Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kiyevdə SBU ilə "Müdafiə Qüvvələrinin bölməsi" arasında atışma olub

Kiyevdə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) hazırladığı iddia edilən terror aktını araşdıran Ukrayna Təhlükəsizlik Xidməti (SBU) əməkdaşları silahlı hücuma məruz qalıb. Məlumatı SBU yayıb. Hadisə nəticəsində yaralananların olduğu bildirilir.

"Ünvanlardan birində axtarış aparılarkən bir qrup şəxs SBU-nun əməliyyat-istintaq qrupuna silahlı hücum edib. Onlar istintaq hərəkətlərinə mane olmağa çalışıb, avtomobillərlə hüquq-mühafizə əməkdaşlarının yolunu bağlayıblar", – SBU qeyd edir.

Məlumata görə, hücum edənlər saxlanılıb, onlar Ukrayna Müdafiə Qüvvələrinin bölmələrindən birinin üzvləridir. Ancaq konkret hansı qurumdan söz getdiyi açıqlanmayıb.

SBU əməkdaşlarına hücum edənlər kimlərdir

"Ukrainska Pravda" isə atışmanın SBU ilə Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QUR) nümayəndələri arasında baş verdiyini yazıb. Nəşrin mənbələrinə görə, tərəflər silahı yerə qoymaq barədə razılığa gəliblər, bundan sonra istintaq hərəkətlərinə başlanılıb.

Hadisə yerinə Dövlət Təhqiqat Bürosunun müstəntiqləri, SBU-nun "Alfa" Xüsusi Əməliyyatlar Mərkəzinin xüsusi təyinatlıları da gəliblər. Araşdırma gedir.

Bundan əvvəl SBU FSB-nin hazırladığı iddia olunan terror aktının qarşısını aldığını açıqlamışdı. Ukraynanın Müstəqillik Günü ərəfəsində ölkəyə gəlmiş Rusiya müxalif siyasi milli hərəkatının liderlərindən birinə qarşı sui-qəsd planlaşdırıldığı bildirilirdi. "RBK-Ukrayna"nın məlumatına görə, söhbət Rusiya Könüllülər Korpusunun (RDK) komandir müavini Stepan Kaplunovdan gedir.

RDK sentyabrın 1-də bildirib ki, Kaplunovu öz evinin həyətində naməlum şəxslər qaçırıb. Onun vəkilləri Dövlət Təhqiqat Bürosuna müraciət ediblər, qurum şikayətin daxil olduğunu təsdiqləyib.

Kaplunovun vəkili Taras Borovski iddia edir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları onun müvəkkilinin evinə gəliblər, Kaplunovun döyüş yoldaşları hadisə yerinə çatınca atışma başlayıb. Vəkilin sözlərinə görə, sonradan hadisə yerinə QUR xüsusi təyinatlı bölməsinin "Timur" ləqəbli komandiri də gəlib.