Logo
news content
User
Kateqoriyalar

Analitika

Putinin “partladılan” imici
Hazırda Rusiyanın ümidi ancaq “ölüm yoluna” qalıb 

Rusiyanı dənizdən Krım yarımadası ilə birləşdirən Krım körpüsü növbəti dəfə partladılıb. Xəbər agentliklərinin məlumatına görə, körpünün bir hissəsi tamamilə dağıdılıb, digər hissəsi isə 50 santimetrə qədər çöküb.

İlkin xəbərlərdə qeyd edilir ki, körpü iyulun 17-də gecə saat 03:20-də vurulub. Rusiya tərəfi hücumda ABŞ və Böyük Britaniya xüsusi xidmət orqanlarını ittiham edərək, əməliyyatı bilavasitə Ukrayna xüsusi xidmət orqanlarının həyata keçirdiyini bildirir.

Hələlik, hücum zaman uzaq mənzilli raketlərdən, yoxsa dəniz dronlarından istifadə edilməsi məsələsi açıq qalır. Rusiya tərəfi hətta hücumun su motosikletlərindən istifadə etməklə həyata keçirildiyi versiyasını da ortaya atıb. Bəzi mənbələr isə bu motosikletlərin mülki gəmidən, məsələn, taxıl daşıyan tankerdən suya buraxıla biləcəyini də versiya kimi səsləndirilər.

Rusiyanın dərhal ittihamla çıxış etməsinə baxmayaraq, hücumu kimin həyata keçirməsi məsələsi açıq qalıb. Rəsmi Kiyev hələ də məsuliyyəti öz üzərinə götürməyib. Baxmayaraq ki, Ukrayna Milli Təhlükəsizlik Şurası qeyri rəsmi kanallarda körpünün vurulmasının onların işi olduğunu dolayısı ilə təsdiq edir.

Eyni zamanda, körpünün vurulması maraqlı tarixə təsadüf edir. Məlum olduğu kimi, iyulun 17-də Ukrayna, Rusiya, Türkiyə və BMT arasında əldə edilən “taxıl sazişi” başa çatır. Rusiya, beynəlxalq təzyiqə və təkidə baxmayaraq bu sazişin vaxtının uzadılmayacağını deyirdi. Amma BMT və Türkiyə son ana qədər sazişin uzadılacağına ümid edirdilər. İndi isə Kreml şərtləri yerinə yetirilməyənə qədər heç bir halda “taxıl sazişinə” qayıtmayacağını bəyan edir.  

Krım körpüsünün vurulması hansı anlama gəlir və hansı nəticələrə səbəb ola bilər?

Öncə, körpünü kimin vura biləcəyindən başlayaq. Sözsüz ki, bu, ilk növbədə Kiyevin marağındadır. Rusiya daha təhlükəsiz sayılan Krım körpüsü vasitəsilə cəbhə xəttindəki qoşunlarının, eləcə də yarımadanın əhalisinin təminatını həyata keçirirdi. Hazırda isə bu təminat Ukraynanın işğal edilmiş Mariupol, Berdyanks, Melitopol şəhərlərindən keçməklə həyata keçirirdi. “Ölüm yolu” adlandırılan bu marşrut isə daima atəşə tutulur və təhlükəsiz deyil. Digər tərəfdən, Çonqardakı körpü vurulsa, Rusiyanın heç bir alternativi qalmayacaq. 

Krım körpüsünün vurulması bütün iddialara baxmayaraq, Ukraynanın Krım planından əl çəkmədiyini göstərir. Qeyd edək ki, bəzi Qərb dairələri Ukraynanın Donetsk və Luqansk vilayətlərini geri alması, Krım yarımadasını isə Rusiyaya güzəştə getməsi ssenarisini müzakirə edirlər. Guya ki, Ukrayna Rusiya prezidenti Vladimir Putini daha da qızışdırmamaq üçün, Krımdan imtina etməlidir. Amma Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnı onu heç bir qüvvənin dayandıra bilməyəcəyini, ilk imkandaca Krımdakı Rusiya qüvvələrini vuracağını və yarımadanı geri qaytaracağını bəyan etmişdi. Krım körpüsünün vurulması isə Ukrayna siyasi hakimiyyətinin və hərbçilərinin qərarlı olduğunu göstərir.

Eyni zamanda, bu əməliyyat bir daha Rusiyanın müdafiə potensialının zəifliyini göstərir. Moskva durmadan insanları körpünün təhlükəsizliyinə inandırmağa çalışırdı. Ötən il Krım körpüsünün partladılmasından sonra “təhlükəsizlik” məsələsi ciddi zərbə almışdı. Bundan sonra körpünün qorunmasını daha da gücləndirən, əlavə tədbirlər görən Rusiya bir daha belə diversiyalara yol verilməyəcəyini bildirmişdi. İndi isə məlum olur ki, “təhlükəsizlik heç də təhlükəsiz deyil”, bütün səylərə baxmayaraq Krım körpüsü vurulur. 

Yeri gəlmişkən, bu həm də Rusiyada korrupsiyanın və tikinti prosesinin bərbadlığını nümayiş etdirir. Ukrayna qoşunları ötən il Xerson şəhərini geri qaytarmaq üçün özlərinin tikdikləri Antonov körpüsünü partlatmaq məcburiyyətində qalmışdılar. Körpü ancaq dəfələrlə raket zərbəsi endiriləndən sonra yararsız hala düşmüşdü. Daha böyük və möhkəm olmalı olan Krım körpüsü isə ilk həmlədəcə çökür. 

Ukrayna Krımın və Krım istiqamətindən Rusiya qoşunlarının təminatını qısa müddətə də olsa kəsməyi bacardı. Bu həm də, Ukraynanın hansı silahlara malik olduğunu və kəşfiyyatının necə işlədiyini göstərdi. Rusiya körpünü yenidən təmir edərək işə salmağa çalışacaq. Amma artıq aydındır ki, bu zərbələrin ardınca digər zərbələr gələcək və daha tez-tez olacaq. 

Ortada ən böyük zərbə isə Putinin imicinə dəymiş oldu. Krım körpüsünün tikintisini və Krımın işğalını özünün şah əsəri elan edən Rusiya lideri hazırda “bu əsərlərdən” məhrum olmaq təhlükəsi ilə üzləşib. Mümkündür ki, Putin cavab olaraq Ukrayna ərazisinin, mülki infrastrukturunun vurulmasını gücləndirsin, eləcə də vacib dövlət obyektlərinə zərbə endirsin.

Amma bu, Rusiya rəhbərliyinə yuxudan ayılmaq üçün siqnal rolunu da oynaya bilər. Krımda başlayan müharibənin Krımda başa çatmaq ehtimalı da var.

Press Klub