Logo
news content
User
Kateqoriyalar

Analitika

Paşinyana təhlükəli xəbərdarlıq: “Hakimiyyətdən getməyə məcbur etmək...”
“Qarabağ klanı” Kremldən düymənin basılmasını gözləyir

Azərbaycanla Ermənistan arasında sülh danışıqları konkret nəticəyə yaxınlaşdığı an, həmişə olduğu kimi, Ermənistandakı revanşist qüvvələr hərəkətə keçib.

Son aylarda iki ölkə rəhbərinin və baş diplomatların ümidverici təmasları Kişinyovda bu gün işə başlayan Sammitdə çərçivə sazişinin imzalanacağına inamı artırırdı. Xüsusilə, Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü, keçmiş Dağlıq Qarabağ bölgəsi də daxil olmaqla, tanıdığını bəyan etməsi bu inamı daha da möhkəmləndirirdi.

“Eks”-lərin reaksiyası özünü çox gözlətmədi. Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan “Sputnik Armenia” agentliyinə açıqlamasında bildirib ki, hələ də Dağlıq Qarabağın təslim olmasının qarşısını almaq olar. O, ABŞ Dövlət Departamentinin nümayəndəsinin Azərbaycan prezidentinə ünvanlanmış reveransını Ermənistan üçün daha bir alçaldıcı addım adlandırıb.

1998-2008-ci illərdə Ermənistan Xarici İşlər Nazirliyinə rəhbərlik etmiş keçmiş yüksək rütbəli diplomat Departamentin mətbuat katibi Metyu Millerin “Vaşinqton İlham Əliyevin amnistiyaya hazır olmasını “alqışlayır”” bəyanatını bu cür qəbul edib.

Oskanyanın sözlərinə görə, 2018-ci ildə hakimiyyət dəyişikliyindən sonra, erməni xalqının yanlış seçim etdiyi üzə çıxandan bəri ölkə rüsvayçılıq burulğanında qalıb. Güman edilirdi ki, bu rüsvayçılığın zirvəsi 44 günlük müharibədəki məğlubiyyətdir, amma məlum oldu ki, belə deyilmiş.

Keçmiş nazir qeyd edib ki, əsas rüsvayçılıq qarşıdadır: Nikol Paşinyan Dağlıq Qarabağı şifahi şəkildə təslim edib və tezliklə, sözsüz ki, yazılı şəkildə də edəcək.

Eyni zamanda o, amerikalıları günahlandırmağa da meylli deyil. Keçmiş xarici işlər nazirinin nöqteyi-nəzərincə, bir günahkar var - Ermənistanın indiki hakimiyyəti. Və bu alçaldıcı vəziyyətdən və situasiyanın dönüş nöqtəsindən yeganə çıxış yolu ictimai təzyiqlə onu hakimiyyətdən getməyə məcbur etməkdir.

Oskanyan əmindir ki, dünya erməniliyinin bu “tarixi ədalətsizliyə” etiraz etməkdən və Dağlıq Qarabağın təslim edilməsi prosesindən əl çəkməyi tələb etməkdən vacib vəzifəsi yoxdur.

"İndi Nikol Paşinyan Kişinyovdadır. Onun sənədi imzalayıb-imzalamayacağını bilmirəm, amma danışıqların nəticəsi hər kəs üçün əvvəlcədən müəyyən edilib. Hesab edirəm ki, Ermənistanın bu gün Azərbaycanla hər hansı sənəd imzalamaqdan yayınmaq imkanı var. Bunun hər kəs üçün başa düşülən haqlı səbəbləri var”, - eks-nazir hesab edir.

Amma əgər Paşinyan hələ də sənədi imzalamaq istəyirsə, o zaman bunu Dağlıq Qarabağın gələcək statusu ilə bağlı qeyd-şərtlərlə etmək lazımdır. 

Beləliklə, Paşinyan üçün hazırda ən böyük təhlükə öz ölkəsinin daxilindədir. Keçmiş hakimiyyət nümayəndələrinin içərisində Oskanyan hələ ən “məxməri” dillə danışanıdır. Moskvaya bağlı, həm də Azərbaycan torpaqlarının işğalında və hərbi cinayətlərdə iştirak etmiş “Qarabağ klanı” Kremldən düymənin basılmasını gözləyir. Ölkə daxilində etiraz və iğtişaşların, hakimiyyətə və şəxsən Paşinyana qarşı fiziki terror da daxil olmaqla, hər cür təzyiqlərin ediləcəyi gözlənilir.

Press Klub