Logo
news content
User
Kateqoriyalar

Analitika

Ombudsman təkliflərlə çıxış etdi

Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva parlamentə təqdim etdiyi 2020-ci il üzrə illik məruzəsində qanunvericiliyə bir sıra dəyişiklilər təklf edib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində bu barədə müzakirə aparıldıqdan sonra məruzənin plenar sesiyaya təqdim olunması qərara alınıb.

Bəs, Ombudsmanın təklifləri nədən ibarətdir?

Əvvəlcə onu qeyd edək ki, məruzədə vətəndaşlara göstərilən hüquqi yardımın keyfiyyətini artırmaq məqsədilə vəkillərin ixtisaslaşmasının təşkilinə böyük ehtiyac olduğu bildirilir. Ombudsman vəkillik peşəsinə qəbul zamanı namizədlər üçün müəyyən edilmiş tələblər siyahısından hüquqşünas ixtisası üzrə iş stajına, habelə elmi və pedaqoji təhsil müəssisələrində hüquq sahəsində üç ildən az olmayan müddətdə fəaliyyətə dair tələbin çıxarılmasını, eyni zamanda hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi olan, habelə dövlət qulluğunda hüquqşünas ixtisası üzrə azı 7 il fasiləsiz iş stajına malik şəxslərin yazılı test vermədən və icbari təlimə cəlb olunmadan, yalnız şifahi müsahibədən keçməklə, hakim olmuş şəxslərin isə yazılı test vermədən, şifahi müsahibədən keçmədən və icbari təlimə cəlb olunmadan vəkil olmasına imkan yaradılmasını məqsədəuyğun sayır.

Digər təkliflər aşağıdakılardır:

- Uşağın doğulmasına görə ailələrə ödənilən müavinətlərin məbləği artırılsın. (Hazırda 200 manat təşkil edir);

 - Uşağın saxlanılması üçün təyin edilmiş alimentin ödənilməsi üçün Aliment Fondu yaradılsın;

 - Şəxsin ölkədən çıxışına məhdudiyyət yalnız məhkəmə qərarı əsasında qoyulsun və bu barədə müvafiq şəxsin əlaqə vasitələrinə xəbərdarlıq bildirişi göndərilsin;

 - Baş örtüyü ilə pasport şəkli çəkdirilməsinə icazə verilsin;

 - Hərbçilərə ödənən kirayə, ərzaq, nəqliyyat pulu artırılsın;

 - Məhbusların videozənglər etməsinə icazə verilsin;

 - Məhbusların ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirakının təmin edilməsi üzrə mexanizm hazırlansın;

 - Dövlət qəbul komissiyası tərəfindən istismarına icazə verilməyən, dövlət reyestrində qeydiyyata alınmayan və sığorta edilməyən çoxmənzilli binalarda mənzillərin satılmasına qadağa qoyulsun;

 - Uşağın doğulmasına görə; radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün, habelə dəfn üçün nəzərdə tutulmuş müavinətlər artırılsın;

 - Ailə başçısını itirməyə görə və 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə ödənilən müavinətlərin məbləği artırılsın.

Ombudsmanın vəkillik barədə təkliflərini “Press Klub”a şərh edən hüquqşünas Xalid Ağəliyev bu təklifləri bölüşmədiyini söyləyib:

“Təkliflərin mahiyyəti həm də odur ki, dövlət qulluğunda çalışmış hüquqşünaslar, hakim olmuş şəxslər daha rahatlıqla vəkil ola bilsinlər. Dövlət qurumlarında çalışmaq, hakim olmaq rahatlıqla vəkil ola bilmək anlamına gəlmir. Təkliflərdə həm də iş stajı, hüquq sahəsində üç ildən az olmayan müddətdə fəaliyyətə dair tələbin çıxarılması tövsiyə olunur. Bunlar hesab edirəm ki, təklif naminə təklifdir”.

Ağəliyevin sözlərinə görə, əgər doğrudan da məqsəd daha hazırlıqlı, bilikli hüquqşünasların vəkil ola bilməsi imkanlarının yaxşılaşdırılmasıdırsa, qeyd edilən təkliflər buna gətirib çıxarmayacaq:

“Vəkilliyə gedən yoldakı əsas baryer şifahi imtahanlardır. Şifahi imtahan, sorğu-sual etmə Azərbaycanda vəkillərin sayındakı, bu institutun inkişafındakı başlıca əngəldir. Məhz bu əngəl yüzlərlə müstəqil, bacarıqlı, bilikli hüquqşünasın vəkilliyə yolunu bağlayıb. Şifahi imtahanlar aradan qaldırılmalıdır, mən ombudsmandan belə bir cəsarətli təklif gözləyərdim”.

Ombudsmanın hərbçilərə ödənilən kirayə, ərzaq, nəqliyyat pulunun artırılması barədə təklifinə münasibət bildirən hərbi ekspert Ədalət Verdiyev isə “Press Klub”a açıqlamasında dedi ki, hərbçilərə verilən ərzaq pulunun 100, nəqliyyat xərclərinin isə 50 faiz artırılması gözlənilir:

“Nəqliyyat xərclərini artırmaya da bilərlər, çünki heç vaxt zabitlərə bu adda vəsait ödənilməyib. Bizə 80 manat veteran müavinəti ödənilir ki, həmin vəsait kommunal xərclərin qarşılanması üçün nəzərdə tutulur. Onu da ya 100 manat edərlər, ya da 150”.

İqtisadçı Samir Əliyev Ombudsmanın təkliflərində yer alan sosial məsələlərlə bağlı fikirlərini açıqlayıb. Ekspert əvvəlcə vurğulayıb ki, insan hüquqları üzrə müvəkkilin əsas fəaliyyət istiqamətlərindən biri qanunlarda insan haqlarını məhdudlaşdıran maddələrin yumşaldılması ilə bağlı təkliflər verməkdir, onları sərtləşdirib, bir qüvvənin mənafeyinə yönəltmək yox.

Səbinə Əliyevanın “Dövlət qəbul komissiyası tərəfindən istismarına icazə verilməyən, dövlət reyestrində qeydiyyata alınmayan və sığorta edilməyən çoxmənzilli binalarda mənzillərin satılmasına qadağa qoyulsun” təklifinə gəlincə, S. Əliyev qeyd etdi ki, hər kəs aldığı mənzilin bütün sənədlərinin qaydasında olmasını istəyir, reallıqda isə fərqli vəziyyət hökm sürür:

“Məsələn, bir vətəndaş ev alıb, amma onun Çıxarışı yoxdur. Vətəndaş həmin evi satmaq istəyərkən nə edəcək? Azərbaycanda çoxlu sayda mülklər var ki, “kupça”sı yoxdur. Xüsusən, kənd yerlərində 80-90 faiz insanların evlərinin Çıxarışı mövcud deyil. Demək, onlar mənzillərini sata bilməzlər. Fikrimcə, Ombudsman bundan öncə Azərbaycandakı bütün mənzillərin Çıxarışla təmin olunmasını təklif etməli idi. Bu sahədə vəziyyət heç də ürəkaçan deyil”.

Əliyev bildirdi ki, dövlət tərəfindən istismara qəbul edilməmiş binalarda yaşayış müzakirə mövzusudur:

“Bina hazır deyilsə, orada yaşamağa icazə verilir. Çünki binaların istismara qəbul edilməsi məsələsi bəzən illərlə uzanır. Bu zaman vətəndaşlar nə etməlidirlər? Kirayələrə böyük vəsait ödəyib, orada qalmağa məhkum olmamalıdırlar. Problemləri birtərəfli işıqlandırmaq, təqdim etmək həmişə ciddi problemlər yaradır”.

Turqut