Logo
news content
User
Kateqoriyalar

Xəbər

Nepalda fəlakətdə ölənlərin sayı 1200-ü keçib, sağ qalanları tapmaq ümidi azalır

Nepalda ötən həftə baş verən sel fəlakətində ölənlərin sayının 1204-ə yüksəldiyi, 4216 nəfərin isə hələ də itkin olduğu bildirilib.

Bu barədə Nepal Milli Fəlakət Risklərinin Azaldılması və İdarə Edilməsi Qurumu (NDRRMA) açıqlama verib.

Hazırda bölgədə axtarış-xilasetmə işləri davam etdirilir. Sel sularının apardığı 8 müxtəlif ərazidən meyitlərin çıxarıldığı bildirilib. Amma minlərlə itkin şəxsin sağ tapılacağına ümid azalır. 

Nepal hökumətinin rəsmisi Fanindra Paudel bildirib ki, sağ qalanların tapılması ehtimalı getdikcə azalır.

Xilasedicilər su elektrik stansiyalarının tunellərində sağ qalanların ola biləcəyinə ümid edirlər. Ordunun sözçüsü deyib ki, bu stansiyaların yeraltı hissələrində insanların sığına biləcəyi otaqlar və boş sahələr var.

Xilasetmə əməliyyatlarına Hindistan, Çin və ABŞ-dən xüsusi qruplar da qoşulub.

Fəlakət nəticəsində 301 nəfərin yaralandığı, helikopterlərin də iştirak etdiyi xilasetmə əməliyyatları zamanı 11993 nəfərin təxliyə edilərək xilas edildiyi açıqlanıb.

Hazırda 4216 nəfər itkin hesab olunur. İtkinlər arasında təxminən 900 hidroelektrik stansiya əməkdaşı və 583 xarici ölkə vətəndaşının olduğu bildirilir.