Logo
news content
User
Kateqoriyalar

Analitika

Qarabağ erməniləri üçün Bibliya yolu
Separatçıların liderləri nəyi etiraf edir və nə təklif edirlər?

Belə görünür, Laçın yolunda baş verən proseslər Ermənistan-Azərbaycan münaqişəsinin və Qarabağı erməni əhalisinin gələcək taleyi ilə bağlı düyün nöqtəsi olacaq. Ermənistanın humanitar yük adı ilə göndərdiyi 19 yük maşınının sərhəddə saxlanılması, onlara təklif olunan marşrutdan istifadə etməyərək, dövlət sərhədində şou düzəldilməsi ciddi gərginlik yaradıb. Azərbaycan öz dövlət sərhədindən hansı yükü və necə keçirməli olduğunu özü müəyyən etməlidir və edir. 44 günlük müharibədən bu günədək həmin Laçın-Xankəndi yolundan Qarabağda yaşayan erməni sakinlərin zəruri ehtiyaclarının ödənilməsi üçün maksimum səviyyədə istifadə olunub, indi də olunur. Hətta iyulun 27-də – yük maşınlarının sərhəddə saxlanıldığı gün Laçın postundan Xankəndinə və Ermənistana insanların rahat keçidi təmin olunub. Bəs problem nədədir?

Problem ondadır ki, Ermənistan və Xankəndi rejimi Laçın yoluna “humanitar dəhliz” adı qoyub, ondan siyasi məqsədlər üçün istifadə edir. Azərbaycan isə əksinə, Laçın yolunun humanitar məqsədlərlə istifadəsinə problem yaratmır. Rəsmi Bakı keçidi o vaxt məhdudlaşdırdı ki, erməni tərəfin buradan bölgədəki silahlı dəstələrə silah-sursat daşıdığı sübut olundu və bəlli oldu ki, Laçın yolu Xankəndidəki qondarma qurumun mövcudluq mənbəyidir. Bunu bizim deməyimiz bəlkə o qədər effektli olmazdı, görün, Xankəndini təmsil edən separatçı liderlər nə deyir...

Xunta başçısı Araik Arutyunyanın xüsusi tapşırıqlar üzrə müşaviri, qondarma qurumun keçmiş “xarici işlər naziri” David Babayan elə bu cür də deyib: “Bu dəhliz təkcə yol deyil, logistika deyil, siyasi komponentdir, çünki Qarabağ məhz onun vasitəsilə Ermənistanla bağlıdır”

Bəli, məhz siyasi komponentdir. Axı, yeri gəldi-gəlmədi dünyaya car çəkirdilər ki, Laçın yolu humanitar məqsədlə istifadə olunur, Azərbaycan bizi humanitar fəlakətlə üz-üzə qoyub, noldu bəs? Siyasi komponent imiş? Siyasidirsə, siyasi də cavabı olmalıdır, hazır olun.

Azərbaycan unitar dövlətdir, öz tərkibində yaşayan heç bir topluluğa kənar dövlətlərlə əlahiddə dəhliz verməyib. Niyə Qarabağda yaşayan ermənilərə Ermənistanla dəhliz imkanı yaradılmalıdır? Onda Gürcüstana da dəhliz verək? Əvəzində Borçalıda yaşayan soydaşlarımızın Azərbaycanla əlaqəsi üçün dəhliz tələb edək? Bəlkə İrandan 40 milyonluq Azərbaycan türkünün Şimali Azərbaycanla əlaqəsi üçün dəhliz istəmişik? Bu ayrıcalığı ermənilərə nəyə görə yaratmalıyıq? 

Başqa tərəfdən, Azərbaycanın quru sərhədləri bağlıdır. Heç bir dövlətlə gediş-gəliş olmadığı halda, Ermənistanla sərhədimiz niyə açıq olmalıdır? Qarabağda yaşayan ermənilərin kimdən nəyi artıqdır ki, istədikləri vaxt, üstəlik, təhlükəsizlikləri təmin olunmaq şərtilə, sərhədi keçib, Ermənistana gedə bilirər? Görünür, rəsmi Bakı “bağlı sərhəd” arqumentindən hələ istifadə etmək istəmir. Amma heç vaxt istifadə etməyəcəyini də söyləmək olmaz.  

David Babayan daha sonra deyib: “Nəzəri cəhətdən müxtəlif marşrutlar təklif etmək olar, amma Azərbaycanın simasında kiminlə qarşılaşdığımızı başa düşməliyik. Ağdam üzərindən istənilən yükdaşıma qurulan kimi Berdzor dəhlizi (Laçın yolu - PK) həmişəlik unudulmalı olacaq”

Əlbəttə. Azərbaycanın suveren hüquqlarına 30 ildir təcavüz edən, torpaqlarını işğal altında saxlayan, elan etdikləri qondarma separatçı qurumun ərazisi ilə də kifayətlənməyib, 6 rayonumuzu işğal edib, orada oyuncaq “dövlət” quranlar indi guya haqq-ədalət barədə düşünməyə başlaylb. 

Dediyimiz kimi, proses elə bir mərhələyə yetişib ki, indi Qarabağda yaşayan erməni sakinlərimiz seçim etməlidirlər – ya qanunlara tabe olub, bütün vətəndaş hüquqlarına sahiblənib, öz evlərində yaşamaqda davam etmək, ya da cinayətkar bir rejimin girovuna çevrilib, sonadək dirənmək və sonda, elə David Babayanın dediyi yerə gəlib çıxmaq: “...iki variantımız qalacaq - ya silahlı mübarizə, ya da genofondu xilas etmək üçün sadəcə Bibliya yolu – çıxıb getmək...”

Sırf humanitar məqsədlə təklif olunan Laçın yolu ilə terrorçulara silah daşıyanda, o imkan, əlbəttə, əlindən alınacaqdı və əlacın qalacaqdı Bibliya yoluna. 

Birinci variantı 3 il əvvəl sınaqdan keçiriblər, məyus olublar. Qalır ikinci variant. Yaxşı yol...

Press Klub