Logo
news content
User
Kateqoriyalar

Analitika

Primakov haqqında kollektiv esse

Rusiya “insan və siyasətçi” Primakovun 90 illiyini geniş qeyd etdi, yubiley tədbirləri hələ bitməyib. Bir çox ölkələrdə səfirliklər də öz tədbirlərini keçiriblər. Bakıda isə ona sərgi həsr olunub və esse müsabiqəsinin qalibləri mükafatlandırılıb. 

PKK koordinatoru və Azərbaycan xalqına qarşı 20 yanvar cinayətinin birbaşa iştirakçılarından olmuş Primakovun “insan və siyasətçi” kimi əməllərini Bakı yaxşı xatırlayır. Bizim tanınmış jurnalistlərimiz də onun haqqında kollektiv “esse” yazıblar. Müsabiqə üçün deyil, amma Rusiya səfirliyinə və onun faktiki təxribatına göz yumub “sapı özümüzdən olan baltalara” ittihamdır.

Hurani: “Aydındır ki, RF-nın Azərbaycandakı səfirliyinin və onun ərazisində yerləşən Rusiya mədəniyyət mərkəzinin eksterritoriallıq statusu var... Bu strukturlar nə edəcəklərini özləri müəyyənləşdirirlər və Azərbaycan hakimiyyəti ilə məsləhətləşməyə, icazə almağa formal cəhətdən borclu deyillər. 

Amma belə tədbirlərin təşkilatçıları, ən azı, hansı ölkədə işlədiklərini unutmamalıdırlar. Xüsusi ilə də ona görə ki, diplomatların vəzifə borcu ikitərəfli münasibətləri pozmaq yox, möhkəmləndirməkdən ibarətdir. Kobud şəkildə desək, belə tədbirləri diplomatik missiya çərçivəsindən kənara çıxarmazdan əvvəl “başı işə salmaq” lazımdır (təəssüf ki, ərazində cəza aksiyası keçirmiş adamların mədh olunduğu şəraitdə vicdan barədə danışmağa yer qalmır). Doğrudur, iş Azərbaycana çatanda, Rusiyada belə incəliklər barədə düşünməməyə alışıblar. Ancaq böyük siyasətdə belə oyunlar yaxşı qurtarmır. Xüsusi ilə də söhbət 20 yanvar faciəsi kimi mənəvi-siyasi məsuliyyət barədə getdiyi bir yerdə. Bundan sonra müasir Rusiya üçün o məsuliyyəti üzərindən atmaq çətin olacaq.

Raur Mirqədirov: Bizim Slavyan universitetinin tələbələri RF səfirliyinin Bakıda təşkil etdiyi və Yevgeni Primakovun 90 illiyinə həsr olunmuş yazı müsabiqəsinə qoşulublar. Biabırçılıqdır!!!

Xatırladım ki, Primakov 1989-cu ilin 20 sentyabrından 1990-cı ilin 13 iyulunadək SSRİ Ali Sovetinin İttifaq Şurasının sərdi olub. Yəni, 1990-ci ilin yanvar hadisələri əfərəsində məhz bu vəzifədə Bakıya gəlib. Beləliklə, Bakıya qoşun yeridilməsi və xalq hərəkatının güc tətbiqi ilə yatırılması barədə siyasi qərarın təşəbbüskarı məhz o olub. 

Qoşun yeritməyə bir neçə saat qalmış o, Etibar Məmmədovla görüşüb. Etibar Məmmədov dinc əhali arasında qurbanların qarşısını almaq üçün ona qoşun yeritmək barədə qərarı ləğv etməyi təklif edib. Bu halda Məmmədov axşam televiziya ilə xalqı xəbərdar etməyə, hamını barrikadaları tərk etməyə çağırmağa hazırlaşırdı. Primakov açıq şəkildə deyib ki, qoşun yeritmək barədə qərar artıq qəbul olunub və heç nə dəyişmək mümkün deyil... Məmmədovun müraciəti ərəfəsində televiziyanın enerji bloku partladılıb. İnsanlar informasiya ala bilməyiblər... Blokun partladılmasına da Primakov sanksiya verib... Həmin anda o, Bakıda olan ittifaq miqyaslı ən yüksək səlahiyyət sahibi idi.

Beləliklə, Primakov Azərbaycan xalqına qarşı törətdiyi cinayətə görə beynəlxalq tribunal qarşısında cavab verməli idi. Biz onun insanlıq əleyhinə cinayətə görə mühakimə olunmasına çalışmalıydıq. Əvəzində isə övladlarımız müsabiqədə iştirak edir və Primakovu göylərə qaldıran inşalar yazırlar...

Rüfət Muradlı: Ölkədə nə çox Primakov sevdalısı varmış?! Sən demə, BSU-nin 20 Yanvar qatilinin 90 illiyinə təşkil etdiyi esse mərasimində Milli Məclisin 3 deputatı, özü də AŞPA-dakı nümayəndə heyətimizin üzvləri Səməd Seyidov, Sevinc Fətəliyeva, Sahibə Qafarova da iştirak ediblər...

Rey Kərimoğlu: Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva dərhal vəzifəsindən azad edilməlidir! Dərhal! Və barəsində cinayət işi başlanmalıdır! Rəhbərlik etdiyi təhsil ocağının 20 yanvar qatili Primakovun xatirəsinə esse müsabiqəsi təşkilində iştirak etdiyinə görə!..

Orxan Fikrətoğlu: Hardasa Mikoyana aid sərgi keçirən yoxdur? O tədbirə lap çox deputat gələr. Dəfələrlə demişəm ki bizim millətin yaddaşı yoxdur. Bunu bilənlər idarə etdikləri təsir agentlərinin əliylə milləti dəfələrlə təhqir edirlər. Primakovu diriltmək Rusiya üçün Mülleri diriltmək deməkdir. Biz bu sifarişi Rusiyada həyata keçirə bilərik? İnanmaq istəyirəm ki yeni məmur dalğası milli tarixə və dövlətçilik təməlinə daha sadiq olacaq. Primakova açılmış sərgi mədəniyyət hadisəsi deyil, birbaşa təhlükəsizlik məsələsidir.

Rövşən Kəbirli: Onun adını 20 Yanvar qırğınının təşkilatçılardan biri kimi siyahıdan çıxarmaqla bəraət verənlər indi də şəninə sərgi təşkil edir, yəqin ki, bir müddət sonra da 20 Yanvar metro stansiyasının üstündə əzəmətli heykəlini ucaldacaqlar. Dindirəndə də deyirlər ki, biz xalqın iradəsinin icraçılarıyıq…