Logo
news content
User
Kateqoriyalar

Analitika

Qarabağda yenə atırlar
Tez-tez baş verən atışmalar nə ilə nəticələnəcək?  

(Fotoda: Qarabağda erməni silahlı dəstələrinin Qarakənd (Xocavənd) yaxınlığındakı hazırkı postu. Müəllif: Seymur Kazımov, old.old.pressklub.az)  

Müharibənin öz əlamətləri var. O, adətən sükutdan sonra başlamır. Qarşılıqlı ittihamlar, sərhəddə gərginliyin artması, tez-tez baş verən atışmalar böyüyərək aktiv hərbi əməliyyatlara çevrilir. 

Paşinyanın Moskvada Putinlə görüşünün olacağı haqda xəbər həm Naxçıvan-Ermənistan sərhədində, həm də Azərbaycan Ordusu ilə erməni silahlı dəstələrinin Qarabağdakı təmas xəttində gərginliyin artması ilə üst-üstə düşdü. “Təmas xətti” deyəndə, biz “Rusiya sülhməramlılarının məsuliyyət zonası”nın çərçivəsini nəzərdə tuturuq. Rusiya 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın əsas şərtlərindən birini yerinə yetirməyib. Orada açıq-aydın yazılıb: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir”. Rusiya Federasiyanın kontingenti yerləşdirilib, erməni silahlı qüvvələri isə heç yerə çıxarılmayıb. 

Oktyabrın 9-u, Nikol Vovayeviçin Kremlə çağırıldığının bəlli olduğu gün, Qarabağda ciddi insident baş verdi. Erməni və Rusiya KİV-i xəbər yaydılar ki, Azərbaycan snayperi nar bağında yer şumlayan dinc traktorçu Aram Tepnantsı vurub. Azərbaycan mənbələrinə görə, “dinc erməni traktorçusu” hərbi formada, avtomatlı olub və nar bağında yer şumlamırmış, “Azərbaycanla Qarabağ arasında “neytral zonada”da zolaq şəkirmiş. Bu zonanı sülhməramlıların arxasında gizlənib, Azərbaycana aidiyyəti olmayan başqa bir dövlətdə yaşadıqlarını söyləməyə davam edən yerli erməni liderlər müəyyən ediblər. Rusiya sülhməramlıları isə üçüncü versiya irəli sürüblər: traktora oturmaqdan qorxan erməni bir neçə dəfə işləməkdən imtina edib, nəticədə onun yanına avtomatlı rus əsgəri əyləşdirmək zərurəti yaranıb. Yəni, kabinədə silahlı adam olub, amma bu, sülhməramlı imiş. Maraqlıdır ki, həmin gün hadisə yerindən yayılmış çoxsaylı fotolar arsında traktorçunun şəkli yox idi. Yaxınlıqda hansısa “nağ bağı” da görünmürdü, boş sahəni şumlayırdılar. Özü də əkin mövsümündə deyil, nəyə görəsə məhz oktyabr ayında. Həmin rayonlar üçün payızlıq bitkilərin əkin vaxtı keçib, bahara isə hələ çox var.   

Qarabağda oktyabrın 12-si – Putin və Paşinyanın görüş günü də atəş səsləri eşidildi. Lakin gərginliyin zirvə nöqtəsi son günlərə təsadüf etdi.  

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, oktyabrın 14-də, saat 18:45-də, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Əfqan Həmzəyev öldürülüb, axşam isə “erməni silahlı dəstələri” arasında atışma baş verib. Qarşı tərəf bunu inkar edir: “atışma Azərbaycan və erməni hərbçiləri arasında baş verib, nəticədə 6 erməni yaralanıb”.

Oktyabrın 15-də, səhər erməni tərəfi Azərbaycan əsgərlərinin təcili yardım maşınını atəşə tutduğu barədə xəbər yaydı. Azərbaycan MN cavab verdi: “Qanunsuz erməni silahlı dəstələri təcili yardım maşınından istifadə edərək, Ağdərə istiqamətində növbəti terror aktı törətməyə cəhd ediblər. Cəhdin qarşısı alınıb”. 

Axşam Naxçıvanın Ermənistanla sərhədində yanğın başlayıb. Ermənistanın KİV-i bildiriblər ki, yanğın Azərbaycan tərəfdən yaxınlıqdakı kəndin atəşə tutulması nəticəsində əmələ gəlib. Azərbaycan öz növbəsində qarşı tərəfi ittiham edib. 

Rusiya sülhməramlıları sayı artan insidentləri səliqə ilə qeydə alırlar. Onlar bu barədə məlumatlar yayır və tərəfləri sülhə səsləyirlər, eyni zamanda razılaşmaların pozulmasını fəal surətdə (!) araşdırırlar. Paralel olaraq, Qarabağda həm öz əsgərləri, həm də yerli erməni gəncləri üçün hərbi təlimlər keçirlər.   

Yeni bir gün başlayıb... Qarabağda qanunsuz erməni silahlı birləşmələri ilə Azərbaycan qoşunlarının təmas xəttindən yeni xəbərlər gözləyəcəyik. Deməyin ki, belə xətt yoxdur, hər şey keçmişdə qalıb. Silahlı dəstələr varsa, deməli, onların təmas də xətti var.

Press Klub