Paşinyanı Moskvada gözləyirlər - “Qərar anı” yaxınlaşır!
Kremlin ultimatumu və İrəvanın çətin seçimi – Ermənistan nə edəcək?
02 Sentyabr 2026
Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının yubiley sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən ikitərəfli görüş, eləcə də Rusiya liderinin mətbuat konfransında verdiyi açıqlamalar İrəvan-Moskva xəttində gərginliyin kritik həddə çatdığını göstərdi. Baş nazir Paşinyanın yenidən seçiləndən sonra Putinlə ilk dəfə üz-üzə gəldiyi bu təmas, sadəcə növbəti görüş deyil, Ermənistanın geosiyasi gələcəyini müəyyənləşdirəcək açıq haqq-hesab xarakteri daşıdı.
Görüşdən dərhal sonra mətbuat konfransı keçirən Vladimir Putin Cənubi Qafqazdakı yeni reallıqlardan tutmuş Gümrüdəki 102-ci Rusiya hərbi bazasının taleyinə, Avropa İttifaqı (Aİ) - Avrasiya İqtisadi İttifaqı (Aİİ) ziddiyyətindən KTMT ilə problemlərə qədər ən həssas mövzularda maraqlı mesajlar verdi. Rusiya liderinin Paşinyanı bütün bu məsələləri detalına qədər müzakirə etmək üçün Moskvaya dəvət etməsi isə İrəvan üçün "qərar anı"nın çatdığını nümayiş etdirir.
Aİ-yə inteqrasiya və Aİİ ziddiyyəti
Görüşün ən gərgin müzakirə mövzularından biri İrəvanın Avropa İttifaqına yaxınlaşma cəhdləri və bunun Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində yarada biləcəyi hüquqi-iqtisadi maneələr olub. Vladimir Putin Aİ və Aİİ arasında eyni vaxtda yer almağın texniki və hüquqi baxımdan imkansızlığını açıq şəkildə bəyan etdi. Rusiya lideri İrəvana xatırlatdı ki, Ermənistan Parlamentinin Aİ-yə daxil olmaq prosesini başlatmağa yönəlmiş qanun qəbul etməsi faktiki olaraq Aİİ-dən çıxmaq deməkdir. Moskva bu addımla İrəvana mesaj verir ki, həm Rusiya bazarlarından ucuz enerji və gömrüksüz ticarət imtiyazları əldə etmək (hansı ki, yarım ildə Rusiya ilə ticarət dövriyyəsi 2,5 milyard dollara düşüb), həm də Brüsselə inteqrasiya olunmaq mümkün deyil. Nikol Paşinyan isə Aİİ nizamnaməsində hər hansı ölkəni təşkilatdan xaric etmək mexanizminin olmadığını, çıxış üçün ən azı 6 ay öncədən bildiriş verilməli olduğunu xatırladaraq vaxt qazanmağa çalışdı. Paşinyan alternativlərə sahib olmaq hüququnu müdafiə etsə də, bunun Aİİ-dən narazılıq mənasına gəlmədiyini bildirdi.
Amma Paşinyanın hüquqi boşluqlardan istifadə edərək vaxt qazanmaq taktikası Moskva qarşısında zəif görünür. Rusiya iqtisadi rıçaqları (neft-qaz qiymətləri, Yuxarı Lars keçidi, Rusiyadakı erməni biznesi) işə salacağı təqdirdə, Aİİ-dən rəsmən çıxarılma mexanizminə ehtiyac belə qalmayacaq.
Referendum tələbi: Moskva Ermənistanın daxili işlərinə müdaxilə edir
Putin brifinqdə Ermənistan rəhbərliyinə Aİ-yə üzvlük məsələsini referenduma çıxararaq xalqın rəyini öyrənməyi təklif etdiyini açıqladı. Rusiya liderinin bu təklifi Kremlin İrəvandakı hakimiyyətə qarşı tətbiq etdiyi incə siyasi təzyiq alətidir. Moskva yaxşı anlayır ki, Ermənistanda Aİ-yə inteqrasiya tərəfdarları çox olsa da, Aİİ-dən çıxmağın gətirəcəyi kəskin iqtisadi böhran, qiymət artımı və enerji qıtlığı riskləri xalq arasında ciddi narahatlıq yarada bilər. Paşinyanın "bu məsələ referenduma çıxarılacaq həddə çatmayıb" deməklə cavab verməsi, daxildə Moskva tərəfindən idarə oluna biləcək potensial sosial gərginliyin qarşısını almaq məqsədi daşıyır.
Köhnə-yeni KTMT məsələsi
Putin Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) uzaqlaşması və mümkün çıxışı ilə bağlı məsələyə də toxunaraq, gərginliyin kökündə Ermənistan-Azərbaycan sərhədinin delimitasiya olunmamasının durduğunu iddia etdi. Putinin "Nikol Vovayeviç KTMT-nin sərhədin müəyyən hissələrini qorumalı olduğuna inanırıdı, lakin üzvlər delimitasiya və saziş olmadığını bildirərək bundan imtina etdilər" açıqlaması Kremlin təşkilatın qərarına verdiyi rəsmi bəraətdir. Moskva açıq mesaj verir - Sərhədi dəqiqləşməyən ölkənin hara qədər qorunacağını müəyyən etmək mümkün deyil. Bu mövqe Paşinyan hökumətinin KTMT-ni ittiham edərək Qərb təhlükəsizlik çətirinə sığınmaq cəhdlərini boşa çıxacağına işarədir və İrəvanı Bakı ilə birbaşa sərhəd danışıqlarını sürətləndirməyə vadar edir.
Yeni mövzu - Gümrüdəki 102-ci Rusiya bazası çıxarıla bilər?
Rusiya Prezidentinin brifinqdə işlətdiyi "Əgər Ermənistan Rusiya hərbi bazasına ehtiyacı olmadığını düşünürsə, ən geci sabah çıxarıq" bəyanatı diplomatik müstəvidə bomba effekti yaratdı. Şübhəsiz ki, bu ifadə Rusiyanın həqiqətən geri çəkilmək istəyi yox, İrəvana ünvanlanmış açıq xəbərdarlıqdır. Moskva bilir ki, 102-ci bazanın və Rusiya sərhədçilərinin çıxarılması Ermənistanın Türkiyə və İran sərhədində kəskin təhlükəsizlik vakuumu yaradacaq. Putin "erməni xalqı böyründə bir növbəti Rusiya hərbi “qanadı” görmək istəyirsə, qalacağıq" deməklə məsələni Paşinyan hakimiyyətinin deyil, birbaşa erməni cəmiyyətinin təhlükəsizlik seçimi müstəvisinə keçirir. İrəvanın hazırda bu bazanı əvəzləyəcək alternativ gücü yoxdur. İkincisi, Putin bu mövzuda hökumətin yox, erməni cəmiyyətinin mövqeyinə üstünlük verəcəyini vurğulayır. Bu isə xeyli mücərrəd və təhdid dolu mesaj sayıla bilər.
Putinin gecikən Qarabağ etirafı
Rusiya rəhbəri 2022-ci il Praqa görüşünü xatırladaraq, Paşinyanın şəxsən Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını və bununla da Rusiyanın bölgədəki mövqeyinin dəyişdiyini vurğuladı. Rusiya lideri bu etirafla Moskva-İrəvan gərginliyində bütün məsuliyyəti Paşinyanın üzərinə atır. Eyni zamanda, Putinin Prezident İlham Əliyevi "müasir, ağıllı insan" adlandırması, Qarabağda baş verənlərdən sonra "yeni bir səhifə açmaq", kommunikasiyaları bərpa etmək və iqtisadi həyata başlamaq barədə fikirləri göstərir ki, Moskva Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqları tam qəbul edib və Bakı ilə praqmatik əməkdaşlığı prioritet sayır.
Kreml rəhbəri Paşinyanı Moskvaya niyə çağırır?
Putinin brifinqdə verdiyi maraqlı bəyanatlardan biri də Paşinyanı Moskvaya dəvət etməsi oldu. Moskva səfəri gərginliyin bağlı qapılar arxasına, ekspertlər və hökumətlərarası komissiyalar səviyyəsində konkret hesablaşma müstəvisində müzakirə keçdiyini göstərir. Kremlin məqsədi İrəvanı siyasi bəyanatlardan uzaqlaşdırıb, ikitərəfli müqavilələrin və hüquqi sənədlərin masaya qoyulduğu "soyuq rəqəmlər" dilində danışmağa vadar etməkdir.
Putinin "Tələsmədən, onun mütəxəssisləri və bizim hökumət ekspertlərimizlə birgə əyləşib hər bir bəndi tək-tək nəzərdən keçirmək üçün Moskvaya dəvət etdim" ifadəsi Kremlin İrəvana tətbiq edəcəyi "inventarizasiya" metodudur. Moskva İrəvanın önünə qaz qiymətləri, Aİİ güzəştləri, Rusiya Dəmir Yollarının (Cənubi Qafqaz Dəmir Yolu) 2038-ci ilə qədər olan konsessiya idarəçiliyi və Zəngəzur dəhlizi/kommikasiyaların açılması məsələsini qoyacaq. Hər bir bənd üzrə "ya davam edirik, ya da dayandırırıq" seçimi qoyulmaqla Paşinyanın "iki stulda oturmaq" taktikası sıradan çıxarılır. Bütün beynəlxalq təzyiqlərə və İrəvanın KTMT iclaslarını boykot etməsinə baxmayaraq, Paşinyanın Moskvaya səfər etməyə razılıq verməsi Ermənistanın Rusiyadan olan kəskin iqtisadi və energetik asılılığının etirafıdır. Moskva bu səfərlə Qərbə də mesaj verir ki, İrəvanın son sözü dediyi yer hələ ki, Brüssel və ya Vaşinqton deyil, məhz Kremldir.
Beləliklə, Bişkek görüşü və onun ardından verilən bəyanatlar göstərdi ki, Moskva İrəvanın Qərb və Şərq arasında manevr etmək cəhdlərinə dözüm göstərmək niyyətində deyil. Paşinyanın Moskvaya gözlənilən səfəri Ermənistan rəhbərliyi üçün sadəcə növbəti siyasi təmas deyil, "qərar anı" olacaq. İrəvan ya Qərbə inteqrasiya xəttini seçərək Rusiya ilə iqtisadi və hərbi əlaqələrin kəsilməsinin ağır nəticələrinə qatlanmalı, ya da Kreml ilə münasibətləri bərpa edərək Aİ iddialarından geri çəkilməlidir.
Turqut