Paşinyanın kilsə savaşı: hədəf II Qaregin, əsas məsələ Moskvanın təsiridir?
Ekspert: Baş nazir ölkəsini Rusiyanın nəzarətindən çıxarmaq istəyir
03 Oktyabr 2026
Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, Erməni Apostol Kilsəsi faktiki olaraq işğal edilib və mövcud vəziyyətin aradan qaldırılması üçün qanunvericiliyə dəyişikliklər edilməlidir. “Armenpress”in məlumatına görə, baş nazir jurnalistlərlə brifinq zamanı mövqeyini yenidən səsləndirib.
“Kilsə katolikos və ya yepiskoplar demək deyil. Kilsə inanclı xalqdır, amma inanclı xalq kilsənin idarə olunmasından kənarlaşdırılıb. Kilsənin idarəçilik ənənəsi dini şuralar, yeparxiya şuraları və Milli Kilsə Məclisi üzərində qurulub. Lakin nəzərdə tutulmasına baxmayaraq, həmin məclis indiyədək keçirilməyib. Təsəvvür edin ki, Ermənistanda hökumətin və parlamentin iclasları keçirilmir. Təsəvvür edin ki, mənim baş nazir olmamağımı nəzərdə tutan statusum var, amma hamı deyir: Yaxşı, yaxşı, fərqi yoxdur, bu vəzifəyə gəlib çatıbsa, qoy otursun”, – Paşinyan bildirib.
O, “İctimaiyyətlə əlaqələr və informasiya mərkəzi” dövlət qeyri-kommersiya təşkilatının hazırladığı “Erməni Apostol Müqəddəs Kilsəsinin faktiki rəhbərinin və bir qrup yüksək rütbəli din xadiminin fəaliyyəti nəticəsində kilsədə yaranmış böhran və onun həlli yolları haqqında” hesabata istinad edərək qeyd edib ki, yaxın vaxtlarda sənədin araşdırılması üçün istintaq komissiyası yaradılmalıdır.
Qeyd edək ki, baş nazirin tapşırığı ilə hazırlanan hesabat sentyabrın 24-də dərc olunub.
“Nəticədə kilsənin ələ keçirilməsi vəziyyətini aradan qaldıracaq qanunlar qəbul edilməlidir”, – Nikol Paşinyan deyib.
Baş nazir əlavə edib ki, kilsə icmasının onun idarə olunmasında tam iştirakını təmin etmək üçün kilsənin işğal edilməsini aradan qaldıracaq qanunvericilik dəyişiklikləri zəruridir.
“Qərarı Ktriç Nersisyan (Bütün ermənilərin katolikosu II Qareginin dünyəvi adı – red.) deyil, kilsə icması verməlidir. Kimin keşiş olacağı KQB (DTK) agentləri vasitəsilə müəyyən edilməməlidir. Biz bu qərarları Konstitusiyaya əsaslanaraq verəcəyik. Münasibətlər qanunla tənzimlənir”, – o bildirib.
Baş nazir həmçinin deyib ki, maaş almayan keşişlər olmamalıdır və kilsəyə daxil olan hər qəpiyin hesabatı aparılmalıdır: nə qədər vəsait daxil olub və həmin pullar nəyə xərclənib. Onun sözlərinə görə, din xadimləri sosial təminat və zəmanətlərdən də istifadə etməlidirlər.
“Ktriç Nersisyanın getməlidir və dövlət bunun üçün bütün imkanlardan istifadə edəcək. O kimdir ki, ən müqəddəs yerdə otursun? O heç kimdir”, – Paşinyan bildirib.
Baş nazir fikirlərini kilsəni “ələ keçirmiş” katolikosun ünvanına bir sıra sərt ifadələrlə müşayiət edib. Paşinyan həm baş nazir, həm də inanclı şəxs kimi II Qareginin vəzifədən uzaqlaşdırılması üçün mümkün olan hər şeyi edəcəyini vəd edib.
O xatırladıb ki, qanunvericilik dini təşkilatların siyasi təbliğatla məşğul ola bilməyəcəyini açıq şəkildə müəyyən edir. Paşinyanın sözlərinə görə, kilsə bu fəaliyyətlə məşğul olub və buna görə məsuliyyət Ktriç Nersisyanın üzərinə düşür.
Baş nazir “yavaş-yavaş, sistemli şəkildə, millimetr-millimetr irəliləyəcəklərini” bildirib.
Katolikosun istefası prosesini necə təsəvvür etdiyi barədə birbaşa suala cavab verən Paşinyan bildirib ki, bunu inanclı şəxslər öz hüquqlarından istifadə etməklə həyata keçirəcəklər: “Yaşayarıq, görərik”.
Paşinyanın Erməni Apostol Kilsəsinə qarşı mübarizəsinin yeni mərhələsi nədən xəbər verir? Görünür, o, hələ də kilsənin hazırkı rəhbərliyinin xarici qüvvələrin maraqlarına uyğun fəaliyyət göstərdiyinə əmindir. Baş nazir bu prosesi sona qədər apara biləcəkmi? Paşinyanın kilsə rəhbərliyində aparılacaq islahatların Ermənistan əhalisinin böyük hissəsinin siyasi əhvali-ruhiyyəsində ciddi dəyişiklik yarada biləcəyini düşünməsi mümkündürmü?
Pressklub.az suallarını müstəqil politoloq Xaqani Cəfərli cavablandırıb.

Onun sözlərinə görə, keçmiş Sovet İttifaqındakı bütün dini institutlar NKVD-nin (“KQB”-nin əvvəlki adı– red.) “şinelindən çıxıb”.
“Erməni Apostol Kilsəsi də istisna deyil. Buna görə postsovet respublikalarında, hətta Şərqi Avropanın bəzi ölkələrində kilsə üçün əsas istiqamətverici mərkəz Moskva olaraq qalır. Rusiya imperiyasının özü kilsə layihəsi olduğuna görə dini institutların Moskvanın nəzarəti altında saxlanmasına çox böyük əhəmiyyət verirdi. Məhz bu səbəbdən Rusiya prezidenti də daxil olmaqla hərbi-siyasi və biznes elitasının böyük əksəriyyətinin sanksiyalar altında olmasına baxmayaraq, Moskva Rus Pravoslav Kilsəsinə və patriarx Kirillə qarşı sanksiyaların tətbiqinin qarşısını almaq üçün bütün imkanlarından istifadə edir”, – analitik bildirib.
Onun fikrincə, Ermənistanı Rusiyanın nəzarətindən çıxarmağa çalışan Nikol Paşinyan yaxşı anlayır ki, kilsə milliləşdirilməyənədək Moskva ölkədəki ən güclü təsir alətlərindən birini əlində saxlayacaq.
“Buna görə də o, Erməni Apostol Kilsəsinin rəhbərliyində islahatlar aparmaqla Moskvanı bu əsas təsir rıçağından məhrum etməyə çalışır. Oxşar addımı Ukrayna da atıb və kilsəni Moskvanın təsirindən çıxarmağa cəhd göstərdi. Moskva Kiyevin kilsə siyasətini öz maraqları üçün ən böyük təhdidlərdən biri hesab etdiyi kimi, Nikol Paşinyanın atdığı addımları da ciddi narahatlıqla izləyir.
Əgər Nikol Paşinyan elan etdiyi islahatları həyata keçirə bilsə, bu, Moskvanın Ermənistanın daxili siyasətinə təsir imkanlarını əhəmiyyətli dərəcədə azaldacaq. Digər tərəfdən, belə bir proses Ermənistan cəmiyyətində daha sağlam münasibətlər sisteminin formalaşmasına da töhfə verə bilər”, – Cəfərli hesab edir.
Rauf Orucov