Logo
news content
User
Kateqoriyalar

Analitika

Plüralizm tək virtual yox, real həyatımızın bir hissəsinə çevrilməlidir

Prezidentin son günlərdə verdiyi fərmanlar və bəzi dövlət qurumları rəhbərlərinin istefaya getməsi kimi məsələlər cəmiyyətdə böyük rezonans doğurub. Sosial şəbəkələr qaynaşır. Ənənəvi mediada, demək olar ki, plüralizm yoxdur, amma məhz sosial şəbəkələrdə, çox vaxt eyni platformada minlərlə, on minlərlə insan öz fikrini, dəyişikliklərə münasibətini bildirir.

Belə müzakirələr bizim tək virtual yox, real həyatımızın da bir hissəsinə çevrilməlidir. Onda buzlar daha tez əriyəcək və biz normal diskussiyalara, debatlara qayıda, ictimai münasibətləri tədricən sağlamlaşdıra biləcəyik. Xarakterik status və şərhlərin bir qismini sitatlar şəklində toplayıb təqdim etmək qərarına gəldik:

Mahir Alekberov: Sağ əlləri Səhiyyə naziri Oktay Şirəliyevin başına...

Ramin Osmanlı: Deyilənə görə, Oqtay Şirəliyev də istefa ərizəsi yazıb, amma oxumaq mümkün deyil. Həkimlərin xətti yaxşı olmur axı, ona görə...

Tamilla Qulami: Dəyişiklərlə bağlı təkrar edəcəyim düşüncəm var. Hakimiyyət sistemi dəyişmədikcə Hacıbala Abutalıbov gedəcək, yerinə Abutalıbov Hacıbala gələcək. Sistemi xarab olan avtomobilə ha peşəkar sürücü gətir, xeyri yoxdur, o xarab avtomobili sürə bilməyəcək. Elə Prezidentin öz çıxışında dediyi kimi. Filankəslər filankəsləri şantaj edir. O postlara təyin olunanları da cənab Prezident təyin edir, başqası deyil. Gəlin, sistemin dəyişilməsi yönündə mütəşəkkil, SİSTEMLİ, planlı, hüquqi yolla sivil etirazlar səsləndirək. Dartışaq, mübahisələr edək, müzakirələr edək, nəhayət, bir yerə varaq. Əks halda, adlar dəyişəcək, adlardan başqa dəyişən heç nə olmayacaq. Bu qədər sadə. Və bir şeyi unutmayaq! Şəxsi qüruru kənara qoyub, nəhayət ki, milli qürur nümayiş etdirək. Hər şey AZƏRBAYCANımız üçün!..

Xəyal Məmmədxanlı: İslahat demişkən, riyaziyyatda öyrəndiyim ilk qaydalardan biri bu olub - toplananların yerini dəyişəndə cəm dəyişmir...

İdrak Abbasov: Çox da eyforiyaya düşməyin. Demokratiya xalqın idarəetməsi deməkdir. Onun əksinin adı diktaturadır. İzahı da hakimiyyətin bir və ya bir qrupun nəzarətində olması deməkdir. Nə zaman xalq heç olmasa bələdiyyəsini özü seçmək imkanına malik olsa, o zaman eyforiyaya düşmədən “islahatlara start verildi” deyə bilərsiniz...

Bahadur Hoca: Deyirəm, adam nə qədər həyasız olmalıdır ki, ölkə başçısı sənə çox mədəni, sivil qaydada, incitmədən, danlamadan, yığdığını əlindən almadan deyə ki, yaşın yetmişi keçibsə, gətir ərizəni ver, buna rəğmən otura kreslosunda, tərpənməyə...

Ziya Guliyev: Əli Həsənovun biri getdi, qaldı o birisi.

Gunel Safarova: Təkcə pensiya yaşı çatdığı üçün yox, işinin öhdəsindən gələ bilməməyə - səriştəsizliyə görə də istefaların şahidi olmaq istəyirik. İkincilərin sayı o qədər də az deyil. Ümid edirəm, bu islahatların nəticəsində ictimai rəydən çəkinməyərək xalqa xidmət etməyən, büdcə talanmasında iştirak edən, səriştəsiz, dövlətin pulundan özünə layihələr, bizneslər quran, trol və trolələr ordusu saxlayanlar və s. - hamısı gedəcək. İslahat onda xalqın dəstəyini tam qazanacaq.

Cavanşir Abbaslı: Bir tərəfdən, islahatlar abı-havası yaradılır, digər tərəfdən Elina intiharında birbaşa məsuliyyət daşıyan məktəb direktoru 2 il 2 ay məhdudlaşdırma cəzası alır. Arkadaşlar, ümidlənməyin, heç nə də olan deyil...

Курбан Якубоглу: Mən həmişə düşünmüşəm: istənilən proses şəxslərin üzərində yox, prinsiplərin üzərində aparılmalıdı.

Lale Musaqizi: Deyir, toplananların yeri dəyişəndə, cəm dəyişmir.

Bakhtiyar Hajiyev: AMEA-nı qurum kimi davamlı və çox sərt tənqid etmişəm. Çünki, layiq olub buna. Dövlətə yük olub, bekarçılıq məkanına çevrilib. Sadəcə AMEA sözünü yazıb, facebookda axtarsanız, 10-larla bərbad işləri barədə məlumat paylaşmışam.

Bu həftə Moldovada Avropa İttifaqı Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində ŞTP VCF tərəfindən “İnnovasiyalar və Tədqiqatlar” mövzusunda illik toplantıda iştirak etdim. Əminliklə deyə bilərəm ki, əksər göstəricilərə görə, o cümlədən Aİ proqramları (Horizon2020, COST və s.) göstəricilərinə görə, 6 Şərq Tərəfdaşlığı ölkəsindən xeyli geridə qalmışıq. Hazırda digər ölkələrdə, o cümlədən Ermənistanda gedən bəzi işlər var ki, onlar indi Azərbaycanla ciddi fərq yaratmır, bu ciddi fərq hazırda statistik gözlə görünən deyil. Amma yaxın gələcəkdə Azərbaycan özünün elm və texnologiya, təqdiqatlar və innovasiya sahəsində ciddi dəyişikliklər etməsə, aradakı fərq çox ciddi olacaq. Və bir gün başımıza döyəcəyik iki əlimizlə!..