Logo
news content
User
Kateqoriyalar

Analitika

Paytaxtın ağır yükü: kimdir günahkar?

“Qanunlara görə, 19 yaşlı vətəndaş yük avtomobilini idarə edə bilər”.

Bu sözləri old.old.pressklub.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib. O, bildirib ki, C kateqoriyası üzrə sürücülük hüququ buna imkan verir:

“Sözügedən kateqoriya isə BC olmaqla, 18 yaşdan etibarən verilə bilər. Ağır tonnajlı digər yük maşınlarını idarə etmək üçün isə xüsusi təcrübə lazımdır. Ancaq qəzanın baş verməsinə səbəb olan maşının idarəsinə sözügedən təcrübə tətbiq olunmur.

Qəzadan sonra Dövlət Avtomobil Nəqliyyatı Xidməti yük avtomobilinin sürücüsünün heç bir qanuni əsas olmadan yükdaşıma fəaliyyəti göstərdiyini açıqladı. Bunu açıqlamaq üçün isə gecdir. Çünki qəza artıq baş verib. Bunun qanuni və ya qanunsuz olmasının isə heç bir əhəmiyyəti yoxdur”.

E.Cəfərov qeyd edib ki, baş verən hadisə Bakı üçün böyük faciədir:

“Burada sürücülərlə yanaşı, bəzi qurumların da az da olsa məsuliyyəti, cavabdehliyi var. Ümumilikdə, Bakıda bu gün yol hərəkətinin tənzimlənməsi, yol infrastrukturu istiqamətində problemlər çoxdur. Paytaxtda yollar çala-çuxurludur, yol nişanları yetərli qədər yoxdur, eləcə də qaranlıq küçələr var. Sadaladıqlarım qəzaların baş vermə səbəblərinə daxildir. Bütün bunlar həll edilməlidir ki, qəzalar azalsın”.

Məsələnin başqa tərəfi, yük avtomobillərinin şəhərdə sərbəst hərəkəti ilə bağlıdır. Əvvəla, günün bəlli saatlarında yük avtomobillərinin şəhərə girişi qanunla qadağandır. İkincisi, heç kimə sirr deyil ki, şəhərdə hansısa şəxsi yüklərin belə daşınması yol polislərinin diqqətindən kənarda qalmr. Şəxsi təcrübədən də deyə bilərik ki, bəzən 3-5 kilometrlik yolda DYP 2-3 yerdə saxladıb, yüklə, avtomobilin sənədləri ilə maraqlanır, rəsmi və ya qeyri-rəsmi tələblər irəli sürür. Ekspert bu məsələlərə də toxunub:

“Müvafiq qaydalara görə, yük avtomobilləri Bakıya səhər saat 7-ə qədər daxil ola bilərlər. Onların saat 7-dən axşam saat 9-a qədər şəhərdə hərəkəti qanunsuzdur. Burada yük avtomobilin neçə ton yük götürə bilməsi də nəzərə alınır. Bu qaydalara baxmayaraq, Bakıda yük avtomobillərinin əlindən tərpənmək olmur. Dünən elə mən özüm günorta saat 1 radələrində betonqarışdıran avtomobilin şəhərdə hərəkətinin şahidi oldum. Bu məsələlərlə bağlı müvafiq qurumlar daha dəqiq, çevik işləməlidirlər. 

Baş verən hadisədə məsuliyyət tək vətəndaşın üzərində qalmamalıdır. Buna qurumlar da cavabdehlik daşımalıdırlar”.

E.Cəfərov bu günü qəza ilə bağlı Daxili İşlər Nazirliyinin yaydığı videogörüntünü də şərh edib:

“Təəssüf ki, yayılan görüntü ancaq bir rakursdan idi. Buna görə də ona baxaraq tam əminliklə dəqiq nəticəyə gəlmək mümkün deyil. Görüntülərdən sadəcə məlum oldu ki, hadisədən qabaq sərnişin avtobusu sağa-dayanacağa tərəf yol almaq istəyir və bu zaman yük avtomobili onu vurur. Yük avtomobili sürücüsünün də toqquşmadan əvvəl sola çəkilərək, qəzadan yayınmağa çalışdığı sezilir. Ancaq dediyim kimi, dəqiq analizlər üçün başqa rakurslardan da görüntülərə ehtiyac var”.

Ekspert əlavə edib ki, hazırda paytaxtda olan dayanacaqların əksər hissəsi düzgün yerlərdə qoyulmayıb:

“Bu da həm sürücülər, həm də sərnişinlər üçün çətinlik yaradır. Məsələn, N.Nərimanov metrosunda keçmiş kinoteatrın qarşısında olan dayanacaqda sözügedən problem var. Buradan keçən avtobuslar, xüsusilə də 2 nömrəli marşrut dayanacaqda yox, həmişə yolun ortasında saxlayır. Sərnişinlər də avtomobusu yolda gözləyirlər. Nizam-intizam olmayan yerlərdə isə dünən baş verən faciə kimi hadisələrin olması gözləniləndir. Sürücülər avtobusları yalnız dayanacaqda saxlamalıdırlar.

Bu istiqamətdə daha ciddi addımlar atılmalı, işlər görülməlidir. Hazırda elə bir duruma düşmüşük ki, Bakıda nəqliyyat məsələsini tənzimləyib nöqtə qoya bilmirik. Bu məsələnin həll yolları isə çox rahat və qısadır. Müvafiq qurumlar bunu bacarmırlarsa, nəqliyyat üzrə ekspertlərin fikirlərini almalı və problemi birdəfəlik həll etməlidirlər”.

Xatırladaq ki, dünən səhər saatlarında Aeroport yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. 99 DH 343 dövlət nömrə nişanlı, "Mercedes” markalı yük avtomobilinin 171 nömrəli müntəzəm marşrut xətti üzrə işləyən 10 TH 116 dövlət nömrə nişanlı sərnişin avtobusuna çırpılması nəticəsində 5 nəfər ölüb, 25 nəfər xəsarət alıb.

Qəzayla bağlı cinayət işi başlanıb.

Yük avtomobilinin sürücüsü, Qobustan sakini, 12.04.2002-ci il təvəllüdlü Əzizov Mahmud Babagözəl oğlu qəza ilə əlaqədar şübhəli şəxs qismində tutulub.

Əlavə edək ki, hadisədən sonra avtomobil nəqliyyatı ilə daşımalarda təhlükəsizliyin təmin olunması, iş və istirahət rejiminə əməl edilməsi, xüsusilə qeyri-qanuni fəaliyyət göstərən avtonəqliyyat vasitələrinin sürücülərinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) əməkdaşları birgə tədbirlərə başlayıb.

Qeyri-qanuni daşımaların qarşısını almaq üçün həm paytaxtda, həm də respublikanın bütün regionlarında sərt tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Müəyyən edilən qaydaları pozan şəxslərin barəsində qanunvericiliyə uyğun olaraq, inzibati cəza tədbirləri görüləcək.

Şəfəq