhnə sovet qaz kəmərini bərpa edə bilər”, – siyasətçi ehtimal edib.

Onun sözlərinə görə, bu halda Bakı Ermənistanla sülh müqaviləsinin imzalanmasına dair siyasi danışıqlarda əlavə təsir rıçaqları əldə edər.

“Burada vacib məqam odur ki, bu, Bakı üçün də incə oyunda sınaq olacaq və burada həddi aşmamaq mühüm məsələdir. Azərbaycan təkcə regionda deyil, daha geniş mənada getdikcə daha mühüm oyunçuya çevrilir.

Düşünürəm ki, bunu Moskvada da görürlər və yəqin ki, Bakıya təsir imkanları axtarırlar. Amma bu istiqamətdə də siyasi addımlar yuxarıda qeyd olunan qeyri-real “istəklər” qədər yöndəmsiz olarsa, Kreml Cənubi Qafqazda istənilən təsir imkanını tamamilə itirəcək. Təəssüf ki, Moskva üçün hələlik yeganə loyal paytaxt Tbilisi olaraq qalır. Amma baş nazir Kobaxidzenin BMT tribunasından verdiyi son açıq bəyanatda Rusiyanı Gürcüstan ərazisinin 20 faizini işğal edən ölkə adlandırması Kremli düşündürməlidir: ABŞ-ın regionda artan iştirakı fonunda onun Gürcüstandakı təsiri doğrudanmı bu qədər böyükdür?”, – Qamkrelidze yekunlaşdırıb.

Rauf Orucov