Logo
news content
User
Kateqoriyalar

Analitika

“Pakt ideyasından fransız ətrinin qoxusu gəlir”
Ekspert: “Regionda siyasi və diplomatik yollarla sülhə nail olmaq cəhdləri uğurlu olmayacaq” 

Ermənistan Azərbaycanı, sülh müqaviləsinin imzalanması prosesi gecikdiyi təqdirdə, bir-birinə hücum etməməklə bağlı pakt imzalamağa çağırıb. “Armenpress” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ordu gününə həsr olunan çıxışı zamanı deyib.

Biz Azərbaycana silahlar üzərində qarşılıqlı nəzarət mexanizminin tətbiqini təklif etdik. Eyni zamanda, sülh müqaviləsinin imzalanması uzun sürərsə, bir-birinə hücum etməmək barədə pakt imzalamaq da təklif olunub”, - Paşinyan bildirib.

“Bir daha qeyd edirəm, Ermənistan Respublikasının öz suveren ərazisindən başqa heç bir digər əraziyə iddiası yoxdur və heç kim Ermənistan Respublikasının heç bir ərazisinə iddia edə bilməz. Dediyim kimi, biz belə möhkəm və geri dönüşü olmayan zəmanətlər verməyə hazırıq, amma başqalarından da analoji zəmanətlər gözləyirik.

Biz bu yolla getməyə hazırıq və bundan əlavə, Azərbaycana bir neçə təhlükəsizlik zəmanəti mexanizmi təklif etmişik. Məsələn, qoşunların Ermənistan SSR və Azərbaycan SSR-in inzibati sərhədindən qarşılıqlı olaraq geri çəkilməsi. Bu sərhəd 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq dövlət sərhədinə çevrilib və Ermənistanla Azərbaycan 2022-ci il oktyabrın 6-da Praqada bunun əsasında bir-birinin ərazi bütövlüyünü tanıyacaqları barədə razılığa gəliblər. Qoşunların qarşılıqlı şəkildə geri çəkilməsi Azərbaycan SSR-in bütün ərazilərinin Azərbaycanın, Ermənistan SSR-in bütün ərazilərinin isə Ermənistanın nəzarəti altında olmasına imkan verəcək.

Biz Azərbaycana sərhədin silahsızlaşdırılmasını da həyata keçirməyi təklif etdik”.

Paşinyan qeyd edib ki, Ermənistan sülh gündəliyinə sadiqdir və ondan dönməyəcək.

Bir-birinə hücum etməmək paktı maraqlı təşəbbüsdür. Sanki tərəflər arasında müəyyən anlaşılmazlıq, gərginliyin artması və ya sülh prosesinin ləngiməsi halında belə, nə Bakı, nə də İrəvanın ölkələrimiz arasında irimiqyaslı hərbi əməliyyatların bərpası barədə qərar verməyəcəklərinə əlavə təminatdır. 

Paşinyandan gələn bu təklifi necə qiymətləndirmək olar? Azərbaycan rəhbərliyi buna necə reaksiya verməlidir? Razılaşmaq lazımdırmı?

Müstəqil analitik Rəşad Rzaquliyev mövzu ilə bağlı fikirlərini old.pressklub.az-la bölüşüb. Amma açığını desək, onun fikirlərini nikbin adlandırmaq olmaz.

O, ilk növbədə qeyd edib ki, Azərbaycan Xarici İşlər Nazirliyi artıq Ermənistan Baş nazirinin bu təşəbbüsünə mənfi münasibət bildirib.

Bura əlavə ediləcək heç nə yoxdur. Təəccüblüdür ki, erməni tərəfi Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi ideyası ilə bağlı kobud provokasiyanı ölkə rəhbəri səviyyəsində aparır.

Şübhələnirəm ki, pakt ideyası kənar qüvvələr tərəfindən ortaya atılıb və ondan fransız ətrinin qoxusu gəlir. Bu təklif dolayısı ilə Avropa siyasi elitasının bir hissəsinin Cənubi Qafqaz regionunda aqressiv planlarının göstəricisidir və bizi ötən əsrin 30-40-cı illərinin analogiyasına qaytarır. Biz keçmişdə bu cür paktların necə nəticələndiyini yaxşı bilirik”, - Rzaquliyev deyir.

Onun fikrincə, nə qədər acınacaqlı olsa da, sülhün regionumuza tez bir zamanda gəlməyəcəyi və Cənubi Qafqaz dövlətlərinin indiki sərhədlərinin mövcudluğu faktının beynəlxalq hüquq formatından çıxa biləcəyi fikrini etiraf etmək lazım gəlir.

Regionda bu vəziyyəti təhrik edən Ermənistan tərəfinin mövqeyidir. Rusiya, İran, Türkiyə, Fransa, Aİ, ABŞ, Böyük Britaniya, İsrail, Çin, Hindistan və Pakistanın maraqlarını toqquşduran revanşist Nikol Paşinyan administrasiyası açıq-aydın qanlı Böyük Yaxın Şərq müharibəsinin təhrikçisi mövqeyində durub.

Əminəm ki, Azərbaycanın regionda siyasi və diplomatik yollarla sülhə nail olmaq cəhdləri təəssüf ki, uğurlu olmayacaq. Və bunu nə qədər tez dərk etsək, bir o qədər az itkilərlə evimizə əmin-amanlıq gətirərik...” - analitik yekunlaşdırıb.*

Rauf Orucov