Logo
news content
User
Kateqoriyalar

Analitika

“Pulun var? Var, var...” Amma...
Ötən il hökumət qaz vurub, qazan doldursa da vətəndaşın qazanı boş qalıb

"Birtəhər yeni qiymətlərə uyğunlaşmışıq. Amma bahalaşma hər birimizin büdcəsinə təsir etdi. Qiymət artımından hamı əziyyət çəkir. Mən düşünmürəm ki, bu bahalığı hökumət qəsdən edir. Dünyanın bütün ölkələrində bu cür proses gedir. Bu, ümumi bir bəladır. Bizim ölkəmizdə az da olsa pensiya və maaşları qaldırırlar. Lakin bununla yanaşı sürətli artım da gedir. Camaat çətin vəziyyətdədir. Bu, çox pis haldır. İnsanlar birtəhər dolanırdı, indi bilmirlər neyləsinlər”.

Bu sözlər tanınmış aktyor, xalq artisti Rasim Balayevə məxsusdur. O, yerli mediaya bildirib ki, pensiyası cəmi 300 manatdır, Prezident təqaüdü almasaydı, çətin vəziyyətdə qalardı. Bəs, il ərzində görkəmli aktyorun nəzərdə tutduğu aztəminatlı ailələr, muzdlu işçilər, təqaüdçülər üçün necə keçib, onların gəlirləri artıb, yoxsa azalıb?

Dövlət Statistika Komitəsinin (DSK) ötən ilin makroiqtisadi göstəriciləri ilə bağlı məlumatdan aydın olur ki, 2021-ci ildə Azərbaycanda əhalinin nominal gəlirləri 57 milyard 181 milyon manat olub. Bu, 2020-ci illə müqayisədə 2.6 faiz artım deməkdir. Amma həmin il ölkədə orta illik inflyasiya göstəricisi daha yüksək – 6.7 faiz olub. Bu isə o deməkdir ki, qiymət artımlarının səviyyəsi əhalinin gəlir səviyyəsini üstələyib. Əlbəttə, rəsmi inflyasiya rəqəmləri real vəziyyətlə həmişə kəskin fərqli olub. Müstəqil ekspertlər bildirirlər ki, 2021-ci ildə inflyasiya səviyyəsi 20 faizdən yüksək olub. Buna əsas kimi, ilboyu davam edən bahalaşma əsas götürülür. Xatırladaq ki, Tarif Şurası tərəfindən qaz, su, elektrik enerjisinin, yanacağın dəyəri kəskin artırılıb, habelə 260 adda rüsumlara da yenidən baxılaraq, onların miqdarı yüksəldilib.    

Beləliklə, rəsmi rəqəmlərə inansaq belə, ötən il insanların real gəlirləri bir əvvəlki illə müqayisədə 4 faizdən çox azalıb. 

Əhalinin toplam gəlirləri ilə yanaşı, hər nəfərə düşən real gəlir də azalıb. Ötən il Azərbaycanda əhalinin hər nəfərinə düşən orta gəlir bir il öncəki illə müqayisədə 2.2 faiz artaraq, 5 min 708 manat olub. Ancaq inflyasiya göstəricisini nəzərə alsaq, hər nəfərə düşən real gəlirin 4.5 faiz azaldığı üzə çıxır. Beləliklə ard-arda ikinci ildir ki, Azərbaycanda əhalinin real gəlirləri azalır. Rəsmi statistikada 2020-ci ildə ölkədə vətəndaşların real gəlirləri 4.6 faiz həcmində azaldığı açıqlanmışdı.

İl ərzində inflyasiya səviyyəsinin yüksək olmasına baxmayaraq, hökumət vətəndaşların itirdiyini kompensasiya etməkdə maraqlı olmayıb. Ötən il iqtisadiyyatda işləyənlərin orta aylıq əməkhaqqının artım tempinə görə Azərbaycan MDB dövlətləri arasında sonuncu yeri tutub.

2021-ci ilin yanvar-noyabr aylarında iqtisadiyyatda işləyənlərin orta aylıq əməkhaqqı Azərbaycanda 2,9 faiz, Ermənistanda 7 faiz, Rusiyada 9,2 faiz, Qırğızıstanda 9,4 faiz, Moldovada 11,3 faiz, Tacikistanda 11,6 faiz, Belarusda 14,4 faiz, Özbəkistanda 15,3 faiz, Qazaxıstanda 16,7 faiz, Ukraynada 20,4 faiz artıb. Beləliklə, Azərbaycan bu statistikada yoxsul Tacikistandan da xeyli aşağı yer tutaraq, sonuncu pillədə qərarlaşıb.

Yüksək inflyasiya isə orta aylıq əməkhaqqının real artımına ciddi təsir göstərib. Xatırladaq ki, 2020-ci ilin sonunda ölkə üzrə orta aylıq əməkhaqqı 703 manat 50 qəpik idi. Ötən il bu rəqəm 724 manat 10 qəpik olub. Deməli, ilboyu 20 manat 60 qəpiklik və ya 3 faizlik artım olub. Amma inflyasiya göstəricisini nəzərə alanda orta aylıq əməkhaqqının real dəyərinin də il ərzində 4 faizə yaxın azaldığı üzə çıxır.

Ötən il Azərbaycanda pensiyaçıların sayı da xeyli azalıb. DSK-nın məlumatına görə ölkədə 1 milyon 197 min nəfər təqaüdçü var ki, bu da altı ay öncə ilə müqayisədə 17 min nəfər azdır. 2021-ci il iyulun 1-i Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 214.1 min pensiyaçı qeydiyyatda olmuşdu. Komitənin məlumatına görə, bu da ölkə əhalisinin 12.1 faizini təşkil edirdi. Onların 58.8 faizi yaşa, 29.5 faizi əlilliyə, 11.7 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Ümumiyyətlə, son 4 il 6 ayda Azərbaycanda pensiyaçıların sayında azalma başlayıb. Rəsmi rəqəmlərə görə, 2017-ci il iyulun 1-i vəziyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 328.4 min nəfər pensiyaçı qeydiyyatda olub.

Beləliklə, 2021-ci mil ölkə əhalisi üçün ağır keçib, bahalaşmaya rəğmən hökumət cüzi artımlara gedib, onları isə inflyasiya yeyib. Bəs ötən il dövlətin gəlirləri necə olub, vətəndaşları maddi məhrumiyyətlərini azaltmaq imkanlarını necə qiymətləndirmək olar? Bunu müəyyənləşdirmək üçün büdcənin əsas donoru olan Dövlət Neft Fondunun gəlirlərinə diqqət etmək lazım gəlir.  

Bu gün açıqlanan rəsmi məlumata görə, ötən il fondun gəlirləri 15 milyard 986 milyon manat, xərcləri isə 11 milyard 383 milyon manat olub. Xatırladaq ki, 2020-ci ilin sonunda fondun 2021-ci ildəki büdcəsi ilə bağlı qanun təsdiqlənərkən orada 2021-ci ildə Neft Fondunun gəlirlərinin 8 milyard manat, xərclərininsə 12 milyard 250 milyon manata yaxın olacağı proqnozlaşdırılmışdı. Ötən il dünya bazarında neft qiymətlərinin yüksəkliyi fondun gəlirlərinin proqnozla müqayisədə təxminən iki dəfə çox olmasına şərait yaradıb.

2021-ci ilin dövlət büdcəsi hesablanarkən neftin 1 barelinin qiyməti 40 dollardan hesablanmışdı. Ancaq ötən il ərzində "AzeriLight" markalı Azərbaycan neftinin bir barelinin orta qiyməti 72 dollara yaxın idi. 2020-ci ildə Dövlət Neft Fondunun gəlirləri 9 milyard 361 milyon manat, xərcləri 12 milyard 425 milyon manat olmuşdu. Bu o deməkdir ki, fondun gəlirləri 2020-ci illə müqayisədə 70 faizə yaxın artıb, xərcləri isə, əksinə, 10 faizə yaxın azalıb. 

Rəqəmlərdən belə nəticə çıxır ki, ötən il hökumətin pul problemi olmayıb, amma onu sürətlə yoxsullaşan vətəndaşlarına xərcləməyə qıymayıb. Əksinə, xərcləri pensiyaçılarının sayını süni şəkildə azaltmaqla kəsməyə çalışıb...

Elçin Eldaroğlu